Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyədəki çevriliş cəhdinin anatomiyası

© REUTERS / Osman Orsal Türkiyədə dövlət çevrilişinə cəhd
Türkiyədə dövlət çevrilişinə cəhd - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi çevriliş cəhdinə səbəb nə idi və Fətullah Gülən şəbəkəsi bu işin harasındadır?

Prof. Dr. Saleh YILMAZ, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. 2002-ci ildə demokratik seçkilərlə iqtidara gələn Ədalət və İnkişaf partiyası (AKP), Avropa Birliyi və ABŞ ilə sıx əlaqələr quraraq önəmli islahatlar keçirdi. Hətta Avropa Birliyinə üzvlük prosesində qanunlarda dəyişikliklər etdi. Bunu edərkən də fərqli düşüncə tərzinə sahib siyasətçiləri özündə cəmləndirirdi.

Türk Silahlı Qüvvələri bu gedişatdan narazı idi. Daha sonra ordunun Balyoz, Ergenekon və s. çevriliş planlarının üstü açıldı. Məhz elə bu anda özü Amerikada yaşayan və dünyanın bir çox ölkəsində kollecləri olan Fətullah Gülən və tərəfdarları AKP içərisində yer alaraq prosesə dəstək oldular. Təhsilli və bacarıqlı işçi heyətinə sahib Gülən şəbəkəsi ordunun Balyoz, Ergenekon və s. çevriliş planlarını bəhanə edərək bütün müxalifləri zərərsizləşdirərək polis, ordu, məhkəmə, təhsil, universitet və s. bütün orqanlara öz adamlarını yerləşdirdi. Bu təşkilat İslami fikirləri müdafiə adı altında türk xalqının rəğbətini qazanaraq, ABŞ və İsrail kimi ölkələrlə əməkdaşlığı xüsusilə istəyirdi. 

© Photo : erhaber.comProf. Dr. Saleh Yılmaz
Prof. Dr. Saleh Yılmaz - Sputnik Azərbaycan
Prof. Dr. Saleh Yılmaz

Türkiyə Cümhuriyyəti 2002-2010-cu illəri arasında rəsmən Fətullah Gülən Təşkilatının bütün dövlət qurumlarına yerləşdiyi bir dövrü yaşadı. 2010-ci ildən etibarən AKP-ni də ələ keçirib, bir xəlifəlik qərargahı yaratmaq məqsədi güdürdülər. Lakin AK partiya lideri Ərdoğan bu təşkilatın dövlətin hər yerinə sızıb özünü də təhdid etməsi üzərinə bunlarla əlaqələrini kəsdi. 

Gülən təşkilatı AK Partiyanın özləri sayəsində gücləndiyini iddia edərək Ərdoğan və ətrafını həbs etməklə təhdid etdi. 17-25 dekabr 2011-ci il tarixlərində Ərdoğan və ailəsinə qarşı sivil çevriliş etməyə çalışdılar. Lakin bacara bilmədilər. Ərdoğan isə bunları dövlət və özəl qurumlardan uzaqlaşdıraraq iqtisadi güclərini yox etməyə çalışdı.

Lakin dövlət içərisində böyük güc qazanmış bu adamlar özlərini elə gizlədirdilər ki, bunların kimlər olduğunu təsbit etmək olduqca çətin idi. Bundan başqa ABŞ-da yaşayan liderlərindən aldıqları əmrlərlə, Türkiyə dövləti əleyhinə olan bütün ölkələr və insanlarla əməkdaşlıq edirdilər. Bu təşkilatın fəaliyyəti həm Mərkəzi Asiya, həm də Rusiyada çoxdan qadağan edilmiş və məktəblərinə də əl qoyulmuşdu. Gülən təşkilatı üzvlərinin məhkəmə, polis və digər təşkilatlardakı nüfuzlu tərəfdarları işdən qovuldular.

