Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda ölüm saçan ilanlar nəzarətsiz dolaşır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidGürzə. Arxiv şəkli
Gürzə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər: Qəbələ tərəfdəki dağlara və Qaxın Ağyazı çöllüyünə çox sayda zəhərli ilan buraxılıb.

BAKI, 5 avq — Sputnik. Son iki ildə Şəki-Balakən və Oğuz-Qəbələ bölgəsində əhali ilanların sayının artmasından narahatdır. Qax rayon sakini Güllü  Nuriyevanın Sputnik-ə verdiyi məlumata görə, havalar istiləşəndən ilanlar da fəallaşmağa başlayıblar: “Biz son iki ildəki kimi dəhşəti heç vaxt görməmişik. Əvvəllər bizim rayonun ərazisində əsasən zərərsiz ilanlar görünərdi, kor ilan, su ilanı və koramal. Gürzəyə hərdənbir təsadüf edilərdi. Əvvəllər Qaxın aran kəndlərindəki fındıq bağlarında və ot sahələrində ara-sıra ilan sancması barədə xəbərlər alırdıq. Amma bundan ölənin olduğunu eşitməmişdik. Son iki ildə rayonda 10-dan çox adam ilanvurmasından ölüb. İlan sancması halları isə bundan dəfələrlə çoxdur. Şəki və Qəbələdə də son illərdə ilan sancması və bunun nəticəsində ölüm halları artıb.”  

Qəbələ rayon sakini Zülfiyyə Abdullayeva da ilanların sayının həddindən çox artmasından şikayətçidir. O, ötən il rayonda ot sahəsində camaatın 4 metr uzunluğunda yoğun ilanı öldürdüklərini gözü ilə gördüyünü deyib. “Qorxumuzdan sahəyə çıxa bilmirik. Uşaqları heç yerə göndərmirik ki, birdən ilan vurar” – deyə Z.Abdullayeva bildirib. 

İlanlar - Sputnik Azərbaycan
İlanlar kəndlilərə sahəyə çıxmağa imkan vermirlər

Sakinlər onu da deyirlər ki, ötən il bu regiona, xüsusilə Qəbələ tərəfdəki dağlara və Qaxın Ağyazı çöllüyünə çox sayda zəhərli ilan buraxılıb. “Xəbər yayılıb ki, sovet dövründə Abşeron ərazisində mövcud olmuş ilan saxlanma yerlərindəki (pitomnik) ilanları gətirib bu regiona buraxıblar. Məqsəd isə gələcəkdə ilan zəhəri istehsalına başlamaqdır” – deyə sakinlər bildirir.

“Erməni yalan olub, ilanlar gerçək. İlanlar camaatı düşməndən betər biçirlər. Kimə şikayət edəcəyimizi bilmirik. İlanlara nəzarət edən bir dövlət qurumu olmalıdır. Dövlət əhali üçün təhlükəli olan heyvanların artmasının qarşısını bir şəkildə almalıdır. Yaxud da onları bir yerə yığaraq nəzarət altında saxlamalıdır. Sovet vaxtı ilantutanlar vardı. Onlar bir gürzə tutanda, sevinirdilər ki, onun zəhərindən pul qazanacaqlar. Amma indi hər şey başlı-başına buraxılıb” – deyə Qax rayon sakini İsmayıl Abdullayev bildirib. 

İlan - Sputnik Azərbaycan
Azərbaycanda ən qorxulu ilanların olduğu bölgələr açıqlanıb

Problemlə əlaqədar olaraq, Sputnik-in əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əməkdaşımıza bildirib ki, ilanlar və əhali üçün təhlükəli olan digər canlılarla bağlı məsələlər Nazirliyin əsasnaməsində yoxdur. Nazirlik sadəcə ölkənin flora və faunasının mühafizəsilə məsuldur. “İnsanların həyatına təhlükə yaradan canlılarla bağlı nə etmək məsələsi bizim Nazirliyin əsasnaməsində əksini tapmayıb” – deyə İ.İbrahimova bildirib. O həmçinin deyib ki, bununla məşğul olan hər hansı dövlət qurumunun olduğu da onlara məlum deyil. İ.İbrahimova sözügedən regiona ilanların süni şəkildə buraxılması barədə də hər hansı məlumata malik olmadıqlarını deyib. 

Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvü, Davamlı İnkişaf Cəmiyyətinin sədri, biologiya elmləri doktoru Fikrət Cəfərov bu məsələ ilə bağlı fikirlərini Sputnik-lə bölüşüb. 

“Beynəlxalq təcrübədə insanlar yeni təbii yerləri tutanda, evlər inşa edəndə, ya da dincəlməyə gedəndə ilk növbədə onları məlumatlandırırlar ki, ilan və digər zəhərli heyvanlarla necə davransınlar, onları görəndə nə etsinlər. Bu gün bu məsələ nədən belə genişləndi? Birinci növbədə Abşeronda demək olar ki, bu gün yer qalmayıb, hamısı tikinti altına verilib. İlanlar qaça bilmirlər. Ona görə ki, onlar öz evində, torpaqda yaşayırlar” – deyə Cəfərov bildirib.

O, beynəlxalq təcrübəyə toxunaraq deyib: “Avstraliyada ən zərərli ilanların olduğu məkanlarda ilanı görən insan xüsusi xidmətə zəng edir ki, evdə, həyətdə ilan gördüm. Bu işlə məşğul olan adamlar gəlib ilanı tutub aparırlar və təbiətə, çölə buraxırlar. Öldürmə məsələsi yoxdur. Bu cür xidmət ABŞ-da da fəaliyyət göstərir. Azərbaycanda isə belə xidmət yoxdur və insanlar ümumiyyətlə, ilanları tanımırlar, onlarla necə davranmağı bilmirlər”. 

