Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 18 may — Sputnik. Mayın 17-də münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin yenidən pozulması nəticəsində həlak olan ordumuzun 19 yaşlı əsgəri Tahirli Natiq Namiq oğlu bu gün Lerik rayonunda dəfn edilib.
Şəhid Natiq Tahirli ata-baba yurdu olan Lerikin Almu kəndində torpağa tapşırılıb. Şəhidin dəfnində Lerik rayon icra sturkturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi — qazi Hacı Sədi Axundzadə və digərləri çıxış edərək şəhid əsgərimiz Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu və adının daim uca tutulacağını bildiriblər və onun ailə üzvlərinə başsağlığı veriblər.
Əsgər Natiq Tahirlinin dəfnində onun şərəfinə havaya 3 dəfə yaylım atəşi açılıb. Tabutu üzərindəki Azərbaycan bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib. Mərasim iştirakçıları kənd qəbristanlığını “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları ilə tərk ediblər.
Allah rəhmət eləsin!