CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda su ehtiyatları tükənir

© © Azərsu ASC-nin mətbuat xidmətiTaxtakörpü su anbarı. Arxiv şəkli
Taxtakörpü su anbarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər həyəcan təbili çalırlar.

BAKI, 5 avq-Sputnik. "Dünyanın bir çox ölkələrində su qıtlığı olduğu kimi Azərbaycanda da bu məsələ mövcuddur."

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu AMEA Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.

O qeyd edib ki, yağan yağıntı isə vegetasiya (bitkinin aktiv həyat fəaliyyəti, inkişafda olan vəziyyəti — red.) dövründə bitkilərin suya olan tələbatını ödəmir. Yağıntı əsasən qış və payız aylarına təsadüf edir. Vegetasiya dövründə yağan yağışlar adətən güclü yağışlar olmaqla, qısa vaxt ərzində davam edərək yüksək intensivli olur. Bu da bitki üçün çox yararsız olur.

Z.Əliyevin sözlərinə görə, respublikanın illik su ehtiyatı 30,9 milyard kubmetr olduğu halda bunun yalnız 1/3 hissəsi, yəni 10,3 milyard kubmetri yerli çayların, 20,6 milyard kubmetri isə respublikanın ərazisinə kənardan daxil olan çayların hesabına yaranır. Quraqlıq illərdə isə su ehtiyatı 23 milyard kubmetrə enir: "Hazırda mövcud olan məlumatlara əsasən Cənubi Qafqazda orta hesabla 1 kv. km sahəyə 350 milyon kubmetr su düşür. Lakin bunun ərazi üzrə paylanması qeyri-bərabərdir. Ən çox Gürcüstanda-700, ən az isə Azərbaycanda-100 milyon kubmetr düşür".

Z. Əliyev qeyd edib ki, su ehtiyatlarının respublikada həm ərazi üzrə, həm də ilboyu qeyri-bərabər paylanması bir çox regionlarda su qıtlığına səbəb olur:

"Digər tərəfdən mövcud su ehtiyatı suvarılan torpaqların genişləndirilməsini məhdudlaşdırır. Azərbaycan şəraiti üçün suya qənaət edən suvarma texnikasının yaradılması və tətbiqi məsələsi günün aktual problemidir. Belə ki, suya qənaət edən mütərəqqi suvarma texnikasından istifadə etdikdə, suya 2,5 — 3,5 dəfə qənaət edilir, məhsuldarlıq 1,3 —1,5 dəfə artır və ən nəhayət bu yüksəlişlər məhz ətraf mühitin ekoloji tarazlığının qorunub saxlanılması ilə müşayiət olunur və ya pozulmur."

Mütəxəssisin sözlərinə görə, respublikada suvarılan ərazinin hazırda 90%-dən çoxunda yerüstü suvarma tətbiq olunur.

"Mütərəqqi suvarma ərazinin axtarışı və tətbiqi ilə yanaşı torpaq qrunt xüsusiyyətindən asılı olaraq yerüstü suvarma üsulunda tətbiq edilən şırım, zolaq və basdırma suvarma texnikasının təkmilləşdirilməsi suvarmanın mexanikləşdirilməsi və avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ona görə də su itkisinin qarşısını almaq sahədə suyun bərabər paylanmasını təmin etmək, əl əməyini azaltmaq və yüngülləşdirmək suyun istifadəçilərə verilməsini asanlaşdırmaq və s. məqsədli mövzular birmənalı şəkildə günün tələbidir və mən deyərdim ki, bu mövzuların icrası aktuallığına görə xalq təsərrüfatı əhəmiyyətli məsələdir" — deyə Z.Əliyev əlavə edib. 

Xəbər lenti
0