BAKI, 7 iyul — Sputnik. Azərbaycan insanı opolitikdir. Siyasətlə maraqlanmır. Siyasət "obıvatel" üçün bezdiricidir. Əslində, bunu anlamaq da mümkündür. Ölkə siyasəti o qədər cansıxıcıdır ki, insanlar üçün maraq kəsb etmir.
Tanınmış amerikalı sosioloq Tomas Kunun elm tarixinin təhlilindən bəhs edən məşhur "Elmi inqilabların quruluşu" əsəri (1962-ci il) sosiologiyada önəmli bir hadisəyə çevrildi. Paradiqma, paradiqma dəyişikliyi kimi terminlər o zamandan işlədilməyə başladı.
T. Kuna görə, ilk növbədə psixoloji paradiqmalar dəyişməlidir, sonra yeni baxışlar, nəzəriyyələr, konsepsiyalar işlənməlidir. Əgər anomaliyalar meydana çıxırsa və mövcud universal paradiqmalar ilə onu izah etmək mümkün deyilsə, deməli mövcud dünyagörüşünün özünün dəyişdirilməsinə ehtiyac yaranır.
"Elmi inqilabların quruluşu" əsərində T. Kun hər hansı yeni bir kəşfin elmi irəli apardığı barədə fikrə, ümumiyyətlə, elmin inkişafının kumulativ modelinin özünə şübhə ilə yanaşır. Onun fikrincə, adi elm bəzən yeniliklərə qarşı çıxdığına görə, elmin tərəqqisi bir-biri ilə rəqabət aparan cərəyanların mübarizəsi ilə əldə olunur.
Siyasi müstəvilərdə də eynidir. Odur ki, köhnə model və dünyagörüşü, dəyərlər toplumu problem yaratdıqda, onu dəyişmək inkişafa səbəb olur və vəziyyətdən çıxış yolu tapmağa kömək edir. Paradiqma model, nümunə, əsaslı elmi müddəaların, təsəvvürlərin, məfhumların toplusudur. Bu baxımdan, siyasi birliklər barədə təsəvvürlərin özü dəyişməsə, hər hansı bir inkişafdan da danışmaq imkansızdır.
Azərbaycanda yeni nümunə modelləri çox sınaqdan çıxarılıb, lakin hər biri uğursuzluğa düçar olub. Məsələn, müxalifətin 1994-cü ildə Demkonqres, 1998-ci ildə SİDSUH, 2003-cü ildə "Bizim Azərbaycan" və AXCP-AMİP blokları, 2005-ci ildə "Azadlıq" bloku, 2010-cu ildə Müsavat-AXCP, 2013-cü ildə yaratdığı Milli Şura xilas düsturu kimi qələmə verilirdi. Hər dəfə də bu birliklər təmtəraqla yaradılır, az keçmiş gurultulu ayrılmalar ilə başa çatırdı.
Göründüyü kimi, köhnə paradiqmalarla irəliləyişə nail olmaq imkansızdır. Paradiqma dəyişikliyi, yeni model axtarışı postseçki dövrü üçün son dərəcə vacibdir. Yaranmış situasiyada əksəriyyət imitasiya ilə məşğul olur. Artıq paramparça olmuş metodlarla imitasiya etmək də mümkün olmur.
Cəmiyyət müxalifətdaxili savaşlardan bezib, boğaza yığılıb, bundan iyrənir. Bu isə insanların siyasətdən üz döndərməsinə səbəb olur.
Burada xatırlatmaq yerinə düşərdi ki, Türkiyədə uzun müddət siyasi sistemdə faktiki olaraq eyni elektorata malik iki siyasi təşkilat — Ana Vətən və Doğru Yol partiyaları aparıcı mövqelərə malik idilər. Türkiyədə adətən hökumət məhz bu iki partiyadan ibarət olurdu. Eyni elektorata malik olan bu iki partiyanın bir-birləri ilə savaşı ona gətirib çıxartdı ki, son nəticədə onlar siyasi müstəvidən tamamilə silindilər.
Ölkədə paradiqmalar dəyişdi, inanclı elektorat siyasiləşdi və artıq uzun müddətdir ki, ölkəyə rəhbərlik edir. Adıçəkilən iki partiyanın siyasi müstəvini inhisara almaq cəhdləri onların özü üçün faciəli oldu.
Deyəsən, Azərbaycanda da eyni ssenari işə düşməkdədir. Bir-biri ilə didişən iki aparıcı müxalifət partiyası mövqelərini daha da itirir. Yenə də paradiqma dəyişikliyinin vacibliyi meydana çıxır…