İradə CƏLİL, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Son zamanlar ölkədə, xüsusən regionlarda səhiyyənin acınacaqlı vəziyyətdə olması, ana və uşaq ölümləri, regionlarda kadr çatışmazlıqları, region xəstəxanalarında müasir tipli avadanlıqların olmaması və s. bu kimi xəbərlər media gündəmini əhatə etmişdi. Biz də regionlarda olan real vəziyyətlə tanış olmaq üçün üçün, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə, Oğuz, Şəki və Balakən rayonlarının mərkəzi xəstəxanalarına baş çəkdik.
İlk səfərimiz Oğuz rayon Mərkəzi Xəstəxanasına oldu. Xəstəxana 2009-cu ildə istifadəyə verilib, müasir avadanlıqlarla təchiz edilib. Xəstəxananın baş həkim müavini İradə Məmmədova burada əhaliyə xidmət etmək üçün hər cür şəraitin olduğunu dedi: "Rentgen, USM, exokardioqrafiya və müasir avadanlıqlarla təmin edilmiş laboratoriya əhaliyə xidmət edir. Xəstəxanada şəkərli diabet xəstələri, ruhi xəstələr, imtiyazlı xəstələr üçün dərman təminatı çox yüksək səviyyədədir".
"Hər il olduğu kimi, bu il də əhalinin kütləvi dispanzerizasiyası keçirilib. Xəstələr ətraflı müayinə edilir, lazım gəldikdə onlar respublikanın müxtəlif xəstəxanalarına göndərilir", — baş həkimin müavini qeyd etdi.
Oğuz Rayon Xəstəxanasında nikaha girənlər üçün yeni kabinet yaradılıb. Bütün nikaha girmək üçün müraciət edənlərdən qan analizləri götürülür və analizlər Bakıya göndərilir.
İ. Məmmədovanın sözlərinə görə, indiyədək nikaha girənlər arasında heç bir xəstəlik aşkarlanmayıb: "Daha çox endekronoloji xəstələr və şəkər xəstələri müraciət edirlər. Son illərdə xəstəxanada ana və körpə ölümü qeydə alınmayıb".
Bütün xəstəxanalarda olduğu kimi, Oğuz Rayon Xəstəxanasında da müəyyən kadr çatışmazlığı var: "Xəstəxanada 23 vakant yer var. Gənclər rayonlarda işləmək istəmirlər. Xəstəxanamıza başqa bölgələrdən də xəstələr müraciət edirlər. Rayon turizm ərazisi olduğu üçün bura turistlər də müraciət edirlər".
İnsanları da təbiəti qədər gözəl olan rayon
Qalacağımız məkan Şəkidə oldğu üçün, əvvəlcə Balakən rayonuna getməyi qərara aldıq. Yol uzaq olsa da, Balakəni görmək çox maraqlı idi. Bu rayonun insanları da təbiəti qədər gözəldir — sakit, səmimi və gülərüz.
Balakən Rayon Mərkəzi Xəstəxanasının bünövrəsi 2007-ci ildə qoyulub. 2011-ci ildə istifadəyə verilən xəstəxana, ucqar rayon hesab edilən Balakən üçün əlamətdar hadisə olub. Çünki belə bir xəstəxananın tikilib istifadəyə verilməsi, dövlətin Balakən əhalisinə verdiyi dəyərin nümunəsi idi.
Xəstəxananın baş həkimi Hacı Ömər Nuriyevin sözlərinə görə, əvvəllər xəstəxana köhnə binada fəaliyyət göstərirmiş: "Xəstəxana tikiləndən sonra artıq bu xəstəxanada bütün şöbələr fəaliyyət göstərir. Xəstəxanada 15 şöbə — uşaq şöbəsi, stamatoloji kabinet və digər şöbələr var. Həmin şöbələrin hamısında bütün ixtisaslar üzrə kadrlar yerləşdirilib. Həkimlərimizin çoxu xarici ölkələrdə kurslar keçmiş həkimlərdir".
"Xəstəxanada cərrahi əməliyyatlar da həyata keçirilir. Öd kisəsi, mədə-bağırsaq, sidik-cinsiyyət sistemi xəstəlikləri, müəyyən xəsarətlə daxil olmuş cərrahi xəstələrin hamısı əməliyyat edilir", — baş həkim bildirdi.
Xəstəxanada doğum şöbəsi də fəaliyyət göstərir. Bu şöbədə qeysəriyyə əməliyyatları da həyata keçirilir. Poliklinika şöbəsində də müəyyən kabinetlər var. Xəstəxanada vərəm kabineti, rentgen, fizioterapevtik kabinetlər fəaliyyət göstərir.
Şöbə müdiri bildirir ki, burada əhalinin kütləvi müayinəsi də aparılır: "Fevral-may aylarında əhaliyə xidmət məqsədi ilə onların kütləvi müayinəsi aparılmışdı. 63 mindən çox insan müayinədən keçib. Onların arasında müxtəlif xəstəliklər aşkar edilib və müəyyən hissəsi ambulator müalicə alıb, müəyyən hissəsi stasionarlarda, müəyyən hissəsi isə — 200 nəfərə yaxın xəstə Bakı şəhərinə müalicəyə göndərilib".
Yeni nikaha daxil olanlar üçün xüsusi kabinet
Xəstəxanada cəmi 7 vakant yer var. Bura 3 ailə həkimi və 4 digər ixtisas həkimi daxildir — onkoloq, uroloq, lor, əczaxana işçisi. Xəstəxanada 148 həkim, 504 nəfər isə orta-tibb işçisi çalışır.
