BAKI, 20 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) bu həftə çərşənbə axşamından başlayaraq 6 günlük riskli mərhələyə qədəm qoyur. Belə ki, iyunun 21-də Almaniyada Avropa Mərkəzi Bankının (ECB) birbaşa pul əməliyyatları (OMT) proqramı ilə bağlı iddiaya baxılacaq. 23 iyunda Böyük Britaniyanın Aİ-dən ayrılmasına dair ("Brexit") referendum təşkil ediləcək və 26 iyunda İspaniyada ümumi seçkilər keçiriləcək.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu risklər arasında ən əhəmiyyətlisi "Brexit"dir və digərləri də Aİ üçün həm iqtisadi, həm də siyasi risk daşıyır. Referendumda Böyük Britaniyanın Aİ-də qalması ilə bağlı qərar çıxacaqsa, digər iki riskin arxa planda qalacağı gözlənilir. Əgər ayrılma qərarı çıxarsa, bu risklərin təsirinin daha çox olacağı proqnozlaşdırılır.
Avropa Mərkəzi Bankının 2012-ci ildə elan etdiyi OMT proqramı ilə əlaqədar Almaniya Konstitusiya Məhkəməsində baxılan iddia, Almaniyanın və bazarların gündəmini məşğul edir. ECB-nin 6 sentyabr 2012-ci ildə bölgədə böhranın qarşısını almaq məqsədilə açıqladığı OMT proqramının qurumun səlahiyyəti daxilində olub-olmadığı və Aİ ilə Almaniya qanunvericiliyinə uyğunluğu qiymətləndirilir. Mütəxəssislər bu vəziyyətin çox böyük bir risk təşkil etməyəcəyini və məhkəmənin iddia tərəfi — Almaniya Mərkəzi Bankı üçün bu proqramda iştirakı ilə bağlı bəzi məhdudiyyətlər gətirməklə birlikdə ECB-nin lehinə bir qərar verəcəyini düşünür.
Dünya bazarlarını keçən ilin noyabr ayından bəri məşğul edən "Brexit" mövzusu isə bu həftənin ən əhəmiyyətli riski olaraq önə çıxır. Aİ-ni narahat edən yalnız iqtisadi təsirlər deyil, çünki Aİ üçün meydana gələcək siyasi nəticələr iqtisadi nəticələrdən daha əhəmiyyətli ola bilər. Böyük Britaniyada keçiriləcək referendum digər ölkələrdə də yayıla və ittifaqın sabitliyini sarsıda bilər.
Almaniyanın maliyyə naziri bildirib ki, Aİ-dən ayrılma qərarı verilərsə, digər Aİ ölkələrində də bənzər referendumlar keçirilə bilər.
İspaniyada reallaşdırılacaq seçkilər də Aİ-də risk meydana gətirə bilər. İspaniyada 20 dekabr 2015-ci ildə keçirilən ümumi seçkilərdən sonra heç bir siyasi partiyanın təkbaşına iqtidara gələ bilməməsi və siyasi liderlər arasında keçirilən müzakirələrdə razılaşmanın əldə edilməməsi nəticəsində erkən seçkilərin keçirilməsi qərara alınmışdı. Seçkilər nəticəsində qurulacaq hökumətə bağlı qeyri-müəyyənliklər Aİ-nin siyasi sabitliyini təhlükəyə ata biləcəyi düşünülür.