Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Fransada insanlara o qədər azadlıqlar verilib ki, indi qabağını ala bilmirlər"

© REUTERS / Tarubi Wahid MostaNitsada terror
Nitsada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva: "Burada dini azadlıqlar olduğu və heç bir nəzarət olmadığı üçün, radikal dindarların insanların beynini yumasına maneçilik törədilməyib"

BAKI, 15 iyul — Sputnik. Ötən gün Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı Fransa xalqı şokdadır. Hazırda Nitsada vəziyyət son dərəcə gərgindir. Publik tədbirlərin hamısı təxirə salınıb və insanlara bir yerə toplaşmamaq, ehtiyatlı olmaq, küçələrə çıxmamaq tövsiyə edilib.

© Photo : M.Fətəliyevanın şəxsi arxiviMirvari Fətəliyeva, Paris-Azərbaycan Evi-nin rəhbəri
Mirvari Fətəliyeva, Paris-Azərbaycan Evi-nin rəhbəri - Sputnik Azərbaycan
Mirvari Fətəliyeva, Paris-Azərbaycan Evi-nin rəhbəri

Bu barədə Sputnik-ə Fransada yaşayan, hazırda terrorun baş verdiyi şəhərlə sıx əlaqədə olan, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva məlumat verib.

— Mən Nitsada yaşayan azərbaycanlıların bir neçəsi ilə telefon əlaqəsi saxlamışam. Onların hamısı bir-biri ilə yaxın əlaqədədir və mənə dedilər ki, hələlik qurbanlar arasında azərbaycanlılar yoxdur. Terrorun baş verdiyi bölgədə vəziyyət çox gərgindir. Yaxın günlərə planlaşdırılmış publikanın toplaşacağı bütün tədbirlər təxirə salınıb. Prefekturanın bu barədə qəti qərarı var və artıq o qərarın icrasına başlanıb.

- Fransada bu terror aktlarını nə ilə izah edirlər? 

— Fransada 132 nəfərin ölümü ilə nəticələnən Paris terrorundan, ondan əvvəl Çarli Ebdo jurnalının əməkdaşlarının ölümü ilə nəticələnən aktdan sonra, təbii ki, növbəti terror təhlükəsi gözlənilirdi. Fransa tez-tez müxtəlif mesajlar vasitəsilə təhdid edilirdi. Terroru nə üçün törətdiklərini də onlar öz mesajlarında açıq-aşkar deyirlər. Publikanın olduğu hər yeri təhlükəsizliklə təmin etmək qeyri-mümkündür. Fransa belə tədbirlərdə bütün təhlükəsizlik addımlarını atır. Əvvəlki illərlə müqayisədə təhlükəsizlik üçün nəzərdə tutulmuş polis və jandarmeriyanın sayı 50% artırılıb. Buna baxmayaraq, dünən Nitsadakı terror aktının qarşısını almaq mümkün olmayıb. Nitsa tətilqabağı Parisdən və hər yerdən turistlərin axışdığı bir yerdir. İnsanlar tətilin başladığı bir vaxtda bu hadisənin olmasından çox pərişandırlar.

- Biz adətən terror barədə məlumatları Əfqanıstandan, Pakistandan, Yaxın Şərqdən, son vaxtlar da Türkiyədən və s. eşitməyə öyrəşmişdik. Amma artıq Avropa da tez-tez terror xəbərləri ilə silkələnir. Bunun miqrantlarla bir əlaqəsi varmı? 

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri - Sputnik Azərbaycan
Fransa şokda: 84 ölü, 150 yaralı

— Zənnimcə, bütün bunlar illər öncə planlaşdırılmış hadisələrdir. Bəlkə də indiki vəziyyətlə bir əlaqəsi var, amma kökü miqrant axını ilə bağlı deyil. Terrorçular Fransa siyasətini tənqid edirlər və öz addımlarını bu siyasətə qarşı çıxmaq kimi təqdim edirlər. Bu onu göstərir ki, Fransada terror təhlükəsi həm indi, həm də üzümüzə gələn aylarda da davam edəcək. Terroru törədən insanlar heç nədən qorxmurlar və hər an hər yerdə onu törədə bilərlər.

- Fransada terrorun səbəbi kimi nəyi göstərirlər? Buna daxildəki hicab qadağası, peyğəmbərin karikaturasına dəstək və s. səbəb ola bilərmi?

— Fransanın müxtəlif ölkələrdə apardığı siyasəti və digər məsələləri üst-üstə qoysaq, terror üçün çoxlu səbəb tapa bilərik. Sizin qeyd etdiyiniz kimi, həm peyğəmbərin karikaturası, həm hicab qadağası, həm də digər məsələlər terrora səbəb olur.

- Bəs Fransa bu istiqamətdə siyasətində geriyə addım atmaq niyyətindədir?

