Şəxsi pul ideyası bu dəfə İsveçrə bankirlərinə rahatlıq vermir. Bu məsələdə daha çox USB (Union Standard Bank) maraqlıdır ki, bu da başa düşüləndir. Amerikanın 2010-cu ildə qəbul etdiyi FATCA qanunu İsveçrə banklarını sıxışdırıb.
FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. Aktın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.
Aparılan hesablamalara əsasən, ABŞ xəzinəsi hər il vergidən yayındırılaraq, ofşor zonalar da daxil olmaqla, xaricə köçürülən və ya ABŞ-a ümumiyyətlə gətirilmədən xarici dövlətdə saxlanan məbləğlər üzrə 100 milyard dollara qədər vəsait itirir. Bu səbəbdən, 2010-cu ildən Amerika tərəfi İsveçrə banklarını gəlirlərin gizlədilməsi səbəbindən dəfələrlə ittiham edib, kütləvi istintaqlar və cərimələr olub.
Bu proses İsveçrənin tək kredit təşkilatlarına aid olmayıb, hamı öz payını alıb. Bankirlər anladılar ki, gəlirlər üçün başqa mənbə tapmaq lazımdır, bundan başqa, onlar qənaət etmək də istədilər.
Əvvəlcə onlar müxtəlif ölkələrdə fəaliyyət göstərən filialların saxlanılmasına, eləcə də digər banklar və maliyyə institutları ilə hesablaşmalar zamanı daha çox pulun xərcləndiyinə dair şikayət etməyə başladılar. Hər şey qəliz və ləng olmağa başladı. Nəticədə, İsveçrə bankları öz maraqlarına uyğun "bitkoin" yaratmaq qərarına gəldi.
Onların fikrincə, yeni "bitkoin" valyutası bu sistemi daha effektiv edərək əlavə xərclərin azalmasına səbəb olacaq. Təbii ki, onlar fırıldaqçılardan və haker hücumlarından qorunmağı da nəzərə alıblar. Əks halda, yaxşı qorunmayan valyutaya heç kim maraq göstərməz.
İsveçrə bankları bu məsələdə özlərinə müttəfiq tapmaq məqsədilə İspaniyanın "Santander", Almaniyanın "Deutsche Bank" və Amerikanın "Bank of New York Mellon" banklarını da dəvət etdilər. Proses başlayıb və artıq 2018-ci ildə bazarda yeni elektron valyuta yarana bilər.
Təşəbbüsçü banklar ümid edir ki, yeni valyuta "bitkoin"dən daha çox etimad qazanacaq. Bunun "blockchain" texnologiyasının istifadəsi ilə klirinq və maliyyə əməliyyatlarında yeni standart olacağı gözlənilir. Əgər "bitkoin"in özəlliyi gizlilikdirsə, yeni kriptovalyutanın xüsusiyyətləri fərqli olacaq. Gizlilik yox olacaq, hər şey nəzarət altında olacaq.
Kimin nə qədər valyutası olduğu, onu necə əldə etdiyi, nəyi nə zaman alıb-satdığı gizli saxlanılmayacaq. Banklar xeyli pul qazanacaqlarına ümid edir, lakin konkret rəqəmlər açıqlamağa "utanırlar". Ekspertlər hesab edirlər ki, söhbət milyardlardan gedir.
Lakin yeni valyutanın tez bir zamanda çıxışı gözlənilmir. Optimistlər hesab edirlər ki, bunun üçün beş il vaxt lazım olacaq, pessimist proqnozlar isə 10 ildən artıq müddət təşkil edir. Bununla yanaşı, tendensiya artıq davamlıdır — bizi elektron valyuta dövrünə keçirmək istəyirlər.