BAKI, 15 iyul — Sputnik. Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 84-ə yüksəlib. Sputnik xəbər verir ki, ölkənin ən əhəmiyyətli milli bayramı olan "Bastiliya Günü"ndə gecə təşkil edilən terror şəhərin tarixindəki ən qanlı olay kimi xarakterizə edilir.
Terror hücumdan xilas olan yüzlərlə adamın şoka girdiyi və bu səbəblə psixoloji dəstəyə ehtiyac duyduqları bildirilir. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasında 84 adamın həyatını itirdiyi, 150-yə yaxın insanın yaralandığı deyilib. Yaralılardan 18-nin vəziyyəti ağır olaraq qalır.
Nitsa Avropa futbol çempionatının keçirildiyi şəhərlərdən biri idi. Hücumdan sonra məşhur müğənni Rihannanın bu gün verəcəyi konsert təxirə salınıb.
Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması" bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra avtomobildə olan naməlum şəxslər adamlara atəş açıblar.
Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.