— Siz hansı ölkəyə gedirsinizsə, o ölkənin qayda-qanunlarına riayət etməlisiz. Fransa da deyir ki, "mənim qanun-qaydalarım budur, bizdə bu azadlıqlar var, sən də bura gəlmisənsə, bu qaydalara riayət etməlisən". Əgər Fransa onların tələblərini yerinə yetirməyə başlasa, bu gün deyəcəklər hicab, sabah başqa bir tələb qoyacaqlar. Onda belə çıxır ki, Fransa terrorçuların düşüncəsi ilə oturub-durmalıdır?! Fransanın siyasi addımlarına, ayrı-ayrı ölkələrə baxışına gəlincə, onu dəyişib-dəyişməmək Fransa siyasətçilərinin öz işidir. Fransada indiyə qədər insanlara o qədər azadlıqlar verilib ki, eləcə də dini azadlıqlar, burada kiçik məscidlər tikiblər və başlayıblar insanların beyinlərini yumağa. Mən uzun müddətdir Fransada yaşayıram və görürəm ki, o dırnaqarası imamlar uşaqlıqdan insanların beynini yumaqla məşğuldurlar. İllər boyu burada radikallaşma gedib. İndi onun qarşısını almaq çox çətindir. Bu, artıq bütün Avropada yayılıb. Belçikada, elə məhəllələr var ki, ora ancaq radikalların məskənidir, terrorçuların çoxu oradan çıxır. Molenbek adlı bir şəhər var, orada terrorçulara təlimlər keçirlər. Yəni dediyim budur ki, Avropada radikallaşma bu günün məhsulu deyil. Burada dini azadlıqlar olduğu və heç bir nəzarət olmadığı üçün, dini baxışlara, dediyim "imamlar"ın insanların beynini yumasına maneçilik törədilməyib. Radikallar arasında fransızdilli, yaxud da fransız milliyyətindən olanlar çoxdur. Burada insanlara o qədər azadlıq verilib ki, bu radikallaşmaya gətirib çıxarıb.

Fransa prezidenti Fransua Olland - Sputnik Azərbaycan
Fransa Prezidenti orduya əmr verdi: "Onların yuvalarına girəcəyik"

- Azərbaycanda belə fikirlər var ki, zamanında Fransa öz müstəmləkəsi olan Afrika ölkələrindəki diktatorları dəstəkləyirdi. Və o diktatorların əlindən qaçaraq Fransaya sığınan mühacirlər bu günkü Fransanın qəniminə çevriliblər. Yəni onlar öz keçmiş ölkələrində yaratdığı vəziyyətin öcünü bu gün Fransadan belə alırlar…

— Belə fikirlər Fransada da mövcuddur. Amma hazırda İŞİD-in törətdikləri aktlarla bunun bir əlaqəsi yoxdur. Mən hər gün mediada buradakı tarixçilərin, filosofların, analitiklərin fikirlərinə qulaq asıram və onlar da bu suala cavab tapmağa çalışırlar ki, niyə Fransa, Avropa bu vəziyyətə gəlib çıxıb? İŞİD ortaya çıxandan, bu səbəb çox da qabardılmır.

- Azərbaycanda çoxluq bu fikirdədir ki, İŞİD ABŞ-ın məhsuludur. Bəs Fransada bu barədə nə düşünürlər?

— Burada da İŞİD-i Amerikanın yaratdığını deyənlər var. Amma onu yaratmaqda başqa ölkələri də ittiham edirlər. Yəni Fransada bu barədə müxtəlif fikirlər mövcuddur.

- Bu terror aktları Fransada yaşayan müsəlmanların vəziyyətinə necə təsir edir? Müsəlmanlara münasibət dəyişirmi?

— Təbii ki, dəyişir. Amma böyük əksəriyyət görür ki, bu aktları törədənlər müsəlmanlar deyil, radikallaşmış bir qrupdur. Bu qrupun da müsəlmanlara bir aidiyyatı yoxdur. Son dövrlərdə əhali arasında müsəlmanlara pis gözlə baxmağa başlayıblar. Bu, son terror hadisələrindən sonra xüsusilə qabardı. Təbii ki, 66 milyonluq Fransada müxtəlif cür düşünənlər də var. Həmçinin bir sıra müsəlman təşkilatları var, çalışırlar izah etsinlər ki, terrorçular müsəlmanlar deyil, onların müsəlmanlara aidiyyatı yoxdur. Onlar başa düşürlər ki, bu radikal qrupların müsəlman adı altında çıxış etməsi, burada yaşayan həqiqi müsəlmanların imicinə mənfi təsir göstərir. Fransada milyonlarla müsəlman yaşayır. Terroru isə kiçik bir qrup törədir. Fransadakı müsəlmanlar terrorun onların adı altında törədilməsindən çox məyusdurlar. Terrorda həyatını itirənlər təkcə fransızlar deyil, onların arasında çox sayda müsəlman da var. Fransada bu gerçəyi başa düşənlər də var, başa düşmək istəməyənlər də.

Xəbər lenti
0