BAKI, 18 iyul — Sputnik. Türkiyəli politoloq Mehmet Perincek Sputnik-ə ölkəsindəki son vəziyyətlə bağlı maraqlı müsahibə verib. Müsahibəsində bir çox diqqətçəkən məqamlara toxunan M. Perincek, Türkiyədəki çevriliş cəhdinin arxasında Amerikanın dayandığını deyib. Müsahibəni təqdim edirik:
– Mehmet bəy, Türkiyədə nə baş verir?
– Fətullah Gülən şəbəkəsinin Türkiyədə reallaşdırmaq istədiyi çevriliş cəhdi boşa çıxıb və qanuni hökumət vəziyyətə tam nəzarət edir. Çevrilişə cəhd edənlər türk ordusunun içində çox az bir qismi təmsil edir. Ümumilikdə ordunun özündə, istər ən yüksək rütbəlilər olsun, istərsə də aşağı vəzifəlilər, çevrilişə qarşı olduqları və ciddi tədbirlər gördükləri üçün bu cəhdin qarşısı alınıb. Və günahkarlar da bir-bir həbs olunaraq ədalətə təslim edilir. Həm türk milləti, həm də polis qüvvələri çevrilişə qarşı açıq mövqe sərgiləyib.
– Hazırda meydanlarda vəziyyət nə yerdədir? İnsanlar küçələrdən çəkilirmi?
– Demək olar ki, Türkiyənin bütün şəhərlərində geniş kütlələr türk bayraqlarını da yanına alaraq küçələrə çıxmağa davam edir. Bu insanlar fərqli görüşlərə, fərqli həyat tərzinə sahib olan insanlardır. Onları bir yerə cəmləyən dövlətin, ölkənin istiqlalı və təhlükəsizliyidir. Bu adamlar hüquqsuzluğa və qanunsuz hərəkətlərə qarşı olduqları üçün meydanlara axışırlar. Gündüzlər normal həyat öz axarı ilə davam edir. Ancaq gecələr şəhər meydanları tam dolu olur. Hər kəs demokratiya növbəsi tutur.
– Türk hökuməti bu çevrilişin arxasında Fətullah Gülən şəbəkəsinin dayandığını bildirir. Və ABŞ-dan onun Türkiyəyə ekstradisiya olunmasını tələb edir. Həmçinin çox ciddi iddialar da var ki, Gülən Amerikanın öz adamıdır. O zaman belə anlamaq olarmı ki, çevrilişə cəhdi Ağ Ev təşkil edib?
– Fətullah Gülən Amerikanın əlində bir vasitədir və onlar bu vasitədən dünyanın hər yerində istifadə edirlər. ABŞ Mərkəzi Kəşfiyyatı fətullahçı şəbəkədən tək Türkiyədə yox, dünyanın çox yerində yararlanır. Bu şəbəkə sizin ölkənizdə, Azərbaycanda da var. Avropa, Afrika, Mərkəzi Asiya ölkələri, o cümlədən Rusiyada da var. Altını cızaraq söyləyirəm ki, Amerika Türkiyənin Rusiya ilə yaxınlaşmasını heç cür həzm edə bilmir. Vaşinqton, türk hökumətinin PKK ilə mübarizəsindən də ciddi narahatlıq duyurdu. ABŞ-ın media yayım orqanlarında Ankaranın PKK ilə masaya oturmalı olduğu dilə gətirilirdi. Hətta hökumətə təzyiqlər də olunurdu. Ancaq Türkiyə qərarlı bir şəkildə həm PKK ilə mübarizəsini davam etdirdi, həm də qonşu ölkələrlə əlaqələrini yenidən düzəltmə yolunu seçdi. Rusiya ilə münasibətlərin düzəlməsində ciddi addımlar atıldı. Suriya siyasətində dəyişikliklərə işarə edən bəzi siqnallar verildi. İranla da əlaqələrin yaxşı səviyyəyə çatması üçün işlər görülür. Təbii olaraq bu da Amerikanı ciddi şəkildə qorxudur.
Hadisələrin başlanğıcında Amerikadakı yayım orqanları ciddi şəkildə hərbi çevrilişə dəstək verirdi. Ancaq çevrilişin uğursuz olacağını anlayan ABŞ hökuməti, daha sonra heç nə yoxmuş kimi kənarda durdu və bu işin içində olmadığını bəyan etdi. Digər tərəfdən çevrilişə kimlərin cəhd etdiyinə baxdığımız zaman, məsələ daha aydın olur. Fətullahçı şəbəkəyə yaxın olduqları səbəbilə ordudan ixracı planlanan, haqlarında istintaq işi hazırlanan generallar, müxtəlif rütbəli zabitlər son çarə kimi çevrilişə əl atdılar.
– Əgər Gülən şəbəkəsi orduya bu qədər sıza bilibsə, keçən ilin noyabrında rus təyyarəsinin vurulması hadisəsində də onların əli ola bilərmi?
– Heç şübhəsiz ki, bu, belədir. Diqqət edirsinizsə, çevrilişə cəhd edən komanda hava qüvvələrində ciddi nüfuza sahib olanlardır. Çevrilişin planlarını da məhz onlar hazırlamışdılar. Rus təyyarəsini vuran pilot da, planlayan heyət də çevrilişi hazırlayanlar içində yer alıblar. Amerika bu işi fətullahçı subaylara gördürüb. Mənim sizə verdiyim bu məlumat dəqiq məlumatdır. Yəni iddia deyil, təxmin deyil. 100 fair doğru məlumatdır. Bu faktın özü belə, Türkiyədəki hadisələri Amerikanın planladığını sübut edir. Həm rus təyyarəsinin vurulması, həm də Türkiyədəki çevriliş Amerikadan idarə olunub. Çünki Türkiyə-Rusiya münasibətlərinin pozulması ən çox Vaşinqtonun işinə yarayıb. Bundan ən çox zərər çəkənlər isə Rusiya və Türkiyə olub.
– Rusiyada bəzi politoloqlar və dövlət adamları düşünürlər ki, bu çevriliş cəhdinə səbəb türk hökumətinin izlədiyi siyasətdir. Onların fikrincə, Ərdoğan Atatürkün gətirmiş olduğu dövlətçilik dəyərlərindən uzaqlaşır və çevrilişə cəhdi də məhz atatürkçülər edib. Bu, doğrudur?
– Təəssüf ki, Rusiyada bəzi yanlış fikirlər səsləndi. Özü də dövlət rəsmisi bunu səsləndirdi. Guya Ərdoğan Atatürkün təyin etdiyi siyasi çizgidən kənara çıxdığı üçün bu hadisələr baş verib. Əminliklə deyirəm ki, bu çevriliş cəhdi qətiyyən atatürkçü əsgərlər tərəfindən edilməyib. Bunu edənlər fətullahçı generallar və zabitlərdir.