CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələcəkdə azərbaycanlılar öz dillərini başa düşəcəklərmi?

© Sputnik / Murad OrujovBu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan dilindəki yeniliklər: problem, yoxsa inkişaf" mövzusunda konfrans keçirilib
Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycan dilindəki yeniliklər: problem, yoxsa inkişaf mövzusunda konfrans keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Qulu Məhərrəmli: "Azərbaycan dilinə xas olmayan ifadə tərzi genişlənib, başqa dillərin, xüsusən türk və ingilis dillərinin təsiri bilinir"

Gələcəkdə azərbaycanlılar öz dillərini başa düşəcəklərmi?
BAKI, 29 iyul — Sputnik. "Azərbaycan dili dövlət dili statusunu qoruyub genişləndirir, onunla bağlı çox vacib sənədlər qəbul olunub". Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan dilindəki yeniliklər: problem, yoxsa inkişaf" mövzusunda keçirilən konfransda, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli belə deyib.
Geniş müzakirələrə səbəb olmuş yeni sözlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qocası ölən, körpəsi doğulmayan Azərbaycan dili

Onun sözlərinə görə, Azərbaycan dili və Azərbaycan əlifbası gününün qeyd olunması çox əhəmiyyətli bir hadisədir: "Bu gün, heç olmasa, ildə bir dəfə insanların yadına salır ki, biz hansı dilin daşıyıcısıyıq, əlifbamız hansı inkişaf yolunu keçib, hansı dəyişmələrə məruz qalıb, indi dilin vəziyyəti necədir və hansı proseslər gedir".

"Dil canlı bir sistemdir: sözlər yaranır, bir müddət yaşadıqdan sonra bir hissəsi qalır, digər hissəsi isə ölür. Azərbaycan dili xalqın yaddaşı, onun milli varlığıdır, xalqın ruhunun ifadəçisidir. O, həmçinin özündə böyük bir mədəniyyəti ifadə edir. Dil cəmiyyətin güzgüsüdür", — deyə o bildirib.

Q. Məhərrəmlinin sözlərinə görə, Azərbaycan dili ədəbiyyat dili hesab olunsa belə, o, son illər gedən ictimai-siyasi, iqtisadi və texnoloji prosesləri ifadə etmək üçün imkanlarının olduğunu göstərir: "Buna baxmayaraq, dilimizdə bir sıra problemlər də var. Biz ədəbi normaların pozulmasından şikayətçiyik. Tərcümə zamanı elə dil prosesinə rast gəlirik ki, o, özünü dil qaydalarında tapmayıb. Azərbaycan dilinin orfoqrafiyası və orfoepiya qaydaları ilə bağlı ciddi problemlər var. Bu sahədə işləmək lazımdır. Azərbaycan dilinə xas olmayan ifadə tərzi genişlənib, başqa dillərin, xüsusən türk və ingilis dillərinin təsiri bilinir".

Ekspert hesab edir ki, ictimai yerlərdə, küçə adlarında, reklamlar və afişalarda dil qaydalarına xüsusən əməl olunmalıdır: "Bizim Bakı şəhərinə çıxanda bilmək olmur ki, bu Azərbaycanın paytaxtıdır, ya Avropanın hansısa digər şəhəri".

Tədbirdə çıxış edən Sputnik-in radio proqramlarının redaktoru Natiq Məmmədli bildirib ki, dil ədəbiyyat hadisəsidir, onun əsas daşıyıcısı isə bədii mətnlərdir: "Etiraf etmək lazımdır ki, Azərbaycan ədəbiyyatı bu vaxtadək Azərbaycan dilinin təmsilçisi kimi o qədər də mürəkkəb fikirləri ifadə etməyib. Dünya prozası ilə səsləşən və bir cümlədə olan bədii informasiya yükünün ağırlığı baxımından bizim dilimiz çox gəncdir, onun potensialı hələ tam şəkildə açılmayıb. Bunun üçün ədəbiyyat inkişaf etməlidir. Onun inkişafı dilin inkişafına da öz töhfəsini verir".

Seçim qarşısında qalmış adam - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dilin bəlasına düşmək belə olur

"Məni narahat edən məsələlərdən biri Azərbaycan dilinin perspektivləridir. Gələcəkdə biz Azərbaycan dilində danışanda bizi Azərbaycan insanları başa düşə biləcəklərmi? Azərbaycan yazıçısının əsərini oxuyarkən orta statistik oxucuya hər hansı köməkçi vasitə lazım olacaq, ya yox? Budur məni maraqlandıran. Oxucunun, cəmiyyətin ümumi intellektual və mədəni səviyyəsi çatacaqmı ki, öz ana dilində yazılmış mətni dərk etsin", — ekspert bildirib.

N. Məmmədlinin sözlərinə görə, Azərbaycan dilinin hazırki öyrənilmə səviyyəsi və ona olan münasibət optimist fikirlər səsləndirməyə imkan vermir: "Biz hər il buraxılış siniflərinin imtahan nəticələrinə baxırıq. Bu nəticələrdə biz çox acınacaqlı vəziyyətin şahidi oluruq. Deməli, gənc nəsil öz ana dilində yazılı şəkildə fikirlərini ifadə edə bilmir. Bu tendensiya isə kütləvi şəkildə davam edir. Bu problemin səbəbi tək məktəblə deyil, həm də ailə və cəmiyyətlə bağlıdır".

Xəbər lenti
0