Hər ilin 1 avqustunda Türkiyədə ordunun şəxsi heyəti təsdiq olunur. Bu ilki yığıncaqda təsbit edilən bütün Fətullah Gülən üzvlərinin ordudan ixracı planlaşdırılırdı. Bəs onda bu gizli tərəfdarlar necə təyin olunmuşdu?

Belə ki 2010-cu ildə dövlətin öz məmurlarını təyin etmək üçün keçirdiyi KPSS imtahan suallarının oğurlandığı və bəzi kəslərin haqsız məmur olduğu aydınlaşdı. Aparılan istintaqda Gülən təşkilatı üzvlərinin sualları oğurlayaraq öz tərəfdarlarını məmur etdiyi sübut olundu. Prokurorluq verdiyi açıqlamasında, orduda çalışan bir çox komandirlərin yoldaşları, uşaqları və ya qohumlarının bu suallar sayəsində məmur olduqlarını bildirdi.

Beləcə özlərini çox yaxşı gizləməyi bacaran ordudakı Fətullah Gülənə bağlı komandirlər da təyin olundu. Bu komandirlər 1 Avqust 2016-cı ildə keçiriləcək toplantıda vəzifədən qovulacaqlarını anladılar. Hətta bu kəslərin həyat yoldaşları və uşaqlarının da imtahan suallarını oğurlamaqdan və qanunsuz məmur olmaqdan həbs ediləcəyi dəqiqləşmişdi. Bu situasiyada olan komandir sayı 580 nəfər idi.

Həmçinin son dövrdə Türkiyənin İsrail və Rusiya ilə əlaqələrini normallaşdırması nə Avropanın, nə də NATO-nun xoşuna gəlmirdi. Amerikalı rəsmilər Ərdoğan hökumətini sanki düşmən olaraq görürdü. Türkiyənin Suriyada ABŞ-ın dəstəklədiyi separatçı PYD-ni terror təşkilatı elan edib Vaşinqtona reaksiya göstərməsi də Ağ Evi məmnun etmirdi.

Турецкие солдаты на площади Таксим - Sputnik Azərbaycan
MİT: Türkiyədə çevriliş cəhdinin qarşısı alınıb

Amerika həm İraqda, həm də Suriyada Türkiyə ilə razılaşa bilmirdi. Yenə qaçqın böhranı səbəbiylə bütün Avropa ölkələri Türkiyəni günahkar görürdü. Avropaya görə Türkiyə suriyalı qaçqınları qəbul etməməli, ölkəyə qaçaq keçənlərin də Avropaya getməsini nə bahasına olursa olsun, əngəlləməli idi. Türkiyənin isə buna cavabı qısa və konkret idi. Rəsmi Ankara insanlıq adına qaçqınları almağa davam edəcəyini və məsuliyyətin bütün dünya tərəfindən paylaşılmalı olduğunu bildirirdi.

Suriyada və Şərq Avropada Rusiya-NATO böhranları müddətində NATO, həm Qara dənizdə həm də Qafqazda güclənmək və daha çox yerləşmək istəyirdi. Lakin Türkiyənin Rusiya ilə əlaqələrini normallaşdırması NATO-nun Qara dəniz planlarını alt-üst etdi.
Ərdoğan başçılığındakı AKP hökuməti artıq Avropa və ABŞ-ın istədiyi siyasəti sorğusuz icra edən bir ölkə olmaqdan çıxmışdı. Bundan başqa, yenidən Rusiya və İsrail ilə əldə olunan sülh də Türkiyənin Şərqlə əlaqələrini möhkəmləndirəcəyi mənasını verirdi.

Ərdoğanın siyasətindən təkcə Avropa və Amerika yox, Suriyada Bəşər Əsəd, Misirdə Sisi, İraq rəhbərliyi və İran da narahat idi. Çünki onlara görə Yaxın Şərqdə güclü bir Türkiyə özləri baxımından problem meydana gətirirdi. Bütün bu şərtlər içərisində əllərindəki ən hazır güc Fətullah Gülən təşkilatı idi. Çünki onlar da Ərdoğanı devirmək istəyirlər və dövlət, ordu, polis orqanlarında çoxlu tərəfdarları var idi.

