BAKI, 27 sen — Sputnik. Son günlər ADO teatrının aktyorlarının səhnəyə pamperslə çıxması müzakirə mövzusuna çevrilib. Təqdimatı avqustun 26-da baş tutan "GOTT və ya Cənnətin işğalı" adlı tragikomediyada aktyorlar səhnəyə yarıçılpaq vəziyyətdə, daha dəqiq desək, pampersdə çıxıblar. Əlbəttə, məlum cəmiyyətimizdə belə bir cəhd birmənalı qarşılana bilməzdi. Hələ ki, səhnəyə pampersdə çıxarılan obrazlar Adəm və Həvvadırsa…
Tamaşanın müəllifi və rejissoru olan teatrın təsisçisi və bədii rəhbəri Elmin Bədəlovun öz təbirincə desəm, Adəm və Həvvanı çarşabda göstərmək məntiqə sığmazdı. Əncir yarpağı da artıq dəbdən düşüb.
Əslində, bu əncir yarpağı məsələsi də bir ayrı söhbətin mövzudur. Bir əncir yarpağı insanın məlum yerlərini nə dərəcədə örtə bilər ki? Üstəlik, əncir yarpağı dərini qaşındırır. Bu baxımdan pampers daha uyğun variantdır və bu uğurlu tapıntıya görə rejissoru yalnız təbrik etmək olar.
Elə Elmin Bədəlovu bu uğurlu tapıntıya görə, eyni zamanda yenilikçiliyinə görə təbrik edən sənət adamları da oldu. Amma öz cəfəng dəyərlərini əlində bayraq tutub od püskürən əxlaqşüvən xalq artistləri və başqa sənət adamları da özünün sənətə barbar münasibətini sərgiləməkdən çəkinmədilər.
Əgər bu gün bir nənə obrazını Azərbaycan tamaşaçısına bikiniylə çimərlikdə günəşlənərkən göstərsən, bütün yeddiqat güllü tumanlı nənələrin dilindən sənə qalaq-qalaq söyüşlər və qarğışlar ünvanlayar. Hələ mərhum aktrisamız Nəsibə xanım Zeynalovanın nənə obrazlarından da misal çəkib əxlaq dərsi keçməyə başlayacaq. Və sən ona heç cür izah edə bilməyəcəksən ki, Nəsibə Zeynalovanın ifa etdiyi nənələrin sonuncusu da yalnız ağ-qara fotoşəkillərdə yaşayır.
Yaxşı bəs müasirliyə, yeniliyə qarşı bu qəzəb nədən qaynaqlanır? Hələ bir sıra adamlar yeniliyin soyunmaq olmadığını deyib, nəsə böyük bir teoremi isbat etmiş kimi qürrələnirlər də. Sanki bu gənc yaradıcı nəsil yeniliyin soyunmaq olmadığını bilmir…
Əslində, bu gənc yaradıcı nəsil onların hamısından çox bilir. Məsələn, sözügedən tamaşaya etiraz edən, bunu mənəviyyata ləkə adlandıran xalq artisti Ramiz Məlik müasir incəsənətimiz üçün ADO teatrının kollektivi qədər zəhmət çəkmiyib. Onun və yaşıdlarının bütün xidmətləri tarixin 20-ci əsrində qalıb. Nə təfəkkürləri, nə də zəhmətləri 99-cu ilin sərhədini keçə bilməyib. Bu adamların gənc yaradıcı nəsilə qəzəblənmələri də acınacaqlı patologiyanın əlamətlərindən qeyri bir şey deyil.
Azərbaycanda ilk müstəqil teatr olan ODA teatrı, daha sonra ADO teatrı və hal-hazırda yaranmaqda olan digər teatrlar müasir mədəniyyətin inkişafı üçün təməllərdir. Bütün sənət adamlarının bu teatrlara dəstək olması gərəkdiyi halda onların müxtəlif pərdələr altında bu fədakar gənclərə qarşı çıxması dəhşətlidir.
Bu yerdə böyük tənqidçi, filosof Valter Benjaminin bir sözü yada düşür: "İnsan qurtulmadıqca, əzilənlər əzənlərdən intiqam almadıqca, mədəniyyət də bir barbarlıq nümunəsi olmaqdan qurtulmayacaqdır!"
Hər hansı bir bədii əsərdə, teatr tamaşasında, filmdə çılpaq səhnə görüb qəzəblənən sözdə ziyalı zümrənin nümayəndələri kiçik bir məbləğdən keçib o əsərlərin yaradıcılarına dəstək olsalar, yaxud özlərinin nüfuzundan yararlanıb bu gənclərə də kömək etsələr, daha yaxşı olmazmı? Məsələn, hər dəfə ölkənin ilk müstəqil teatrı haqqında ağıla gələ biləcək bütün növ təhqirləri səsləndirən Ramiz Məlik, aldığı Prezident təqaüdündən beşcə manat ayırıb bu teatrın tamaşasına gedə bilər. Daha sonra tənqidi fikirlərini də yayımlamaq ixtiyarına sahib olar. Əlbəttə, tənqidi, təhqiri yox…
Henrik İbsenin "Per Günt" əsərində qəhrəman tək başına və pulsuz qaldıqda belə deyir: "Həyat varsa, ümid də var deməkdir!" Digər tərəfdən Valter Benjaminin səsi gəlir: "Əgər əlimizdə ümid deyə bir şey qalmışsa, bu, ümidsizlik adınadır!"
Xülasə, bu qəzəbli, od püskürən yaşlı nəsilin nə vaxtsa gəncliyə sevgiylə yanaşacağına ümid bəsləmək də, əslində, ümidsizlik deməkdir…