CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşamağa da, gəzməyə də... Vətən yaxşı

© Sputnik / Irade CELILLənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi
Lənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan turizminin... işğalda olan 20 faizi və inkişafda olan 80 faizi: faktlar nə deyir?

Məşhur “Nəsimi” filmində İbrahim Şahın dilindən belə bir ifadə verilib: “Deyirlər Teymur cənnət Qarabağa aşiqdir. Ona görə tez-tez gəlir Azərbaycana…”. Klassik və 20-ci yüzil ədəbiyyatımızda da Qarabağın adı çəkiləndə “cənnət Qarabağ” ifadəsi işlənib. Amma bu gün torpağımızın bu cənnət parçasına nəinki o torpağın sahibi olaraq, hətta turist kimi də gedə bilmirik.  Və təbii ki, xarici turistlərin kütləvi axınından da söhbət gedə bilməzdi. Halbuki orada yaşayan erməni əhali separatçılıq etməsəydi, Azərbaycanın tərkibində yaşamağı seçsəydi, Ermənistanın işğalına dəstək verilməsəydi, təkcə elə turizmlə bölgə əhalisi yüksək rifaha çatardı. 

Millət vəkili Qənirə Paşayeva da bizə bunu dedi: “Ermənistanın işğalı  nəticəsində bütün dünyada Azərbaycanın adı müharibə bölgəsi kimi tanınmağa başladı və təbii ki, bu da ölkəmizdə turizmin inkişafına böyük zərbə vurdu. Çünki müharibə olduğu bölgələrə turistlər getməkdə maraqlı deyillər.  İşğal altınakı torpaqlarımız (Qarabağ)  turizm baxımından çox gözəl bölgələrdir”.

© Sputnik / Irade CELILLənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi
Lənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi - Sputnik Azərbaycan
Lənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi

Bəs ölkəmizin qalan 80 faizində turizmin inkişafı necə gedir?

Bu suala çıxışlarının birində Prezident İlham Əliyev də belə cavab vermişdi: “Azərbaycanda hələ turizm sənayesi formalaşmayıb”.

Niyəsini Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdii Bahadur Bilalov belə izah edir: “Azərbaycanda turizmin inkişafı üçün hər bir şərait olub, amma Azərbaycan nefti hər zaman  ölkədə  turizmin qarşısında bir sədd kimi dayanıb. Çünki bizim son illərə qədər  turizmi bir biznes sahəsi kimi inkişaf etdirərək ondan gəlir götürmək fikrimiz olmayıb. Neftdən gələn gəlirlər hesabına büdcə formalaşdığı üçün Azərbaycanda  dünyada olanın əksinə  turizmdən ölkə büdcəsinə daxilolamara önəm verilməyib”.

Qərarlar haqda daha bir arayış:  Prezident  Heydər  Əliyevin sərəncamı ilə 2002-2005 ci ilər Azərbaycanda turizmin  inkişafına dair dövlət proqramı qəbul edildi. Bu müstəqil Azərbaycanda ilk dövlət proqramı idi. Sonra İlham Əliyevin təşəbbüsü ilə 2010-2014 cü illəri əhatə edən ikinci  dövlət proqramı qəbul olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011 ci il Turizm ili elan olunmuşdu. Tədbirlər planı təsdiq edildi.

Turizm və Menecment Universitetinin kafedra müdiri deyir ki,  2001-ci ilə ölkədə  gecələmə yerlərinin sayı cəmi  90-dan bir az çox idisə, bu gün  550-dən çoxdur. Birdəfəlik gecələmə çarpayılarının sayı  37 minə çatıb. Kadrlara ehtiyacı ödəmək üçün Prezident İlam Əliyevin xüsusi təşbbüsü ilə  2006-cı ildə Azərbaycan Turizm İnsitutu yarandı. 2014-cü ilin dekabr ayında İnstitut Turizm və Menecment Universiteti statusu aldı. 

Cənab Bilalov Prezidentin sözlərinə açıqlıq gətirərək deyir ki, dünya təcrübəsində, məsələn,  Fransada, Türkiyədə… olan turizm sənayesini yaratmaq lazımdır. ”Yəni sənaye səyahət zamanı turistlərə xidmət  göstərən  müəssisəəri özündə ehtiva etməlidir. Bu müəssisələr ayrı-ayrılıqda  Azərbaycanda  fəaliyyət göstərir. Amma turizmin atributu  var — bu da gecələmədir. Deməli, gecələmə yerəri lazımdır. Təbii ki, insan bir yerdən başqa yerə gedirsə, 24 saatdan artıq qalacaqsa, bunun qidalanması lazımdır, nəqliyyat şirkəti lazımdır. Bax bunlar 3 əsas turizm xidmətləri göstərən müəssisələrdir”. 

Reklam antireklama necə çevrilir?

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsində verilən məlumatlara görə, Nazirlik  hər il 25-ə qədər müxtəlif ölkələrdə keçiriən sərgi və yarmarkalarda, turizm birjalarında iştirak edir, Azərbaycanın turzim potensialının təbliği ilə məşğudur. Bir neçə ölkədə nümayəndəliklər yaradılıb. Uzun müddət  xarici telekanallarda Azərbaycanın turizm potensialı reklam olunur. 

