BAKI, 17 avq — Sputnik. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki (Patrick Hickey) Rio-de Janeyroda Olimpiya biletlərinin qanunsuz satışı ilə bağlı həbs edilib. Sputnik BBC-yə istinadla xəbər verir ki, bu barədə Braziliya mediası yazıb.
71 yaşlı Hikki Olimpiya Oyunlarının biletlərini 3-cü əldən və çox baha qiymətə satmaqda ittiham edilir. O, bir gün əvvəl Rio-da bir kişinin 800 biletlə yaxalanmasından sonra saxlanılıb. Polis bildirib ki, onlar Patrik Hikkini həbs etməyə gedəndə, İrlandiya Olimpiya Komitəsinin rəhbəri qaçmağa və müqavimət göstərməyə cəhd edib.
Polis otel otağının qapısını döyəndə, Hikki qonşu otaqda qalan oğlunun yanına qaçıb və qapının altından özünün Olimpiya Komitəsinin sədri olmasına dair vəsiqəsini ötürüb. Bundan sonra o, həbs edilib. Həbs olunduqdan sonra Hikki özünü pis hiss edib və ona ilkin tibbi yardım göstərilib.
Braziliya mediasının yazdığına görə, Hikkinin həbsi Olimpiadanın açılış günü saxlanılmış irlandiyalı tanışı, həmçinin İOK-un tərəfdaşı Kevin Ceyms Mellonun (Kevin James Mallon) həbsi ilə əlaqədardır. Mister Mellon idman yarışlarının təşkilati işləri ilə məşğul olan THG Sports şirkətinin direktorudur. Onun rəhbərlik etdiyi bu şirkət Rio-2016 olimpiadasının biletlərinin qeyri-qanuni olaraq 3-cü əldən satışında günahlandırılır.
Mellon avqustun 5-də həbs olunarkən onun üzərində 800 ədəd top-klass bilet olub. Polis bildirib ki, o, biletləri çox baha qiymətə 6,000 ($7,800) funt-sterlinqə satırmış. THG-dən isə bildiriblər ki, Mister Mellon biletləri satmayıb, sadəcə biletləri qabaqcadan sifariş etmiş irland müştərilərdən kolleksiya toplamaq məqsədilə alıb.
İOK-dan isə bildirilib ki, onlar mübahisəli biletlərin satışı ilə bağlı araşdırma başladacaqlar. Lakin bu araşdırmaların müstəqil araşdırmaçılar vasitəsilə aparılmasının əleyhinədirlər.
İOK öz saytında onu da qeyd edib ki, onların hər hansı əməkdaşlarının müstəqil fəaliyyətlərinə görə qurum məsuliyyət daşımır və bu səbəbdən də, rəhbərliyin ittiham edilməsi doğru deyil.
Qeyd edək ki, Patrik Hikki Avropa Olimpiya Komitəsinin sədri kimi Bakıda keçirilən ilk Avropa Oyunlarının təşkilatçısı olub.