Bakı, 5 iyun-Sputnik. Azərbaycanın şimal-qərb bölgəsində ilanlar yenə tüğyan etməyə başlayıb. Bu dəfə Zaqatala rayonunun Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədovu ilan sancıb. 31 yaşlı Məmmədəli Məmmədov yaşadığı evin həyətyanı sahəsində arabadan ot boşaldırmış. Bu zaman ilan qəfildən otun içərisindən çıxaraq onun sol qolunun bilək nahiyəsindən sancıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, M. Məmmədov ilan sancması səbəbindən xəstəxanaya gətirilib. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən şəxsə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. M. Məmmədovun vəziyyətinin orta-stabil olduğu bildirilir.
Qeyd edək ki, sözügedən bölgədə analoji hadisə tez-tez təkrarlanır. Bir qədər əvvəl Qax rayonunun Qıpçaq kənd sakini Qəhrəman Qasımov ilan sancmasından dünyasını dəyişmişdi.