İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. Biri dağılmış hasarını hördürür. Ustaya da günorta yeməyini şor-pendir-çörək verir. Usta da şəkili imiş. Kişi axşam gəlib görür ki, hasar ordan-burdan hörülüb, həyət görünür.
Deyir: Ay usta, bu necə hasardır, hörmüsən?
Usta cavab verir:
Sən mənə verdin şordan-mordan,
mən də hördüm ordan-burdan.
Sən mənə versəydin ətdən-mətdən
mən də hörərdin bənddən.
Bu lətifəni mənə şəkili Bəhram dayı danışmışdı. Ötən həftə yolum Şəkiyə düşmüşdü. Dedim, gəzim-dolanım, həm şəkililəri tanıyım, həm də Şəkini. Bu yaşa qədər nə Şəkidə, nə də Xan Sarayında olmuşdum. Odur ki, Şəkidə ilk yolumu Xan Sarayından saldım.
"Məmmədhəsənxan divanxanası"
Deyilənə görə, Şəki xanı özü üçün misli-bərabəri olmayan bir saray tikdirməyə qərara gəlir. Çox axtarır və nəhayətində bu sarayın tikintisini bir memara tapşırır. Saray hazır olur və xanının çox xoşuna gəlir.
Xan memarı çağırır və soruşur: "Bundan yaxşı saray tikə bilərsənmi?". Memar "hə" deyə cavab verir və xan onun sarayı kimi saray olmasın deyə, memarı öldürtdürür. Həmin vaxtdan Şəki Xan Sarayına "Məmmədhəsənxan divanxanası" deyilir.
1819-cu ildə bu binada şəhər məhkəməsi yerləşirdi. Sonradan onu muzeyə çevirdilər. İndi Xan Sarayı muzey kimi Mədəniyyət Nazirliyinin balansındadır və nazirliyin icazəsi olmadan muzeydə heç bir çəkilşə icazə verilmir. Yəni bilet alıb içəri keçsən də, şəkil və ya video görüntü çəkə bilməzsən.
Biletin qiyməti 2 manatdır. 2 manat verib bütün saraya baxa bilirsən, sonra qarşısına keçib, şəkil çəkdirə bilərsən.
Bəram dayını da Şəki Xan Sarayının qarşısında gördüm. Tütək çalırdı həzin-həzin: "Apardı sellər saranı", "Sarı gəlin", "Gecələr"…
"Şadlıq saraylarında toy edirlər deyə, boşanmalar artıb"
Qəmli notlar üzərində köklənmiş musiqi adamın ürəyini oxşayırdı. Yaxınlaşdım, adını soruşdum. İfasını dayandırıb, söhbətə başladı.
Deyir, 30 ildir tütək ifa edir. Çıxarıb 1 manat verdim ona, bir musiqi ifa edib, dayandı. Dedi, "sən mənə verdin şordan-mordan, mən də ifa etdim ordan-burdan"…
Sonra Bəhram dayı bütün lətifəni danışdı, güldük. Maraqlı ləhcələri var Şəkililərin, şirin, dadlı-duzlu-məzəli.
Həmsöhbətimiz Şəkidə toylarda da tütək çalır: "Toylara gedirəm. 2 manat verəndə 2 manatlıq ifa edirəm, yola verirəm, 10 manat verəndə 10 manatlıq ifa edirəm. İndi toylar çox olsa da, mənasızdır. Hamı "Cimi-Cimi"yə qulaq asır. Ona görə də, 6 ay qalmır, boşanırlar. Bir adam səni neçə dəfə toyuna çağırar? Əvvəl bir arvad alırdın, ölənə kimi qalırdı yanında. İndi cəmi 6 ay "sroku" var".
Bəhram dayının dediyinə görə, Şəkidə toylar çox olur, amma boşanmalar ondan da çoxdur: "Bilirsiniz, boşanmalar niyə çoxdur? Əvvəl həyət toyu olurdu, hamı girib qapıdan deyirdi ki, "Allah xoşbəxt eləsin". İndi hamı şadlıq sarayında toy edir, camaat girib paketini atıb, yeməyini yeyib, çıxır. Heç kim xeyir-dua vermir. Xeyir-dua çox önəmlidir".
Gecəsi 200 manata da hotel var, 70 manata da…
Bəhram dayı ilə sağollaşıb, ayrılıram. Deyirlər, Şəkidə maraqlı abidələr çoxdur. Mən də bu abidələrin izinə düşüb getmək istəyirəm. Bu dəfə isə qarşıma Elman dayı çıxır. Ondan Kiş kəndi haqda soruşuruq. Deyir ki, Kiş kəndi maraqlı otelləri, ucuz evləri və Alban məbədi ilə məşhurdur.
"Yəni Şəkiyə istirahət üçün gəlmək istəsən, ən münasib yer Kiş kəndidir", —deyir.
Kiş kəndi Şəkidən cəmi 10 dəqiqəlik uzaqlıqdadır. Taksi sürücümüz Cəlil dayı deyir ki, burada onun daimi müştəriləri var. O, Bakıdan gələn qonaqlara da münasib qiymətə xidmət göstərir.
