Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qazanmaq daha çətin, itirmək daha asan...

© nostalgiya.azAktyorlar Bəşir Səfəroğlu (solda) və Lütvəli Abdullayev (sağda)
Aktyorlar Bəşir Səfəroğlu (solda) və Lütvəli Abdullayev (sağda) - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər sənət olmasaydı, kainata baxar, lakin ona bir dəyər qazandıra bilməzdik

BAKI, 21 iyul — Sputnik. Hegel kimi sənəti elmdən ayıraraq onu insan ruhunun məhsulu hesab edən ünlü yazar İ.H. Baltaçıoğlu, pyesi həyatdan kəsilmiş bir dilim hesab edir. Bildirir ki, bu dilim əsərin mətnini təşkil edir və özündə müəyyən bir müddəti ehtiva edir. Qeyd edir ki, bu müddətin zaman müddəti ilə heç bir əlaqəsi yoxdur. Bu "müddət", "can müddəti" və "ruh müddəti"dir. 

Hər ikisinin bir yerdə nümayişi tamaşanın müddətini təyin edir. Tamaşada əsas məqsəd bu müddəti var etməkdir. Baltaçıoğlunun fikrincə, müddət olmayan yerdə tamaşa da ola bilməz. Müddət kəsildiyi anda həyat bitər. Və yazara görə, teatr dediyimiz "şey", bir həyat parçasının müddətə çevrilməsidir.

Loja və teatr səhnəsi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrdan çaxır qoxusu gələrsə...

Bu müddəti var etmədə aktyorun funksiyası əvəzsizdir. Pyesin mövzusunu bədənləşdirən, obrazı öz "mən"ində axtaran aktyor teatr sənətinin canlı üzvüdür, tamaşanın yaradıcı qaynağıdır. Teatrın bütün ünsürləri aktyorun ətrafında cəm olar, tamaşanın uğuru aktyorun yaradıcılığı ilə dəyər qazanır. Bunu da Baltaçıoğlu söyləyir.

"Əcəba, hər şeyi teatrda saxlayıb bir tək aktyoru aradan qaldırsaq, nə olar?" sualına cavab vermək fikrimizcə, imkansız, çünki aktyorsuz teatr ola bilməz. Amma teatrsız aktyorun olması isə mümkün: Bu, bir aksiomadır.

Görəsən, dünyada elə bir insan varmı ki, heç olmasa bir dəfə də olsun sevdiyi hər hansı bir obrazı teatr səhnəsində canlandırmaq həvəsinə düşməsin? Amma olsa belə, teatr səhnəsini ötəri həvəs və istəklərə qurban vermək böyük qəbahət sayılsın gərək. Çünki teatr məbəddir və bu məbədin sakinləri rahib və rahibələr olsun gərək…

Xoşbəxtlikdən, Azərbaycan teatrı yarandığı gündən bu vaxta qədər heç bir vaxt aktyor qıtlığı yaşamayıb. Əksinə, azərbaycanlı aktyorların fitri istedadları, fədakarlıqları sayəsində Avropa tipli milli teatrımız öz varlığını günümüzə qədər sürdürə bilib.

Teatrı məbəd bilənlər şamın ətrafına dolanan pərvanə kimi zaman-zaman bu sənətin varlığında yanıb-yanıb "kül" olublar. Dünən belə idi… Azərbaycan teatrının hazırkı durumu onu deməyə əsas verir ki, bu gün nə şam var, nə də pərvanə…

"Bütün dünya teatrdır, insanlar isə onun aktyorları" — bunu Şekspir demişdi. Böyük dramaturq axı hardan biləydi ki, bir neçə əsr bundan əvvəl söylədiyi bu müdrik kəlam, günümüzdə bəzi sənət adamlarımız tərəfindən bir başqa cür yozulacaq? Özünü aktyor hesab edən varlıq teatr səhnəsindən çox, həyat səhnəsində rol almağa can atacaq? Qabil heç də yalan söyləmədi: "Müsibət oluruq biz, səhv düşəndə yerimiz…"

Tamaşaçı üçün isə yer problemi önəmli sayılmaz; istər açıq havada olsun, istərsə də qapalı məkanda. Təki oyun olsun, tamaşa olsun. Təki aktyor tamaşaçıya sayğı ilə yanaşsın, onun tamaşaya görə itirəcəyi zamana bir zənginlik gətirmiş olsun.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Turşumuş çaxır qoxusu da bundan yaxşıdır

