BAKI, 6 avq-Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Bakı vaxtı ilə saat 03:00-də "Marakana" stadionunda başlanan mərasim saat 07:00-da başa çatıb.
Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman çıxış edərək XXXI Olimpiadanın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən olan atletlərin idman və sülh üçün bir araya gəldiyini bildirərək Rio-de-Janeyronun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu ifadə edib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax isə çıxışında Cənubi Amerikada ilk Olimpiadaya ev sahibliyi edən Braziliyanın bu mötəbər tədbiri yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını bildirib.
Hazırda dünyada ciddi gərginliklərin olduğunu deyən T.Bax on mindən çox atletin mehribanlıq şəraitində mübarizə apararaq, Olimpiya Kəndində bir yerdə yaşayaraq, eyni hisləri bölüşdüklərini diqqətə çatdırıb.
O, bu baxımdan Olimpiya qaçqın idmançılar komandasının dünyada milyonlarla qaçqında böyük ümidlər oyatdığını deyib.
Olimpiya hərəkatının və həmrəyliyinin inkişafındakı xidmətlərinə görə Keniya Milli Olimpiya Komitəsinin prezidenti, ikiqat Olimpiya çempionu Kipçoqe Keinoya BOK-un ilk dəfə təsis etdiyi xüsusi mükafat təqdim olunub.
Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.
Olimpiya bayrağı "Marakana" stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.
Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.
26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli nəhayət "Marakana" stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb.
XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.