F.Cəfərov qeyd edib ki, ümumiyyətlə, ilan, onu narahat etməsən heç vaxt sancmır: “O özünü qorumaq üçün hücum edir. Arı sizi sancanda siz heç kimə şikayət etmirsiz. Ona görə bilirsiniz ki, arını siz narahat etdiniz və ona görə sancdı. İlan da belədir”. 

Ekspert hesab edir ki, Azərbaycanda da belə bir xidmət yaranmalıdır: “Təkcə ilan deyil, əqrəblər, digər təhlükəli həşəratlar və s. var. Bunların haqqında ilk növbədə əhaliyə geniş məlumat verilməlidir. Rayonlarda olanda görürəm ki, camaat çox zaman zərərli olmayan ilanları görəndə tez onu öldürməyə çalışır. Azərbaycanda cəmi 3-4 növ zərərli ilan var, qalanları zərərsizdir və onlar həddindən artıq böyük xeyir gətirir. Bu gün taxıl, yonca əkənlər deyirlər ki, siçanların əlindən məhsul götürə bilmirik. Ona görə ki, onlar həddindən artıq çoxalıb. Onların çoxalmasının qarşısını alanlar elə ilanlar idi. Bir tərəfdən tarlalarda ilanların sayı lap azalıb, digər tərəfdən, misal üçün Abşeronda və bəzi istirahət mərkəzlərində ilanlara tez-tez rast gəlinir. Bu onu göstərir ki, doğrudan da bu məsələ dövlət tərəfindən tənzimlənməlidir.” 

İlan - Sputnik Azərbaycan
Azərbaycanın şimal-qərb bölgəsində ilanlar tüğyan edir

F. Cəfərov bildirib ki, ilan zəhərinin əldə edilməsi qiymətli bir işdir: “İlan zəhərinin bu gün dünya bazar qiyməti Sovet dövründəki qiymətdən iki dəfə artıqdır. Sovet dövründə bizdə bu işlə məşğul olurdular. Sovet dövləti dağılandan sonra demək olar ki, bu işlə məşğul olan yoxdur. Azərbaycanın zəhər bazarı ilə əlaqəsi kəsilib. Bir malın bazara çıxarılması üçün konkret iş aparılmalıdır, vəsait qoyulmalıdır. Bu işi Azərbaycanda yenidən təşkil etmək çox maraqlı olardı. Amma bilmirəm dövlət və biznesmenlər bunda nə qədər maraqlıdırlar”. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova isə Sputnik-ə açıqlamasında deyib ki, Böyük Qafqazın bütün dağətəyi zonasında gürzə ilanları mövcuddur: “Qəbələ və Qaxda gürzə ilanları aran hissəsində var, ancaq sıx meşələrə daxil olmurlar. Gürzə təhlükəli ilandır və ehtiyatlı olmaq lazımdır. Əsasən bir az quraq yerlərdə, daş yığınları, qurumuş çay yataqlarında, açıq ərazilərdə olurlar. Onlara sıx meşədə, çox rütubət olan yerlərdə rast gəlinmir. Bağ və bostan, həyətyanı ərazilərdəki yığınlar olan yerdə gürzə ola bilər”. 

O, bildirib ki, həmin bölgədə digər ilan növləri də var amma onlar təhlükəli deyil: “Zəhərli ilan növü sadəcə gürzədir. Digər ilan növləri zəhərsizdir, təhlükəli deyil. Ümumiyyətlə, gürzə ilanlarına görə Azərbaycan çox təhlükəli hesab olunmur. Bizdə gürzələr əsasən Aran zonasında təhlükəlidir. Kürdəmir, Salyan, Cəlilabadda daha çox olurlar.” 

S.Bünyatova qeyd edib ki, bununla bağlı monitorinqlər aparır, təbiəti, ilan növlərinin sayını, vəziyyətini öyrənirlər: “Biz sadəcə proqnoz veririk ki, niyə artıb və ya azalıb. Biz həmin bölgədə 3 il ərzində tədqiqat işi aparmışıq. O bölgədə zəhərsiz ilanlar çoxdur. Zəhərli və zəhərsiz ilanları çox az insan fərqləndirə bilir. Həmin bölgədə 23-24 növ ilan var, hamısı zəhərsizdir. Yalnız bir növ zəhərlidir.” 

O, bildirib ki, ilan sancan yerdə iki nöqtə olur və o nöqtədən qan gəlir. Zəhərsiz ilanlarda zəhər dişləri yoxdur. Zəhərli ilanlarda bir cüt zəhər vəzisi və bir cüt də zəhər dişi var.

“Əsasən ayaqları qorumaq lazımdır. Gürzə əsasən onu tapdalayanda sancır. Görürsən biçin vaxtı, ot biçəndə onu tapdalayırlar. Ona görə də möhkəm ayaqqabı geyinmək lazımdır. İlanın olacağını ehtimal etdiyiniz yerlərə gedəndə mexaniki səslər çıxarmaq — çubuğu yerə vura-vura, ayağı möhkəm yerə vura-vura getmək lazımdır. Çünki, ilan danışıq səslərini eşitmir. Daşı qaldırmaq bir az təhlükəlidir. İlan çox vaxt daşın altında gizlənir”-deyə S.Bünyatova əlavə edib.

Xəbər lenti
0