Bu gün böyük həvəs və sevgi ilə teatra üz tutanların ilk andaca xəyal qırıqlığına uğramasının kökündə aktyorun özünə, sənətinə və tamaşaçısına sayğısızlığı dayanır. Bu sayğısızlığı aldığı məvaciblə, ailə-məişət qayğıları ilə ört-basdır etməyə cəhd göstərən aktyoru anlamaq o qədər də çətin olmasa da, heç asan da sayılmaz. Amma, nədənsə "oynamaq istəməyən "yerim dardır" deyər həmişə…".

Aktyor, tamaşaçının gözündə səhnədəki geyimi, davranış tərzi, ədası, eyni zamanda bəzi yerli-yersiz səs və ifadə imkanları — "improvizə"ləri ilə deyil, özünü obrazın içində əridib yox etməsi ilə dəyər qazanmalıdır. Vaxtilə ağır onkoloji xəstəliyə tutulsa da, Ş. Qurbanovun "Milyonçunun dilənçi oğlu" tamaşasındakı (Musiqili Teatrın səhnəsində) polis rolunun məharətli ifası ilə Bəşir Səfəroğlu tamaşaçının gözündə daha böyük rəğbət qazanmış oldu.

Bu bir gerçəkdir ki, həyatda müəyyən problemlərlə üzləşən aktyor onu səhnəyə yansıtmamağa çalışmalıdır. Əgər aktyor həyatda təbiətcə bədbindirsə, o, səhnədə öz obrazına optimist münasibət bəsləməlidir. Reallıqda maddi sıxıntı yaşayan aktyorun səhnədə oliqarxı oynaması təbii haldır.

Ünlü yazar, pedaqoq, xəttat və siyasətçi İ.H.Baltacıoğlu hər şeyi teatrdan qaldırır, ancaq aktyoru saxlayır, "teatrda aktyordan başqa heç bir yaradıcı şəxs özbaşına dəyər daşımaz" qənaətinə gəlir və haqlı olaraq bildirir ki, teatr aləmində bütün yaradıcıların dəyəri aktyora görə verilir.

Dövrün tələblərinə zidd gedərək səhnədə qadın rollarını oynayan kişi aktyorlarımızın fədakarlıqları və eyni zamanda mühafizəkar bir cəmiyyətdə qadınlarımızın səhnəyə atılaraq teatr sənətimizə təmənnasız xidmətlər göstərmələri əsl sənət örnəkləridir. Fikrimizcə, aktyor, təbiətcə dərviş ruhlu olmalıdır. Əsl yaradıcı şəxsin öz sənətindən təmənnası ancaq və ancaq yüksək zövqlü tamaşaçı qazanmaqdan ibarət olmalıdır.

Hər zaman olduğu kimi, bu gün də sənət, kimlər üçünsə şöhrət, kimlər üçün isə sadəcə bir həyat, yaşam və enerji mənbəyi olaraq qalmaqdadır. İkinci qismə aid olanların azlıq təşkil etdiyi bu günümüzdə teatrın müqəddəslik simvolu daşıması şübhə doğurur. Bunu tamaşaçının teatra münasibətindən də aydın sezmək olur.

Unutmaq olmaz ki, sənəti özündə deyil, özünü sənətdə sevməyin ən böyük fəsadlarından biri tamaşaçı itkisidir. Aktyorun bu itkiyə yol açması bağışlanmazdır. Çünki qazanmaq daha çətin, itirmək daha asan…

Türkiyədə "təhsil islahatı axını"nın ən böyük təmsilcisi, İ.H.Baltacıoğluna görə, sənət olmasaydı, iç həyatımız, duyğularımız, ehtiras və iradələrimiz nəticəsiz qalardı… Əgər sənət olmasaydı, kainata baxar, lakin ona bir dəyər qazandıra bilməzdik… Sənət olmasaydı, dəyişmə və irəliləmə imkanlarımızdan xəbərdar ola bilməzdik… Əgər sənət olmasaydı dilsiz və vicdansız qalardıq…

Xəbər lenti
0