"Qalan vakansiyaların bu il dolacağını düşünürük. Balakəndə çoxlu sayda gənc həkim çalışır. Onlara müəyyən imtiyazlar da göstərilir. Vaxtilə bizim xəstələrin çoxu Bakıya, Tiflisə gedirdi. İndi xəstəxana müasir standartlara uyğundur. Laboratoriya, USM, Rentgen və digər şöbələr xəstələrin xidmətindədir", — şöbə müdiri qeyd etdi.
Balakən rütubətli rayon olduğu üçün, əsasən ağciyər xəstəlikləri, bronxit, oynaq xəstəlikləri-revmatid ilə xəstəxanaya müraciət olunur. Balakəndə əvvəllər yod çatışmazlığı ilə əlaqədar zob xəstəliyi daha çox yayılmışdı.
Baş həkim bildirir ki, əvvəllər məktəblərdə yoxlamalar zamanı uşaqların 30-40 faizində zob aşkar edilirdi: "Son illərdə isə bu xəstəlik çox azalıb. Bu da yodlaşdırılmış duzun istifadəsindən sonra baş verib. İndi rayonda, demək olar ki, zob xəstəsi olan uşaq yoxdur".
Xəstəxanada yeni nikaha daxil olanlar üçün tibbi arayışın verilməsi məqsədilə müayinə xüsusi kabinet də fəaliyyət göstərir: "Yeni ailə quracaq şəxslərdən qan analizləri götürülür. Hər iki gündən bir Bakıdan maşın gəlir, qanlar Bakıya aparılır və müayinə olunur. Nəticələrdə daha çox talassemiya və digər xəstəliklər aşkar edilib.
Son zamanlar ölkə gündəmində olan ana və uşaq ölümləri Balakən mərkəzi xəstəxanasında çox az baş verir. Baş həkim bildirir ki, doğuş zamanı ana və körpə ölümləri çox azalıb: "Bizdə 10 ilə yaxındır ki, ana ölümü baş vermir. Uşaq ölümü əvvəllər Balakəndə çox olardı. Bu, bəzən 30-40 promilliyə çatardı. Hal-hazırda isə bu göstərici 2-3 nəfər səviyyəsinə düşüb. Bu da 0,3-0,4 promilli olur. Həkimlərimiz əlindən gələni edirlər. Hamilələrin vaxtında qeydiyyata alınması, risk qrupuna alınması, onların nəzarətdə saxlanılmasının böyük əhəmiyyəti var. Çünki hamilə doğuşa gələn zaman doğuşa təhkim olunmuş həkim bilir ki, onun xəstəsində hansı patalogiya var, o, doğuşa getməlidir və ya qeysəriyyə əməliyyatına aparılmalıdır".
"Bizdə 54 kənd var. Hamısı mama-ginekoloqlar arasında bölüşdürülüb. Hər 15 gündən bir həkimlər kəndlərə gedib, qadınları müayinə edir, lazım olarsa, bura gətirirlər. Lazım olarsa, Şəki Perinetal Mərkəzə, bəzilərini isə Bakıya göndəririk", — baş həkim qeyd etdi.
Müasir avadanlıqlarla təchizat
Səfərimizin ertəsi günü Şəki Rayon Mərkəzi Xəstəxanasına yollandıq. Bu xəstəxana 2011-ci ildə istifadəyə verilib. Xəstəxanada hemodializ, poliklinika şöbəsi, cərrahiyyə, reanimasiya və digər şöbələr fəaliyyət göstərir.
Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevin sözlərinə görə, hemodializ şöbəsində hal-hazırda 40-a yaxın xəstə hemodializ alır. Xəstələr arasında ölkənin digər bölgələrindən gələnlər də var: "Əvvəllər Şəkidə bu şöbə olmadığına görə, xəstələr Qəbələ, Zaqatala və digər rayonlara gedirdilər. 2011-ci ildən sonra artıq vətəndaşlar öz rayonlarında hemodializ alırlar. Bununla yanaşı, xəstəxanada göz xəstəlikləri şöbəsi, onkologiya şöbəsi fəaliyyət göstərir ki, bura gələn xəstələr xidmətlərdən istifadə edirlər".
Xəstəxana tam avadanlıqla təchiz edilib. Burada mərkəzləşmiş oksigen stansiyası əhalinin istifadəsinə verilib. Xəstəxanada kompüter-tomoqrafiya, rentgeneoloji, ultrasəs müayinə avadanlıqları yüksək və işlək vəziyyətdədir. Burada Türkiyədə ixtisasartırma kurslarından keçən, həmçinin Prezident tərəfindən "əməkdar tibb işçisi" adına layiq görülən həkimlər var.
Xəstəxanada 450-ə yaxın həkim ştatı var və əksəriyyəti tutulub. Həkimlər Şəki əhalisi ilə yanaşı, qonşu rayonlardan müraciət edən xəstələrə, o cümlədən Şəkidə fəaliyyət göstərən hərbi hissələrə də xidmət göstərirlər. Xəstəxanada bütün ixtisaslar üzrə 1-2 vakant yer var. Vakant yerlər elan edilir və işləmək istəyən həkimlər müraciət edirlər.
M. Əliyevin sözlərinə görə, Şəki rayonu endemik zona olduğu üçün, daha çox endokronoloji şöbəyə müraciətlər edilir. Endokronoloji şöbənin müdiri hal-hazırda "tibb elmləri doktoru" adını alıb. Şəki Mərkəzi Xəstəxanasında onkologiya şöbəsində kimyaterapiya, müəyyən cərrahi əməliyyatlar da aparılır.