15 iyul gecəsi 22.30 radələrində hərəkətə keçən xuntaçılar həm ordudan, həm də polis qüvvələrindən dəstək almışdılar. Lakin Türk ordusunun ana komandirlərini razı sala bilməmişdilər. Bu səbəblə də onları həbs edərək başqa yerə apardılar. Dövlət televiziyasını ələ keçirərək çevriliş etdiklərini və rəhbərliyə əl qoyduqlarını elan etdilər.

Bu ərəfədə özəl telekanala canlı bağlanan baş nazir Binəli Yıldırım ölkədə çevrilişə cəhd olduğunu, ancaq bunu qəbul etməyəcəklərini açıqladı. Mərmərədə bir hoteldə tətildə olan Ərdoğan isə TV proqramına telefonla bağlanaraq xalqı rəhbərliyə sahib çıxmağa çağırdı. Bu çağırış üzərinə ölkənin hər yerində xalq küçələrə çıxaraq tankların keçidinə maneə törətdi. Çevrilişə cəhd edən əsgərləri əllərində silahsız, sopalarla qovmağa başladılar.

Xuntaçılar şok içərisində idilər. Çünki xalq onları istəmirdi. Onlar nə edəcəklərini bilmirdilər. Xalqı qorxutmaq üçün həm Prezident iqamətgahına, həm Baş Qərargah binası ətrafına, həm də elə xalqın özünə bombalar yağdırmağa başladılar. Bununla da kifayətlənməyərək Böyük Millət Məclisini bombaladılar. Bundan öncə isə, özlərinə qarşı heç kim silah çəkməsin deyə, xüsusi təyinatlı polis mərkəzini bombalayaraq 40 polisi şəhid etdilər. Gecə saat 02.30 radələrində isə çevrilişi dəstəkləməyən ordununun içərisindən digər qüvvələr havaya qalxaraq xalqı bombalayan xuntaçı qırıcıları və helikopterləri zərərsizləşdirdi.

Hərbi çevriliş cəhdi - Sputnik Azərbaycan
TƏHLİL
"Türkiyədəki hərbi çevriliş cəhdinin arxasında ABŞ dayanır"

Gecə yarıdan etibarən xuntaçılar məğlub olduqlarını anladılar. Xalq bütünlüklə küçələrə çıxmışdı. Əhalinin hamısını öldürmək mümkün olmayacağına görə çevrilişdən imtina edildi. Kimisi Yunanıstana, kimisi də PYD terror təşkilatına sığındı.

Lakin xalq əsəbi idi. Çünki öz ordusunun vətəndaşın üzərinə bomba atmasını, silah çəkməsini gözləmirdi. Ordu mənsublarının polisləri öldürməsini həzm edə bilmirdi. Səhər etibarilə Ərdoğan və digər dövlət rəhbərləri vəziyyətə hakim oldular. Ordu və polis üsyançıları həbs etdi. Ardıcıl olaraq Fətullah Gülən Təşkilatının mənsubu olan hakim, prokuror, vali, baş məmur və s. hamısının vəzifəsinə son verildi və həbs olunma qərarı alındı. Ümumilikdə çevrilişə dəstək olanların sayı 9000 idi. Yəni 9 min terrorçu 80 milyon xalqa qarşı gələ bilmədi.

Qərb bloku bəlkə də Misir və Yaxın Şərq ölkələrində olduğu kimi ordudan istifadə edərək rəhbərliyə əl qoya biləcəyini düşündüyü üçün xuntaçılara dəstək oldu. Çünki çevrilişi edənlərin xaricdən dəstək almadan belə bir cəhd etmələri mümkün deyildi. Lakin Qərb bir şeyi unutmuşdu. Türkiyədə xalqın demokratik olmayan istənilən cəhdə maneə törədəcəyini hesaba almamışdı. Türk xalqı seçmiş olduğu rəhbərliyinə ölmək bahasına sahib çıxdı.

