BAKI, 19 may — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Ermənistan və Azərbaycana internet-matç keçirməyi və iki dövlət arasında "virtual körpü tikməyi" təklif edib. O, hesab edir ki, kollektiv şahmatın köməyi ilə təkcə millətlərin IQ-sünü müəyyən etmək deyil, həmçinin "dövlətlərarası münasibətləri" tank, top və təyyarələrin iştirakı olmadan da təyin etmək mümkündür.
Onun fikrincə, matçda Azərbaycan və Ermənistandan olan şahmat həvəskarları iştirak edə bilərlər. "Şəhər şəhər ilə", "ölkə ölkə ilə" oyun kollektiv şahmatın proqramı hələ bir neçə il bundan əvvəl hazırlanıb.
İlyumjinov Sputnik-ə izah edib ki, burada yalnız bir partiya olacaq: "İstənilən şahmatçı və yaxud həvəskar iki dəqiqə ərzində SMS-məlumat göndərərək gedişi seçə bilər. FİDE-nin proqramı isə müəyyən edə bilər ki, oyunçuların böyük əksəriyyəti hansı gedişin xeyrinə səs veriblər".
"Matçın başlandığını elan edək. Komandalardan biri ilk gediş etsin. SMS-məlumatın göndərilməsi üçün 2 dəqiqə vaxt verilir. Bir milyon adam, misal üçün Е2-Е4 göndərir, 2 milyon adam isə D2-D4. Kompüter ikinci variantı seçir. İki dəqiqədən sonra ikinci komanda eyni sxem üzrə səs verir. Bu minvalla millətin IQ-sü müəyyən edilir. Biz ayırd edirik ki, hansı millət daha yaxşı şahmat oynayır" — deyə İlyumjinov bildirib.
FİDE prezidentinin təklifini Ermənistan prezidenti Serj Sarkisyan artıq dəstəkləyib. Gələn həftənin 3-cü günü, mayın 25-də, İlyumjinov Bakıya Beynəlxalq Şahmat turnirinə gələcək. O, internet-matçın keçirilməsi ideyasını Azərbaycanın Şahmat Federasiyasının rəhbərliyi ilə müzakirə edəcək. FİDE rəhbərinin sözlərinə görə, bir il əvvəl o, belə bir matçın keçirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təklif verib və müsbət cavab alıb.
İnternet-matçda milyonlarla şahmat həvəskarının iştirak edəcəyi gözlənilir. "Bu, həm Azərbaycan, həm də Ermənistanda şahmatın inkişafına böyük diqqət cəlb edəcək. Ermənistanda bütün məktəblərdə şahmat tədris edilir, Azərbaycanda isə 2008-ci ildə şahmatın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bütün şəhər və rayon mərkəzlərində şahmat klubları açılıb. Nə qədər çox adam şahmat oynamağı bacarsa, daha çox əmin ola bilərik ki, kollektiv şahmat zamanı düzgün gediş ediləcək" — deyə İlyumjinov bildirib.
Federasiya prezidentinin bu sülhməramlı missiyası təkcə Azərbaycan və Ermənistanla bitməyəcək. Gələcəkdə FİDE belə bir matçı Ukrayna ilə Rusiya arasında da keçirməyi planlaşdırır. "FİDE-nin planı kifayət qədər ambisiyalıdır: federasiya beynəlxalq qitələrarası dünya çempionatı təşkil etmək niyyətindədir. Burada da Afrika Asiyaya, Avropa isə Amerikaya qarşı oynayacaq" — o, əlavə edib.
Hazırda FİDE dünyanın 187 ölkəsində mövcuddur. Hər il 100-dən artıq müsabiqə keçirilir. Dünyada 600 milyondan artıq insan şahmat oynayır. İlyumjinov FİDE prezidenti olduğu müddətdə dünyada şahmat oynayanların sayını bir milyarda çatdırmaq məqsədini qarşıya qoyub.