Sonra bir kağız parçasına yazılmış nömrəsini verib deyir: "Nə vaxt Şəkiyə gəlsəniz, sizi gəzdirməyə hazıram. Özü də məni burada hamı tanıyır. Hər yerə də münasib aparacağam sizi. Təhlükəsizliyinizə də mən zəmanət verirəm. Mənim yanımda kimsə sizə bir söz deyə bilməz".
Cəlil dayı ilə söhbət zamanı məlum olur ki, Şəkiyə Bakıdan və dünyanın başqa ölkələrindən də turistlər gəlirlər. Və qiymətlər də insanların büdcələrinə uyğun hesablanıb: "Məsələn, burada gecəsi 150-200 manata da hotel var, 70 manata da. Gecəsi 200 manatlıq olan hoteldə xidmətlərə hər şey daxildir. Yemək-içmək, əyləncə. 70 manatlıq hotellərdə isə bircə səhər yeməyi verirlər".
"Yox, əgər belə hotellərdə qalmaq istəmirsinizsə, gecəsi 10-20 manata olan evlərimiz də var. Orada hər şey təmizdir. Şərait var. Bircə sənə samovar çayı verirlər. Qalan hər şeyi özün edirsən. Yeməyini al, bişir, çayını qaynat, iç. Heç kim sənə heç nə demir. Əgər yataqlardan xoşun gəlməsə, özünlə yataq üzlükləri gətir. Tər-təmiz və münasib", — sürücü deyir.
O, Kiş çayının üzərindən keçəndə "Kiş çayı qudurğan çaydır, coşdumu, yuyub aparır" — deyir. Yeri gəlmişkən, mən Kişdən qayıdan axşam çay daşdı və Kişlə Şəki arasında əlaqə kəsildi. Cəlil dayı ilə də sağollaşıb ayrılırıq.
8 saata bişən yemək
Şəki pitisi ilə də məşhurdur. Demək olar ki, bütün yeməkxanalarda, restoranlarda piti satılır. Çox da baha deyil — cəmi 5 manat.
Aşbaz Cəlalət xanım deyir ki, pitinin hazırlanma müddəti 8 saat çəkir: "Əvvəlcə noxud suda isladılır, şişdikdən sonra qablara yığılır. Üzərinə 4-5 tikə ət ilə 2 tikə quyruq və soyuq su əlavə edilib, ocağa qoyulur. Kəf çıxdıqca yığılır. Sonra xırda-xırda doğranmış soğanlar qaba tökülür, duz əlavə edilib, asta odda bişirilir. Mövsümdən asılı olaraq, pitiyə təmizlənmiş şabalıd da atmaq olar. Piti 8 saata hazır olur".
Süfrəyə veriləndə isə, mütləq pitinin yanında soğan və sumax olmalıdır. Aşbaz deyir ki, pit həm birinci, həm də ikinci yemək hesab edilir: "Belə ki, birinci yemək kimi onun suyu süzülür, içinə çörək doğranır, sumax vurulub yeyilir. Ətlə noxud isə əzilib, püre halına gətirildikdən sonra yeyilir. Yeməkdə quyruq olduğu üçün onu əzib qarışdırmadan yemək mümkün olmur".
Piti kimi Şəkinin halvası, bamiyəsi də məhşurdur. Şəkidə şirniyyat, halva satışı ilə məşğul olan bir çox mağaza var. Amma alıcı hər zaman gözü önündə bişən şirniyyata üstünlük verir.
Biz də şirniyyatın həm bişirilib, həm də satıldığı mazağalardan birinə daxil oluruq. Qiymətlər çox da baha deyil. Hətta deyərdim ki, Bakı ilə müqayisədə çox ucuzdur. Bir qab bamiyə 2-3 manata satılır. Halvanın kilosu 7 manat, paxlavanın kilosu isə 5-6 manatdır.
Şəkinin gecələri də gözəldir. Sakit-səssiz, sadəcə ilbizlərin səsini eşidirsən. Və haradasa uzaqlarda axan çayın səsi…
Biz niyə xaricə qaçırıq?
Bir gün Şəkidə qaldıqdan sonra geri qayıdırıq. Yolumuzun üstündə "Yaşıl Məkan" deyilən məkanda dayanırıq. Bura həm bağ, həm park, həm də heyvanların bəsləndiyi ərazidir.
Oranın sahibi Etibar Nuriyev bizi ərazi ilə tanış edir. Bağı gəzikdə gözəllik göz oxşayır: hindquşuları, qazlar, ördəklər, ceyranlar, toyuq-cücə və ən həhayətində hər dəfə yanıma gələndə qorxudan ürəyimi əsdirən 6-7 it…
"Yaşıl Məkan"a giriş cəmi 5 manatdır. Bu da ərazinin təmizlənməsi üçün xərclənir. Yəni bağa gəlib, yeyib-içmək, istirahət etmək hamı üçün mümkündür. 6,5 ha ərazidə yaradılmış bağ həqiqətən göz oxşayır.
Bakıya qayıdırıq. Yolboyu düşünürəm k, bu qədər gəzməli-görməli məkanlarımız olduğu halda, niyə vətəndaşlarımız xarici ölkələrə üz tuturlar?