BAKI, 16 sen — Sputnik. İsmayıllı Azərbaycanın cənnət bölgələrindəndir. Təbiəti o qədər gözəldir ki, sanki Yaradan bu bölgəyə xüsusi özən göstərib. Rayonun təbiəti kimi insanları da gözəldir — xoşxasiyyət, mehriban və sakit.
Həftəsonu yolum İsmayıllıya düşmüşdü. Yolboyu qutab bişirən, fındıq satan, turşu satan maraqlı insanlarla həmsöhbət oldum.
Əvvəlcə balaca Yasin və Yusifdən başlayaq. Onlar İsmayıllı yolunun kənarında maşınların qarşısına qaçıb fındıq satırlar. Yasin bu ildən birinci sinfə gedir. Yusif isə artıq ikinci sinfə keçib.
Yasin avtomobilim qarşısına qaçır:
— Məndən fındıq al da…
— Neçəyə verirsən?
— İkisinə 3 manat verərsən.
— Baha vermirsən?
Və Yasin başlayır: "Bilirsiniz, onun kilosunu 50 manata alırıq e. Sonra onu sındırıb təmizləyirik, paketə də pul veririk, hələ günün altında durub satırıq da. Sən deyirsən, 3 manat bahadır?".
O, keçən ildən qardaşına qoşulub fındıq satır. Hər iki qardaşın büdcəsi də ayrıdır. Yusifdən alan Yasindən almadısa, Yasinin qanı qaralır, gözləri dolur.
Yusif fındıq satmaqdan xoşu gəldiyini deyir. İşindən yorulmur, əksinə zövq aldığını bildirir: "Fındıq satanda pulumuz çox olur".
Yaşlarının az olmasına baxmayaraq, bütün pulları tanıyır və hesabı da yaxşı bacarırlar. Yasinə deyirəm, xırdam yoxdur. "Sən ver, mən xırdalıb gətirərəm, amma yüzlük olmasın, burda yüzlüyə xırda tapılmır" cavabını verir.
Balaca qardaşları da var Yusiflə Yasinin. Biri 4 yaşındadır, digəri isə hələ bir yaşına çatmayıb.
Yusiflə danışa-danışa uzaqdan orta yaşlı bir kişinin bizi müşahidə etdiyinin fərqinə varıram. Yaxına gəlmir, baxışlarını da uşaqlardan ayırmır. Uşaqların valideyni olduğunu hiss edirəm.
Sağollaşda Yasin "nolar, yanıram, mənə su ver" deyir. Su verirəm, əvəzində şəklini çəkməyimə icazə verməsini xahiş edirəm. Gülür: "Nə qədər istəyirsən, çək".
Yolboyu turşu, kəklikotu, müxtəlif kompotlar, itburnu satanlar da avtomobillərin qarşısına çıxır. Söhbətləşdiyim Nərgiz xala danışır ki, özləri avtomobillərə yaxınlaşmasa, çox az adam avtomobil saxlayıb nəsə alır.
"Ailəmizin çörək pulu buradan çıxır. Mənim məhsullarımın hamısı təbiidir. Mən kəklikotunu 1 manata verirəm, çəkisi azdır, amma qatma deyil, özüm yığıram, quruduram, 50 qram çəkilərə bölüb satıram. Turşuları da özümüz quruduruq. Əvvəllər başqa cür qurudurduq. İndi hamı da standartdır", — deyir Nərgiz xala.
Dediyinə görə, İsmayıllıda turşu qurudulması ilə məşğul olan xüsusi sexlər də var: "Onlar turşuları qapalı şəkildə qurudur. Bu da deyilənə görə, gigiyenik baxımdan təmizdir. Turşu 1 manatadır. Hamı eyni qiymətə satır. İtburnu 1 manat, nanə qurusu 2 manatadır. Bizim də çörək pulumuz buradan çıxır. Şükür olsun Allaha. Yoxa lənət".
İsmayıllının daha bir dilbər guşəsində qutab bişirən qadın var — Gülnaz xala. Hər zaman yolum oradan düşəndə onun bişirdiyi qutabdan alıram. Baha deyil — bir qutabı 2 manata satır. Qutab da necə qutab! Bakı qutabı kimi balaca deyil. Birini yeyirsən, elə bil 4-nü yemisən.
Deyir ki, ailənin kişiləri Rusiyaya gedəndən sonra o da qutab bişirməyə başlayıb. Əvvəl qapısında satırmış. Sonra yol kənarında bir taxta atıb bişirməyə başlayır. İndi daha çox qazanır.
Bişirdiklərindən özü də yeyir, balaları da: "Özüm əslən Qubadanam. Amma tale elə gətirib ki, İsmayıllıya köçmüşəm. Sonra yoldaşım rəhmətə getdi. İki oğlum da Rusiyaya gedəndən sonra 6 nəvəmə özüm baxmalı oldum. Gündə ən azı 40 manatım olur. Balalarımın balaları ac qalmır".
İsmayıllının istirahət mərkəzlərində qiymətlər də münasibdir. Məsələn, Qəbələdə bir günü 60 manata olan koteclər burada 40 manatadır. Əgər istirahət mərkəzində yemək yesən, bir az da endirim edirlər.
Qaldığımız mərkəzin icarədarı deyir ki, daimi müştərilərə ayrıca güzəştlər də tətbiq olunur. Baxmayaraq ki, qarşıdan qış gəlir, "İsmayıllının qışı da gözəl olur — sakit və hüzurverici, gəlin" — deyir.