BAKI, 27 sen — Sputnik. "Dağçılıq məktəbi" 2016-2017 —ci il üçün dərslərə başlayır. Bu barədə Sputnik-ə "Dağçılıq məktəbi"nin rəhbəri Babək Orabanlı məlumat verib.
"2009-cu ildən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən "Dağçılıq məktəbi" 2016-2017-ci illər üçün dərslərə başlayır. Federasiyamız dağçılığa yeni başlayanlar üçün 2016-2017-cı il üzrə tədris qruplarına dinləyici qəbulu elan edir", — Orabanlı deyib.
Onun sözlərinə görə, müraciət üçün yaş məhdudiyyəti qoyulmayıb: "Yaş həddimiz yoxdur. Hər kəs bizim məktəbə yazıla bilər. 7 yaşından 77 yaşına kimi hər bir kəs bu idman növü ilə məşğul ola bilər".
Məktəbin rəhbəri bu idman növünün olimpiya idman növü olduğundan, daha çox diqqət ayrılacağını da qeyd edib: "Qarşıya qoyduğumuz məqsədlər çoxdur. 2020-ci il olimpiadasına kimi peşəkar idmançılar yetişdirmək, eyni zamanda vətənpərvər, sağlam insanlar yetişdirmək istəyirik".
Qeyd edək ki, "Dağçılıq məktəbi"nin dərslərinə 10 oktyabr 2016-cı ildə start veriləcək. Dərslər həftədə iki dəfə olmaqla təcrübi və nəzəri keçiriləcək. Qeydiyyatın son tarixi 5 oktyabr 2016-cı ildir.
İştirak üçün Ş\V surəti, 3x4 üç ədəd fotoşəkil, tibbi arayış lazımdır. Bu sənədlərlə FAIREX-in ofisinə yaxınlaşın.