BAKI, 17 avq — Sputnik. Qadın qrossmeysterlərdən ibarət Azərbaycan yığması 42-ci Ümumdünya Şahmat Olimpiadasına Qəbələdə hazırlaşır. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, son təlim-məşq toplanışında qadın şahmatçılarımız Gürcüstan komandası ilə yoxlama görüşündə iştirak ediblər.
Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyev ilə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaqlar.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini 3 qadın komandası təmsil edəcək. Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edəcəklər.
Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Olimpiadanın oyunları "Baku Crystal Hall"da keçiriləcək.