Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Azərbaycana xristianlıq bizim eranın ilk əsrlərində, Qafqaz Albaniyası zamanında İsa Məsihin həvariləri vasitəsilə gəlib. Eramızın 70-ci ilində Qüdsdən yəhudilərin Qafqaza köçürülməsi güclənir və gələnlər İsa peyğəmbərin möcüzələrindən danışırlar, İsanın məsih olduğu haqqında müjdəni çatdırırlar.
Belə bir təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib və Kiş adlı yerdə kilsə tikib. Bu kilsə Ermənistandakı xristian kilsəsindən daha qabaq tikilib.
Daha sonra isə Yelisey, yeni dini təbliğ etməkdən ötrü şimala gedib. Lakin Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək çaya atılıb. Pravoslavlıq isə Azərbaycana XIX əsrin əvvəllərindən etibarən Rusiya çarlığının bölgədə "köçürmə siyasəti" çərçivəsində gəlib.
Ruslar Azərbaycanda…
XIX əsrin 30-cu illərindən ruslar Azərbaycanda məskunlaşmağa başladılar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycana köçüb.
1917-ci il Oktyabr inqilabından əvvəl burada 100-ə yaxın rus kəndi mövcud idi. Bu kəndlərin əhalisi Rus Pravoslav Kilsəsindən ayrılan və Çar hökuməti tərəfindən Rusiyanın mərkəzindən Qafqaza köçən təriqətçilərdən ibarət idi. İri şəhərlərdə yaşayan ruslar, əsasən hökumət nümayəndələri, sahibkarlar, mütəxəssislər və fəhlələr idilər.
Ruslar 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisi kəndini, 1844-cü ildə isə Slavyanka kəndini salıblar. Təbii ki, burada yaşayan rusların dini ayinlərini həyata keçirmələri üçün kilsələrin tikilməsinə zərurət yaranırdı.
Belə kilsələrdən biri də, günümüzə qədər qorunub saxlanılan, yerli əhəmiyyətli tarixi abidə kimi qorunan, Cəlilabad rayonu Göytəpə şəhərində Göytəpə pravoslav kilsəsidir.
Cənubda bənzəri olmayan kilsə
Bakıdan üzü cənuba doğru gedərkən Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin ərazisində olan kilsəni görməmək mümkün deyil. Kilsənin unikal forması göz oxşayır.
Kilsə haqqında ümumi məlumatı öyrənmək üçün bizə Göytəpə Şəhər Mədəniyyət evinin işçisi Sədrəddin Rzayev yardımçı oldu. Onun bildirdiyinə əsasən, Göytəpə pravoslav kilsəsinin tarixi XIX əsrin ortalarına gedib çıxır.
"Azərbaycan ərazisinə köçürülən rusların bir qismi Cəlilabad rayonuna köçürülüb. Təbii ki, ruslar xristian dininə etiqad etdikləri üçün ibadət etməyə kiçik bir bina tikiblər. Amma bu bina rusların kütləvi şəkildə ibadət etmələri üçün darısqal olduğundan, bölgədə analoqu olmayan kilsənin tikilməsi qərara alınıb", — S. Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycana gələn ruslara "azad gəlmələr" adı verilib: "Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə edib və istədikləri yerdə yaşaya bilərdilər. Elə Cəlilabadın Privolni kəndinin də adı rus dilində "azad gəlmələr" mənasını verir".
Divarlar hər tərəfdən xaçı xatırladır
Müsahibimizin dediyinə əsasən, 1848-ci ildə tikintisinə başlanan kilsə, düz 4 ildən sonra — 1852-ci ildə istifadəyə verilib. Amma kilsənin divarında onun 1878-ci ildə istifadəyə verildiyinə dair lövhə asılıb. 6 günbəzdən ibarət olan qədim kilsənin tikintisi yerli ustalar tərəfindən aparılıb. Məhz buna görədir ki, kilsənin pəncərələri Azərbaycan milli memarlıq üslubundadır.
"Tikilidə daha çox diqqəti cəlb edən xüsusiyyət odur ki, kilsə divarları hər tərəfdən özündə xaç şəklini əks etdirir. Üç tərəfdə də qapı yerləri var və onlar da xaç formasında qurulub. Hətta içəridə şam yandırılan yerlər də xaçı xatırladır. Beləliklə də ruslar bununla xristian olmalarını, məbədin isə xristianlara xidmət etdiyini nümayiş etdirmək istəyiblər", — S. Rzayev qeyd edib.
Qeyd edək ki, yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşir. Həmsöhbətimiz bildirir ki, ötən əsrin 30-cu illərində Kommunist Partiyasının ateist ideologiyası bir sıra dini abidələrlə yanaşı, Göytəpə pravoslav kilsəsindən də yan keçməyib: "Sovet sakinlərinə dini mərasimləri yerinə yetirmək qadağan edildiyindən, bu kilsə bağladıldı və hətta kilsənin dini xadimi Keşiş İoann əvvəlcə Lənkəran kilsəsinə göndərilib, daha sonra isə repressiya qurbanı olub".
Təmirə ehtiyac var
Məlumat üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşayan əksər rusların Rusiyaya qayıtmaları, həmçinin Göytəpə pravoslav kilsəsinin dindarlar tərəfindən istifadə edilməməsi səbəbindən, kilsə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına verilib. Kilsə bağlandıqdan bir müddət sonra isə, hərbçilərin ixtiyarına verilib və hərbi anbar kimi istifadə edilib, daha sonra məktəb anbarı kimi istifadə edilib.
Binanın üstündə 6 günbəz var, 1 böyük ibadət zalı, 1 yardımçı otaq, 1 giriş otağı, yuxarı mərtəbədə zala tərəf eyvanı açılan bir otağı və ondan daha yuxarıda isə Kilsənin zəng otağı var. Kilsə hazırda təmirə ehtiyac duyur.