BAKI, 22 iyun — Sputnik. Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. İlk təlim-məşq toplanışına 6 şahmatçı — Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Qədir Hüseynov bildirib ki, Olimpiadaya tam hazır olmaq üçün belə məşqlərin köməyi əvəzsizdir: "Hazırlıqdan razı qaldım. Sözsüz ki, ilk təlim-məşq toplanışından sonra konkret fikir bildirmək çətindir. Bakı Şahmat Olimpiadası hər bir şahmatçı üçün çox vacibdir. Olimpiadaya tam hazır olmaq üçün təlim-məşq toplanışlarının köməyi böyükdür. Komandada mehribanlıq var. Şahmatçılar bir-birini yaxşı başa düşür. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik".
Digər şahmatçımız Vasif Durarbəyli təlim məşq toplanışından razı qaldığını bildirib: "Emil Sutovskinin rəhbərliyi altında hazırlaşmaq hər zaman xoşdur. Biz Sutovskini çoxdan tanıyırıq. Komanda üzvləri arasında yaxşı münasibət var. Bakı Şahmat Olimpiadasında ikinci komandanın da diqqət mərkəzində olacağını bilirik. Hazırlıq üçün yüksək səviyyədə şəraitin yaradıldığını söyləməliyəm. Mötəbər yarışda mümkün qədər yaxşı çıxış etməyə çalışacayıq".
İdmançımız Namiq Quliyev isə yaxşı nəticələrlə hər kəsi sevindirəcəyinə inandığını dilə gətirib: "Açılışlar üzərində çalışdıq. Kompyuter vasitəsilə müxtəlif gedişlərlə bağlı müzakirələr apardıq. Uğur qazanmaq üçün üzərimizdə işləməliyik. Bakı Şahmat Olimpiadasına kifayət qədər vaxt var. Bizə yaradılan şərait yüksək səviyyədədir. Şahmat oynamaq üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadası hər birimizin karyerasında mühüm yer tutacaq. Yaxşı nəticələrlə hamını sevindirmək istərdik".
Nicat Abbasov əsas məqsədlərini belə açıqlayıb: "İlk hazırlıq paytaxt Bakıda oldu. Emil Sutovskiylə əvvəllərdə işləmişik. "Odlar Yurdu" komandasında Sutovskinin rəhbərliyi altında Avropa Kubokunda mübarizə aparmışıq. Onunla çalışmaq həm maraqlıdır, həm də xeyirli. Hər birimizin zəif və üstün cəhətlərini bilir. Əsas məqsədimiz ilk onluğa düşməkdən ibarət olacaq".
Vüqar Rəsulov olimpiadada yadda qalan komanda olacaqlarını etiraf edib: "Bakı Şahmat Olimpiadasında güclü rəqabət olacaq. Hər bir komanda uğur qazanmaq üçün çıxış edəcək. Ölkəmizin ikinci komandası üçün olimpiada sınaq sayılacaq. Hər birimiz daha yaxşı oynamaqla iddiamızı nümayiş etdirə bilərik. Komanda üzvləriylə yaxşı münasibətimiz var. Olimpiadanın yadda qalan komandalarından biri olmağa çalışacayıq".
Şahmatçımız Ülvi Bacarani də başlıca məqsədlərindən danışıb: "Bakı Şahmat Olimpiadasında iştirak etmək hər birimiz üçün çox vacibdir. Doğma paytaxtımızda keçirilən yarışda layiqli çıxış etmək başlıca məqsəd sayılır".
Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.