BAKI. 6 yan — Sputnik. Səhiyyə Nazirliyinin qərarı ilə 844 adda dərmanın apteklərdən yığışdırılması və satışının qadağan edilməsi barədə məlumat vermişdik. Bəs, dərmanların apteklərdən yığışdırılması Azərbaycan cəmiyyəti üçün nə vəd edir? Satışı qadağan edilən dərmanların alternativləri varmı? Alternativi olmayan dərmanların yerini necə dolduracağıq? Sputnik əməkdaşı bu suallara həkimlərin dili ilə cavab tapmağa çalışıb.
Akif Bağırov — terapevt: "Əslində, qərarı doğru sayıram. "Qara bazar"da olan və qeydiyyatdan keçməyən dərmanların satılmasının qarşısını almaq üçün atılmış bir addımdır. Məsələn hər hansısa bir ölkədə "A" adında dərman hazırlanır və "001" seriyası ilə satışa çıxarılır. Səhiyyə Nazirliyi bu dərmanı yoxlayır və satış üçün lisenziya verir. Və bu dərman tam yararlı dərman sayılır. Amma eyni zamanda digər ölkədə eynilə bu dərmanın eynisi hazırlanır və "002" seriyası ilə paylanır. Amma bu dərman "qara bazar"ın məhsuludur və lisenziyası da yoxdur. Məqsəd də belə dərmanları çıxarmaqdır".
"Deyim ki, bundan sonra da xəstələr dərman problemi yaşamayacaq və qadağan olunan dərmanların alternativini tapa biləcəklər. Sadəcə bu dərmanların ləğvi Səhiyyə Nazirliyinin lisenziya vermədiyi dərmanlarla mübarizəsidir. Yəni bu, müsbət addımdır", A.Bağırov bildirdi.
Afaq Məcidova — Dəri-zöhrabı həkimi: "Hər bir dərmanın, demək olar ki, alternativi var. Olmasa belə, alternativ müalicə üsulu var".
O ki qaldı dərmanların ləğvinə, lisenziyası olmayan, qeydiyyatdan keçməyən dərmanlarlın satışı dayandırılıb ki, A.Məcidova hesab edir ki, bu da nəticə etibarilə xəstələrin xeyrinədir: "Səhiyyə Nazirliyi də xəstələrin sağlamlığını düşünərək bu addımı atıb".
Xatırladaq ki, dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin — Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır. Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar üstünlük təşkil edir.
Dövriyyəsi qadağan olunmuş dərmanların siyahısını buradan əldə edə bilərsiniz.