Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 avq-Sputnik. Şəki sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə sözün əsl mənasında palçıq gəlir. Su nə təmizlənir, nə də ki, sterilizə olunur. Ümumiyyətlə, şəhərin su kanalizasiya sisteminin köklü surətdə dəyişdirilməsinə ehtiyac var.
Bu problem Şəkinin bütün sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Şəhərin su təmizləyici qurğularının işlək vəziyyətdə olmaması, mövcud sistemin əhalinin tələbatını ödəyə bilməməsi, su təmizləyici aqreqatların yoxluğu vəziyyətin acınacaqlı hal almasına gətirib çıxarıb. Əsasən də yağmurlu havalarda Şəkidəki sularda "inci saflığı"ndan əsər-əlamət qalmır.
"Deyirəm, siz bizə su verin, biz də pulunu verək. Bu vəziyyətdə, əksinə, siz bizə pul ödəyin ki, biz bu suyu içdikdən sonra gedib müalicə olunaq."
O qeyd edib ki, Şəki Azərbaycanın dilbər guşələrindən biridir. Hər il bura minlərlə xarici və yerli turist gəlir. Sözügedən bölgədə turizmi inkişaf etdirmək, turistlərin istirahətinin yaxşı təmin olunması üçün təmiz su vacib şərtlərdən biridir.
Su problemi ilə qarşılaşan turistlərdən biri də Nurlan Kərimovdur: "Şəkinin təbiəti, qədimiliyi məni cəlb etsə də, su problemi burada uzun müddət qalmağımıza mane oldu. Şəkiyə gedəndə fikirləşdim ki, orada doyunca bulaq suyu içərəm. Ağlıma da gəlməzdi ki, Şəkinin suyu paytaxtın suyundan da çirkli ola bilər. Ona görə də istirahət etmək üçün başqa bölgələrə üz tutmağa məcbur olduq."
Ancaq Şəki Su Kanal TSC-dən Sputnik-ə bildiriblər ki, məsələdən xəbərdardırlar və hazırki vəziyyətdə bu problemin həlli qeyri-mümkündür. Lakin şəhərin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Artıq ilk iki mərhələ yekunlaşıb.
İllərdir şəkililərin ən ağrılı yeri olan su problemi iki il sonra, yenə bir əmma çıxmazsa, sona yetəcək. Şəkililər hələ 2 il də palçıqlı sudan istifadə etmək məcburiyyətindədilər.