BAKI, 30 iyun — Sputnik. Britaniyada referendumun nəticələri Avropa İttifaqından çıxma prosesinin əvvəli hesab olunur. Bu proses "Lissabon razılaşması" ilə idarə olunur. Ona əsasən, yaxın iki il ərzində London "müstəqil mövcudluq şərtləri" haqda Aİ-nin hər ölkəsi ilə ayrılıqda razılaşma əldə etməlidir. Yalnız bir neçə il sonra isə ölkə Aİ-ni tamamilə tərk edə bilər.
Britaniyalıların qərarı birlik ölkələrində birtərəfli qarşılanmadı. Onlar Londondan mümkün qədər tez bir zamanda qərar haqda xəbərdarlıq tələb etdilər. Bu tələbə ölkənin Baş naziri cavab verdi. Brüsseldə keçirilən mətbuat konfransında o bildirdi ki, Böyük Britaniya yekun qərarını lazım və mümkün olan vaxtda bildirəcək.
"Bu, Avropa İttifaqına üzv dövlət kimi, bizim suveren hüququmuzdur",- deyə Devid Kameron əlavə edib.
O, eləcə də bildirib ki, "Brexit"in əsas səbəbi miqrasiya problemi olub: "Britaniyalılar Aİ-nin öz sərhədinə nəzarət edə biləcəyinə şübhə edirlər".
Səsvermənin nəticələri funt-sterlinqin məzənnəsinə də təsir edib. İngilis valyutası 1,35 dollar səviyyəsinə enib. Milli valyutanın bu cür zəifləməsi 1985-ci ildən ilk dəfədir ki, qeydə alınır.
Qərb mediası üçün çalışan analitiklərin əksəriyyəti hesab edir ki, Böyük Britaniyanın Aİ-dən ayrılması baş tutmayacaq. Onlar buna müxtəlif səbəblər gətirirlər:
— Birincisi, səsvermədəki fərq çox azdır. Əksər ölkələrdə belə ciddi qərarların qəbul olunması üçün nəticələrin fərqi üçdə iki səviyyəsində olmalıdır.
— İkincisi, Britaniyada bu qərarı parlament qəbul edir.
— Üçuncüsü, Britaniyasız Aİ çox şey itirir.
Qərb mediasının ehtimalına görə, çox güman ki, ölkədə yenidən referendum keçiriləcək və bu dəfə əksəriyyət Aİ-də qalmağa səs verəcək. Məlumdur ki, oxşar vəziyyətlər bundan əvvəl digər ölkələrdə də baş verib. O zaman Aİ razılıq üçün müxtəlif addımlar atıb və çıxış tərəfdarlarını sakitləşdirib.
"Brexit"də milliyyətçilik və islamofobiya faktoru da özünü göstərib. Hazırda bu faktor Londonun siyasi səhnəsində o dərəcədə güclənib ki, ölkə rəhbərliyi açıq surətdə buna münasibət bildirir.
Məsələn, xarici işlər naziri Filip Hammond "Brexit"i dəstəkləyənləri "cahil" adlandırıb. Konkret olaraq o, Türkiyənin Aİ-yə üzvlüyünün sürətləndiyi bəhanəsinin İngiltərənin təşkilatdan çıxması üçün səbəb olduğunu deyənlərə üz tutaraq, "acınacaqlı bir cahillik var", — deyib.
Məsələ ondan ibarətdir ki, bir neçə ingilis siyasətçisi baş nazir Kamerona rəsmi məktub göndərərək Türkiyənin Aİ-yə üzvlüyü məsələsinin sürətlənməsi səbəbindən Londonun dərhal bu qurumu tərk etməsinin lazım olduğunu ifadə edib.
Doğrudan da, böyük nadanlıq əlaməti olan bu addımı atanlar ölkənin ciddi siyasətçilərindəndir. Onların sırasında hazırkı ədliyyə naziri də var. Deməli, söhbət İngiltərədə hökm sürən islamofobiyanın bir növündən gedir.
Axı Türkiyənin Aİ-yə üzvlüyü Britaniyanı niyə narahat etməlidir? Əslində, buna səbəb yoxdur. Geosiyasi maraqlar baxımından isə həmin siyasilər hesab edirlər ki, Türkiyənin təşkilata üzv olması ilə Londonun mövqeyi zəifləyir. Britaniya, Almaniya və Fransa ilə birlikdə 78 milyonluq Türkiyə Aİ-də xüsusi söz sahibi ola bilər. Bu isə Böyük Britaniyanın qlobal miqyasda liderlik iddiasına uyğun deyil.
Bundan başqa, Almaniya lider olmaq iddiasından əl çəkmir. Fransa da mövqeyini gücləndirməkdə davam edir. Əlavə olaraq, Şərqi Avropa ölkələri təşkilatdan uzaqlaşmaq meylinə düşür. İsveçrə, ümumiyyətlə, Aİ-yə üzv olmaqdan imtina edib.
Siyasi oyunlar isə davam edir. Avropalıları daha hansı sürprizlərin gözlədiyini demək çətindir. Ancaq ziddiyyətlərin yeni mərhələyə yüksəlməsi ehtimalı da az deyil.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda söhbətlər 1973-cü ildən aparılır. 23 iyun referendumu bu məsələyə aid ilk referendum deyil. Analoji səsvermə 1975-ci ildə də keçirilib. O zaman Aİ-də qalma tərəfdarları 67,2% səslə qalib gəliblər.
Hazırda Aİ büdcəsində Böyük Britaniyanın payı ildə 15 milyard avro təşkil edir. Məhz bu, "Brexit" tərəfdarlarının əsas arqumentlərindən birinə çevrilib. Onlar hesab edirdilər ki, Aİ-də üzvlük ölkəyə baha başa gəlir.
İyunun 23-də Britaniyada ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilib. Rəsmi rəqəmlərə görə, 33,5 milyon seçicinin 52 faizi Britaniyanın Aİ-də üzvlüyünün dayandırılmasına səs verib, 48 faizi isə avrointeqrasiyanın davam etməsinə tərəfdar çıxıb.
Səslərin sayıldığı bir neçə saat ərzində nəticələr bir neçə dəfə dəyişib. Son saatlar isə "Brexit" (ingiliscə: "Britain" və "exit" sözlərinin birləşməsi) tərəfdarları çoxluq təşkil edib. Referendum hüquqi məcburiyyat xarakteri daşımır, yəni hökümət müstəqil şəkildə ölkənin taleyini həll edə bilər.
Lakin referenduma təşəbbüs göstərən ölkənin baş naziri Devid Kameron xalqın mövqeyini nəzərə almaya bilməz. Referendumdan öncə o, yayın sonunadək tutduğu vəzifəsini tərk edəcəyi barədə söz vermişdi. Referendumun nəticələri bəlli olandan sonra isə Kameron krallığa yeni Baş nazirin lazım olduğunu bəyan etdi.