Bu çevrilişə Türkiyədəki bütün siyasi partiyalar və müxalifət də qarşı çıxdı. Küçələrdə hər düşüncədən və partiyadan olan insanlar bu terror cəhdinə maneə törətdi. Bu ölkədə dünyəvi-dindar, türk-kürd müharibəsi çıxarmaq istəyənlər bacara bilmədilər. Sadəcə Türkiyənin qərbində deyil, şərqində kürdlərin yaşadığı şəhərlərdə də xalq küçələrə çıxaraq bu çevrilişə etiraz etdi.

Əslində hərbi çevrilişdən əvvəl Türkiyədə rəhbərliyi dəyişmək üçün fərqli planlar dövrəyə soxulurdu. İlk öncə AK Partiya içərisində qarışıqlıq çıxarılmaq istəndi. Daha sonra Gezi hadisələri adı altında gəncləri küçələrə çıxmağa səslədilər. Bu, baş tutmadıqda korrupsiya ittihamları ortaya çıxdı, hökumətdəkilərin həbsi istəndi.

Türkiyəni İŞİD-lə əlaqəli göstərərək beynəlxalq ictimaiyyətdə çətin vəziyyətə salmaq istədilər. Lakin nə hikmətsə İŞİD daha çox Türkiyədə bombalar partlatdı. Türkiyəni İŞİD-lə bir göstərməyə çalışan ölkələrdə nə hikmətsə heç nə baş vermirdi.

Suriyadakı planlarını Türkiyənin də qəbul etməsini istəyən ölkələr, arzuları reallaşmayınca uğursuzluqlarının günahını Türkiyəyə atmağa başladı. Halbuki İŞİD-i istədikləri kimi bombalayır, istədikləri kimi də döyüşürdülər. Yaxşı bəs niyə İŞİD-i yenə bilmirlər? Çünki İŞİD-in birdəfəlik məhv olması həmin ölkələrin işinə gəlmirdi. Türkiyə ən başından etibarən, İŞİD-in terror təşkilatı olduğunu qəbul edib, bu terrorçularla səmimi mübarizə aparılmadığını söyləyir, hətta sübut edirdi. Bəşər Əsəd və İŞİD arasındakı bütün əməkdaşlığı ortaya qoyurdu. Türkiyə, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmasını və bunun sayəsində həm qaçqın probleminin həll ediləcəyini, həm də İŞİD-in təsirinin yol olacağını söyləyirdi.

Lakin hər nə hikmətsə bu təklifi nə ABŞ, nə də Avropa ölkələri qəbul edirdi. Baxmayaraq ki, İŞİD bir neçə dəfə onları da bombalamışdı. Amma onlar yenə də İŞİD-lə səmimi mübarizədə maraqlı deyildi.

Belə olan halda, Türkiyə Qərbin planlarını çözərək, bölgədə öz siyasətini yeritməyə başladı. Bəşər Əsədlə heç vaxt razılıq olmayacağını, 600 min insanın qatilinin Yaxın Şərqdə yeri olmadığını eşitdirdi. Bunu kim etdi? Rəcəb Tayyib Ərdoğan. Qərb alyansı ancaq Ərdoğanı devirəcəkləri halda Suriya və Yaxın Şərqdə öz istəklərini qəbul etdirə biləcəyini düşündü.

Türkiyədəki çevriliş cəhdinin anatomiyası belədir. Bu çevriliş cəhdinin qarşısı, türk xalqının əlində bayraqlarla öz bədənlərini tanklara və qırıcılara sipər etməklə alındı. Türklər, eynilə tarixlərində olduğu kimi özlərinə xas qəhrəmanlıqlarını göstərmiş və suverenliyin qeyd-şərtsiz millətə aid olacağını bütün pis niyyətli düşmənlərinə sübut edib.

Xəbər lenti
0