BAKI, 2 iyul — Sputnik. Cüdoçularımızın Avropa çempionatında uğurlu çıxışları davam edir. Cüdo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günündə möhtəşəm qələbələrə imza atıblar. Cüdoçularımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub. 55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrək Avropa çempionu adını qazanıb.
50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı — bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbə qazanan Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.
Beləliklə, davam edən yarışda artıq milli komandamız öz hesabına 2 qızıl və 1 bürünc medal qazandırıb. Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.