BAKI, 4 avq-Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İrlandiya Şahmat Federasiyasının nümayəndə heyətinin üzvü Kevin O'Konnelin və İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyerin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Kevin O'Konnel və Yannik Pelletiyer Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiklərini bildiriblər. Onlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan səfər etdiklərini qeyd ediblər.
Onlar, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıblar.
İşğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən O'Konnel və Pelletiyer, gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər.
Onlar qeyd olunanları nəzərə alaraq, 2016-ci ilin 20 avqust tarixindən 20 sentyabr tarixinədək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FİDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etmələrinə icazə verilməsini xahiş ediblər.
Sözügedən müraciətlər müvafiq qaydada nəzərdən keçirilib və adıçəkilən şəxslərin Azərbaycana səfər etmələr üçün müvafiq viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.