İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Bəzən yaşadığı acının təsiri elə güclü olur ki, insan keyiyir. Düşünə bilmir, hiss edə bilmir, hisslərini biruzə verə bilmir. Donuq baxışlarla baxır üzünə, bir də danışır. Nə danışdığını unudaraq, cümlələri, sözləri tapıb ard-arda düzə bilmir…
Belə insanlardan biri ilə qarşılaşdım. Şəhid anası ilə. Qapıdan girəndə narahat baxışlarla mənə baxırdı. Sanki yenidən acı xəbər alacaqmış kimi…
— Bura Natiq Tahirlinin evidir?
— Buyurun…?
Özümü təqdim edirəm və evə dəvət edirlər. "Atasına xəbər verim" deyir qadın. İçəri keçir, kimləsə danışır və qayıdır…
"Natiq evimizin ilki idi. 1997-ci il oktyabrın 28-də dünyaya gəlmişdi. Ötən il oktyabrın 28-i ad gününü keçirdik, 29-u isə hərbi xidmətə yola saldıq. 6-7 ayın əsgəri idi", — danışıq şəhidin anası Sevda Tahirova.
Natiq 12 saylı məktəbi bitirib, sənədlərini ali məktəbə versə də, qəbul ola bilməyib: "Deyirdi ki, hərbi xidmətdən sonra yenidən hazırlaşıb sənədlərini verəcək".
Məzuniyyətə gələcəkmiş, 5-6 günə evdə olacağını deyibmiş valideynlərinə. Ana da oğlunu qarşılamağa hazırlaşır. Paltarlarını ütüləyir. Fikirləşir ki, oğlu gələndə onun sevdiyi yeməkləri bişirsin. Amma oğlu mayın 16-da vurulur…
2-5 aprel döyüşlərində də iştirak edibmiş…
Natiq son günlər evlərinə tez-tez zəng edirmiş, atasından nigaran qalırmış hər zaman. Anasına deyirmiş "çoxu gedib, azı qalıb, ana, gələcəyəm, sağ-salamat qalın".
"Aprel döyüşlərində də iştirak edibmiş. Amma bizdən gizlədib ki, narahat olmayaq. Ara sakitləşəndən sonra atasına deyibmiş ki, apreldə də döyüşüb. Tərifnamə də veriblər ona. Bizə heç demirdi, sadəcə vətənini qoruyur və gözləyirdi ki, vətənə borcunu ödəyib qayıtsın", — S. Tahirova nəql edir.
Anasının dediyinə görə, Natiq hərbçi olmağı arzulayırmış: "Əsgər olanda da çox sevinirdi ki, arzusuna çatıb. Sulu yeməkləri sevməzdi. Əsgərliyə gedəndə düşünürdüm ki, bu uşaq orada nə yeyəcək…? Borşu heç sevməzdi. Zəng edəndə deyərdi ki, "ana, narahat olma hər şey yeyirəm, borşdan başqa". Tapşırırdım ki, özündən muğayat ol. Deyirdi, "narahat olma, özümüzdən muğayatıq". Elə hey gülürdü".
O gün…
Ayın 17-si günorta radələri. Telefon ard-arda zəng çalır. Amma gələn zənglərin heç biri Natiqdən deyil. Həyət isə adamla dolu imiş. Heç kimin ürəyi gəlmirmiş ki, yuxarı qalxıb, ailəyə xəbər versin.
Sonra qonşulardan kimsə gəlib deyir ki, "nənə düşsün aşağı". Nənə düşmək istəmir, amma həyətə baxanda ürəyinə damır ki, Natiqə nəsə olub. Düşür… Və Natiqin xəbərini gətirir.
"Bəzən kompüterdə oyun oynayırdı. Baxırdım ona, gedib başını qucaqlayıb öpürdüm. Balam, canım idi. Şəhidlər haqqında xəbər eşidəndə mən ağlayırdım. O isə deyirdi ki, "şəhidlikdən qorxmuram. Mən şikəst gəlməkdən, əsir düşməkdən qorxmuram"", — anası deyir.
O, oğlunun necə yaralandığı barədə danışmaq istəmir. Susur, başını aşağı salır. Natiqin bir neçə şəklini götürüb sağollaşıram.
Ölümündən 2 həftə qabaq…
Natiqin 7 mərasimidir. Həyətdə Natiqin dostu Nazimlə qarşılaşıram. Nazim həm də Natiqin sinif yoldaşı olub. O danışır ki, Natiq valideynlərinə demədiklərini də dostuna deyirmiş: "Əvvəlcə Gəncəyə düşmüşdü, 3 ay orada qaldıqdan sonra Naftalana göndərdilər, daha sonra Tərtərə, ölümündən 2 həftə qabaq isə Goranboya aparmışdılar".
"İnana bilmirdim onun ölümünə. Elə bil, qolum-qanadım sındı. Özü üçün heç qorxmurdu, atası üçün qorxurdu. Mənim xəbərim yox idi. Evdəkilər mənə dedi ki, Natiq şəhid olub", — bildirir dostu.
Nazim ayda 2-3 dəfə danışırmış dostu ilə. Natiq kəşfiyyatçı imiş. Baş verən döyüşlərin ağırlığı haqqında dostu ilə dərdləşirmiş: "Başından vurublar snayperlə. Özümü çox pis hiss edirəm. İnana bilmirəm ki, Natiq daha yoxdur"…
Gözləri dolsa da, baxışlarını gizlədir və susur…
Mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli Lerik rayonunda dəfn edilib.