Hikmət ORHUN, Sputnik Azərbaycan
BAKI, 25 apr — Sputnik. Ağstafa rayon, Dağkəsəmən kənd sakini Muradov Ələsgər İmran oğlu Sputnik-ə müraciət edərək yaşadığı Dağkəsəmən kəndində, babasının 1804-cü ildə tikdirdiyi, "Balabəyin evi" adlı tarixi abidənin naməlum kənd sakinləri tərəfindən dağıdıldığını bildirib. Onun dediyinə görə, tarixi abidə Nazirlər Kabinetinin 2001-ci il, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb. İnvertar nömrəsi 4076 olan abidəyə, onun müraciəti əsasında, 2015-ci ildə dövlət tərəfindən baxış keçirilib, heç bir kənar müdaxilənin qeydə alınmadığı bildirilib.
Şikayətçinin dediyinə görə, 2016-cı il mart ayının 26-da kənddə olarkən gurultu eşidib, sonradan səbəbi müəyyən edilən gurultu nəticəsində məlum tarixi abidənin yerlə yeksan olduğunu görüb: "Heç bir hüququ olmadığı halda, kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından həmin əraziyə yaxınlaşa bilmədim. Hadisə barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdim. Hal-hazırda araşdırma aparılır".
Tarixi abidənin kimlərinsə şəxsi maraqlarının qurbanı olmaması üçün can yandırdığını deyən Ələsgər Muradov özünün və qardaşının tamam şəraitsiz bir evdə yaşadığını deyib: "Babamın tikdirdiyi, 200 ildən çox yaşı olan tarixi evi atam İmran Muradov nəvələrinə — mənim oğluma, hazırda həbsdə olan Muradov Alik Ələsgər oğluna və qardaşımın oğlu Muradov Bəhruz Qabil oğluna vəsiyyət etmişdi. Dünənə qədər orada toy edir, qonaq qarşılayırdıq".
"Atam rəhmətə gedəndə isə bacım Şəhniyarova Rasimə İmran qızı "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"ni naməlum şəraitdə əldə edəndən sonra Alik Muradov işə qarışdı, binanı bacımın adına keçirdilər. Mülkiyyətçi bacım olsa da, təxminən 15 metrə yaxın uzunluğu olan bina Alik tərəfindən hasarlanandan sonra bu ilin fevral ayında bir tərəfi qəfildən uçuruldu. Niyyət tamamilə yoxa çıxarmaq, izini itirməkdir", — şikayətçi bildirib.
O, iddia edir ki, bina, özünü Rasimə Şəhniyarovanın müvəkkili kimi təqdim edən Alik Muradov tərəfindən uçurulub: "Bilərəkdən uçurulduğunu etiraf etmək istəməsələr, öz-özünə uçduğunu desələr də, mən gözümün, qulağımın şahidiyəm, öz-özünə uça bilməzdi. Qalıqlarından da görünür ki, hasarının bir metrdən çox eni olub, palçığı südlə yoğrulub".
"Mədəniyyət Nazirliyi, İcra Hakimiyyəti və Polis şöbəsi tərəfindən hadisə yerinə baxış keçirilib. Bununla yanaşı, lazımi orqanlara müraciət etsəm də, ədalətli bir qərar çıxarılmayıb. Məhkəmə Alik Muradovun xeyrinə qərar çıxarıb, ədalətli olduğuna inanmıram. Necə inanım ki, heç bir haqqı-hüququ olmadan binanı hasarlayıb? Elə bu saxta məhkəmə qərarlarından "ilhamlanıb" "at oynadır, məni təhqir edir. Deyir, meydan mənimdir, nə istəsəm edə bilərəm", — deyə Ə. Muradov bildirib.
Muradov onu da deyib ki, binanı babası tikdirsə də, tarixi abidə kimi xalqındır, onu qorumağı özünün mənəvi borcu hesab edir: "Bura heç mənim babamın olmasa belə, tarixi abidənin dağıdılmasına necə göz yuma bilərəm? Abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. Sizdən artıq dərəcədə xahiş edirəm, dövlətimiz tərəfindən qorunan bu abidəni dağıdanların layiqli cəzasını alması üçün müraciətimin mətbuat vasitəsi ilə müvafiq orqanlara çatdırılmasını təmin edəsiniz".
Müxbirimiz məsələylə bağlı iddiada binanı dağıdan tərəf kimi adı çəkilən Alik Muradovla da əlaqə saxlayıb. O da öz növbəsində bildirib ki, mülkiyyətçi Muradov Ələsgərin bacısı Rasimə Şəhniyarova olduğundan, onun bu məsələyə heç bir aiddiyyatı yoxdur.
"Sadəcə Rasimənin müvəkkili olduğum üçün, binanın uçurulmasının günahını mənim üzərimə atırlar. Birincisi, mən "Balabəy" deyilən evin mülkiyyətçisi deyiləm, sadəcə Ələsgərin bacısı Rasimə Şəhniyarovanın müvəkkiliyəm. Qardaşının iddiaları puçdur. Mənim özgəsinin mülkiyyətində nə işim var, niyə sökməliyəm? Hələ belə deyirlər ki, guya bomba qoymuşam. Dünya dərəbəylikdir, nədir?!", — A. Muradov deyib.
O, əlavə edib ki, hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirib, çıxarılan qərarda binanın uçmasının onunla heç bir əlaqəsi olmadığı göstərilib: "Ələsgərin və qohumlarının binanın mənim tərəfimdən dağıdıldığına dair iddiaları ilə bağlı Ağstafa rayon polis şöbəsinin də dörd qərarı var, orada da deyilir ki, deyilənlər əsassızdır. Dörd ildən çoxdur, Ələsgər Muradov və qardaşı Ali Məhkəməyə qədər bütün hüquq-mühafizə orqanlarına müraciət ediblər, həmişə də dediklərini sübuta yetirə bilmədikləri üçün uduzub və cərimələniblər. Son olaraq Ali Məhkəmənin qətnaməsi belə olub ki, mülkiyyət toxunulmazdır. Düzdür, ortada vəsiyyətnamə ola bilər, ancaq gəlin görək, onu yazan tərəfin özünün adında nəsə varmı, nəyinsə sahibidirmi ki, hansısa ərazini oğluna, ya nəvələrinə vəsiyyət edə?!".
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova isə Sputnik-ə deyib ki, bina Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınsa da, həm də şəxsi mülkdür, kimsə tərəfindən uçurula, dağıdıla bilməz: "Şikayətçi tərəf doğrudan da iddia edirsə ki, bina kiminsə tərəfindən qəsdən dağıdılıb, müvafiq qaydada məhkəməyə müraciət edə bilər".
Qeyd edək ki, nazirliyin Ələsgər Muradovun məktubuna cavabında da göstərildiyi kimi, 200-dən çox yaşı olan "Balabəyin evi" abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə dövlət büdcəsinə dövlət vəsaiti qoyuluşu əsasında 2016-2019-cu illər arasında tam bərpası nəzərdə tutulub.