BAKI, 26 iyul — Sputnik. Erməni şahmatçıları 1-14 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyəcəklər. Sputnik Ermənistan-ın verdiyi məlumata görə, bu haqda Ermənistan Şahmat Federasiyasının vitse- prezidenti Smbat Lputyan məlumat verib.
"Biz komandamızın şahmatçıları ilə danışdıq və qərara aldıq ki, Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyək", — vitse-prezident deyib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bu hadisəni Sputnik-ə belə şərh edib: "Bu qərarın nə səbəbdən verildiyi barədə məlumatım yoxdur. "Keçən il şahmat üzrə dünya kubokunda Ermənistan komandası Azərbaycana gəlib. O zaman digər komandalar kimi onların da tam təhlükəsizliyi qorunub. Bu gün də onları qəbul etməyə və tam təhlükəsizliklərini təmin etməyə hazırıq".
"Son günlərdə əldə etdiyimiz məlumata görə, Ermənistan komandası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirakı müzakirə edib. Son bir neçə saat ərzində onların gəlməyəcəyi xəbəri mediada yayılıb. Bu haqda bizə rəsmi məlumat verilməyib. Ona görə hələ də biz ciddi rejimdə hazırlıqlarımızı davam etdiririk. Gəlsələr, qəbul etməyə hazırq".