Cənab Bilalov deyir: “Tursitlər gəlib lazımı xidmət almayanda hər şey antikreklama çevrilir.  Ölkəyə gələn hər bir turist xidmətdən məmnun qalırsa,   geri qayıdandan sonra o ölkənin reklamçısına çevrilir və özündən sonra bir neçə nəfərin gəlməsinə səbəb olur. Yaxşı xidmətlə qarşılaşmayanda isə bu antireklama çevrilir”.

Milli Məclisin deputatı Fazil Mustafa da antireklam haqda fikirlərə şərikıdir. O, antireklama çevrilən başqa məqamlara da toxundu: “Turizm əslində tikilən binaların lüks olması ilə inkişaf etmir, xidmət əxlaqı, insana sayğı, təmiz yollar, yollarda canı boğaza yığmayan məmurlar, münasib qiymətlərlə inkişaf edir. Bunları qurmadan reklamı gözə soxsan da, kimsəni cəlb edə bilməzsən”. 

Millət vəkili: “Pullarımız başqa ölkələrin büdcəsinə axır”

Millət vəkili pullarımızın başqa ölkələrə axmasından da narahatdır: “Adamlar Batumdan – istirahətdən gəlirlər. “Dənizin kənarında hər şəraiti olan hotel, adambaşına günü 20 ABŞ dolları ödəməklə üç dəfə yemək də içində. Üstəlik, bizdəki kimi çimərlikdə masanın birinə 10 manat ödəmədən istirahət edirsən”,- deyirlər. Hər gün Azərbaycandan çox sayda maşın sərhədi keçib bu turizm məkanına gedir. İstirahət edənlərin çoxu azərbaycanlılardır. Anadolu türkləri də, ermənilər də çox gəlir. Ən əsası da, Gürcüstan ərazisində yolda cəmi 4 nəzarət radarı var. Yəni qəza və başqa ektremal hallar üçün. Kimsə saxlayıb addımbaşı demir ki, filan yerdə radara düşmüsən. Pullarımızın Gürcüstana və ya başqa ölkənin büdcəsinə bu formada axması üzücü də olsa, bizdəki indiki şərtlər yaxın zamanlarda dəyişməyəcək gerçəklikdir”.

Rəqiblərimiz kimlərdir?

© Sputnik / Irade CELILCənub zonası yay mövsümündə turistlərin ən çox üz tutudğu bölgələrdəndir
Cənub zonası yay mövsümündə turistlərin ən çox üz tutudğu bölgələrdəndir - Sputnik Azərbaycan
Cənub zonası yay mövsümündə turistlərin ən çox üz tutudğu bölgələrdəndir

“Azərbaycanın turizmdə rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur. Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İran da var.  Belə rəqabət mənzərəsində uğur qazanmaq üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac var”, – deyə turizm eksperti Rəşad Bayramov bildirir.

“Aşağı ulduzlu otellərimiz azdır”

Bahadır Bilalov  daha bir problemə toxunur: “Neft kontraktları bağlanandan  sonra Azərbayacana işgüzar səfərlərə gələn turistlərin sayı artmışdı. Və təbii ki, sahibkarlar da onları nəzərər alaraq, daha çox 4-5 ulduzlu otellərin inşasına girişmişdilər. Amma dünya təcrübəsi gösəriri ki, turist axınını tənzimləmək üçün mütləq aşağı dərəcəli otellərə tələb var. 2-3 ulduz olsun, komfortu o qədər də yüksək olmasın, amma qiyməti hər bir tursin cibinə uyğun olsun. 

Hətta  xarici ölkələrdə olduğu kimi  aztəminatlı insanlar, tələbələr üçün hostellərin, yataqxanaların yaradılması  tursit axınına səbəb olan amillərdəndir.  Azərbaycanda hələ ki bu məsələ öz həllini  tapmayıb. Dünya təcrübəsində yuxarı ulduzlu otellər daha yüksək  vergi ödəyirlər. Bizdə isə hamıya eyni dərəcə ilə vergi qoyulur. Gələcəkdə 2-3 ulduzlu otelləri stimullaşdırmaq üçün vergi dərəcələri azaldılsa, yaxşı olar”  

 “4-5 ildən sonra  Azərbaycanda turizm sənayesi olacaq”

