BAKI, 8 iyul — Sputnik. Azərbaycanın daha bir ağır atletində dopinq testi müsbət nəticə verib.
Sputnik Beynəlxalq Ağır Atletika Federasiyasının saytına istinadən xəbər verir ki, idmançımız Sərdar Həsənovda doping aşkarlanıb.
Atletin orqanizmində istifadəsi qadağan edilmiş dehidroxlormethiltestosteron maddəsinin olduğu müəyyənləşib.
Cəzalar açıqlanana qədər Azərbaycan idmançısı yarışlardan diskvalifikasiya edilib.
Qeyd edək ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.
Bir müddət əvvəl dopinq probleminə toxunan azərbaycanlı idmançı və ekspertlər Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti erməni əsilli Tamaş Ayanın azərbaycanlı idmançıları dopinqlə sıradan çıxarmasını onun ölkəmizə qarşı qərəzli münasibəti ilə əlaqələndirmişdilər. Onlar bildirirdilər ki, Tamaş Ayan ağır atletikanın Avropa Oyunlarına daxil edilməsi üçün Azərbaycana gəlib və gənclər və idman naziri Azad Rəhimovla görüşüb. O zaman onların danışıqları nəticəsiz qalıb, çünki Azərbaycan Avropa oyunlarına ev sahibliyi etdiyindən ağır atletikanı oyunlara salmaq istəməyib. O vaxtdan Tamaş Ayanın bizim idmançılara qarşı təxribatları başlayıb.
Ekspertlərin fikrincə, əgər belə getsə, Azərbaycanın ağır atletləri bütün beynəlxalq yarışlardan kənarda qalacaqlar.