Bahadır Bilalovun bu fikri ilə turizm eksperti Rəşad Bayramov da razıdır: “Turizm — müalicə, asudə vaxtın keçirilməsi, dini, ailə və ya işgüzar səfər məqsədləri üçün qısamüddətli səyahətdir. Azərbaycanda isə bütün bu sadaladığım sahələr üzrə imkanlar yetərli qədərdir. Məsələn, Azərbaycanda Qusardakı Şahdağ kompleksi hər il yüzlərlə yerli turisti qış aylarında xizək sürmək üçün qəbul edir. Zaqatalada paraşüt həvəskarları üçün şərait yaradılıb. Müalicəvi istirahət mərkəzləri də bu sahədə xüsusi yerə malikdir. Naftalanın müalicəvi nefti artıq dünayda öz adını tanıdır.  Naxçıvanda – Culfa rayonunda müalicəvi duz mağaraları, Darıdağ termal su sanatoriyası, Masallıdakı İstisu mərkəzi turist cəlbətmə potensialına malikdir. Lakin düzgün tanıdılmayıb.  Xaçmazda Nabran istirahət mərkəzi ölkədə məhşurdur.  Xaçmazda ovçuluq turizmi də inkişaf edib. Şəhərin yaxınlığında yerləşən palçıq vulkanlarının müalicəvi təsirinə əhali inanır.  Qəbələdə  tarixi abidələr — alban kilsələri, tarixi məscidlər, türbə və məqbərələr turistlərin marağını çəkir. Qəbələnin təbiəti də turizmı üçün əlverişlidir.  İsmayıllının Lahıc kəndi artıq dünyada tanınır. Tarixi Girdiman qalası da bu rayondadır.  Naxçıvanın 3500-dən artıq yaşı olduğu güman edilir. Muxtar Respublikada bir çox tarixi abidə var. Culfada Turşsu və Duzdağ müalicə turizmi baxımından önəmlidir. Şahbuzda yerləşən Batabat gölünə  yay aylarında yerli turistlər axışır. Türkiyə və İrandan da gələnlər var. Ordubaddakı Gəmiqaya Nuh peyğəmbərin gəmisinin yerə endiyi yerlərdən biri sayılırvə üzərindəki qaya rəsmləri bu ərazinin qədimliyindən xəbər verir. Ordubaddakı Göygöl təmiz suyu və ətrafında havanın bütün fəsilləri əks etdirməsi ilə məşhurdur. Naxçıvanda Əshabül Kəhf hər il turistlər tərəfindən ziyarət edilir.  

Azərbaycanın coğrafi iqlimi bir çox turizm növünün inkişafı üçün əlverişlidir. Qışda dağlarda və dağətəyi zonalarda qış turizmi, müalicəvi resurların mövcudluğu, meşə massivinin şimal və cənub-şərq hissədə özünəməxsusluğu, təbii qoruqlar, nadir ağac və heyvan növləri turizmin inkişafı üçün bütün imkanları ehtiva edir. Şabranda, Qalaaltı,  Talış dağlarında, Böyük Qafqazın cənub və şimal- şərq ətəklərində termal bulaqlar, palçıq vulkanları, Naftalanın müalicəvi nefti Azərbaycanda müalicəvi turizmin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanda 6000-dən çox tarixi abidə var. Bu abidələr arasında islam dövrünə, xristianlığa, atəşpərəstliyə, qədim dinlərə aid ziyarətgahlar da var ki, bunların bərpası və tanıdılması turist sayında artıma səbəb ola bilər. Qobustan mağaralarındakı qayaüstü rəsmlər turistlər tərəfindən maraqla qarşılanır və bu ölkənin qədimliyinə dəlalət edir.

Ekspert deyir ki, Azərbaycanda günlərinin sayının az olması sahibkarlara problemdir: “Ancaq  ancaq 2-3 ay işləyirlər və illik büdcə xərclərinin hamısını yayın üstünə salırlar. Bahalığın bir səbəbi də budur — 11 iqlim qurşağının 9-u ölkəmizdə olsa da, ilboyu turizm zəifdir. Qış turizmi hələ də yetərincə inkişaf etməyib. Turizm ilin 4 fəslinə uyğun qurulsa, turist sayında artım olar”.

Rəşad Bayramovun fikrincə, turizmə sərmayə qoyuluşu artsa, işlər düzgün qurulsa, neftdən gələn gəlirləri turizm əvəz edə bilər: “Turizm hüquq baza sistemini beynəlxalq standartlarla uyğunlaşdırmaq, viza rejiminin qarşılıqlı şəkildə asanlaşdırılması üçün bir sıra ölkələrlə əməkdaşlığı artırmaq, regionlarda azad iqtisadi zonaların yaradılması istiqamətində təhlillər aparmaq lazımdır. Vətəndaşların ölkə turizmindən yararlanmaq arzularını təbii ki, bəzi hallarda maddi imkanlarının azlığı daha geniş şəkildə reallaşdırmağa imkan vermir. Ona görə də turizmlə bağlı bankların yaranması və onların aşağı faizli turizm kreditləri verməsi təşkil olunmalıdır. Təbii ki, bunlar səmərəli təkliflərdir və reallaşsa həm ölkə vətəndaşlarının böyük əksəriyyəti istirahətlərini ölkənin səfalı turizm məkanlarında keçirmək imkanı qazanarlar, həm də ölkə büdcəsinə maliyyə vəsaitinin artımı baş verər”.

Sonda…

Turizmə Azərbaycan şifahi xalq ədəbiyyatımızdan gələn: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” yanaşması artıq  arxaik təfəkkürün görünüşü kimi tarixdə qalıb. Yaşamağa da, gəzməyə də Vətən yaxşı…

İradə CƏLİL

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Xəbər lenti
0