İradə CƏLİL, Sputnik Azərbaycan
BAKI, 6 apr — Sputnik. Aprelin 4-də oğlu ilə danışmışdı Rəyanə xanım. Cabbarxan 2-3 günə qayıdacağını demişdi. Hərbi xidməti başa çatmışdı.
"Ana, mənim üçün "üç bacı" dolması bişirərsən, bir də qonaqlığımda elə bir aş bişirərsən ki, qoxusu məhəlləyə yayılsın. Qoy desinlər ki, Cabbarxan üçün gör necə aş bişirilib", —demişdi anasına.
Hacıağayev Cabbarxan İlham oğlu 1996-cı il avqusutun 4-də dünyaya gəlmişdi. Yasaml rayonu 158 saylı orta məktəbi bitirən Cabbarxan iki peşə litseyi bitirmişdi. Şaulin-kunfu idman növü ilə də məşğul olmuşdu. Çoxlu medallar və diplomlara layiq görülmüşdü. Hərbi hissədə də sürücü idi.
Ailə Yasamal rayonu, Şərifzadə 33, mənzil 51 ünvanında yaşayır. Anası danışır ki, Cabbarxan şəhid olacağını öncədən hiss edirdi: "Axırıncı dəfə gələndə dedi ki, "ana, qoy televizora istədiyim qədər baxım, qoy istədiyim qədər yatım. Bir də olmayacaq axı, mən şəhid olacağam".
Rəyanə xanım dediyinə görə, hər zaman oğlunun bu sözlərinə acıqlanarmış. Cabbarxan ailənin 5 övladından 3-cüsü idi. Ailənin ilk oğul övladı olub. Sonradan bir qardaşı da dünyaya gəlmişdi. Ancaq anası daha çox onu sevirdi.
"Əvvəlcə "prizivə" Lənkərana düşmüşdü. Sonra Beyləqana apardılar. Bir ay sonra isə Cəbrayıla aparıldı. Vətənini çox sevirdi. Ayın 4-ü axşam danışdıq. Dedi "ana, mənim üçün əzab çəkmə. Sağ-salamat qayıdacağam. Çıx həyətə, rahat ol. Mənim dönüşüm sürpriz olacaq". Atası ilə də danışdı. Bizi tapşırdı. Dedi, "qoyma anam ağlasın". Qızım, orada şəhid olanlar hamısı mənim oğlumdur. Mən təkcə, Cabbarxanı itirməmişəm. Ölən hər kəs mənim balamdır", —deyir Rəyanə xanım.
Ana danışır ki, oğlu ilə danışandan yarım saat sonra onun ölüm xəbəri gəlib. Cabbarxan Hacıağayev arxa cəbhədə xidmət edirdi. Bacısı Yeganə Hacıağayevanın dediyinə görə, onların olduğu yerə mərmi düşüb və qəlpələrdən biri Cabbarxanın qarnından keçib. Xəstəxanaya çatdırmaq mümkün olmayıb. Dünyasını dəyişib.
Ailənin yaxın qohumu Ümmi Məmmədova Cabbarxanın çox zarafatcıl, tərbiyəli, ağıllı oğlan olduğunu deyir: "Cabbarxan çox tərbiyəli idi. Danışğını, davranışlarını bilən uşaq idi. Biz heç gözləmirdik ki, onu itirərik".
Şəhidin bacısı Yeganə Hacıağayeva qardaşı ilə fəxr etdiyini deyir: "Mən özüm də hərbçiyəm. Mən qardaşımla fəxr edirəm. Fəxr edirəm ki, qardaşım torpağımız uğrunda dünyasını dəyişib. Mənim atam da hərbçidir. Fizulidə döyüşüb. Bir qulağı eşitmir. Kiçik qardaşım da Hərbi Akademiyada təhsil alır. Biz 3 bacı qardaşımızla fəxr edirik. Bizim qardaşımız o cür ad qoydu getdi bizə. Cabbarxanın bədəni bizi tərk edib. Ruhu bizimlədir".
Cabbarxanın bacıları qardaşıları ilə fəxr etdiklərini dilə gətirilər. Ancaq gözyaşları da öz sözünü deyir.
Evə başsağlığına gələnlərin sayı durmadan artır. Hamı şəhid ailəsinə başsağlığı verməyə çalışır. Rəyanə ana da özünü qürurlu tutmaq istəyir, amma gözyaşları aman vermir. Hönkürür, ağlayır, "caan balam" deyirdi.
Şəhidin yaxınları danışırlar ki, Cabbarxan dəfələrlə şəhid olacağını deyirmiş. "Cabbarxan evə gələndə narahat olurdu. Deyirdi ki, "əsgər yoldaşlarımı tək qoyub gəlmişəm". Hər dəfə deyirdi, "mən şəhid kimi gələcəm". Axırıncı dəfə qapıdan da çıxanda da demişdi. Çünki hər dəfə bizi tapşırırdı", — danışır bacıları.
Bacısının toyunda da iştirak edə bilməmişdi Cabbarxan. "Biz istəyirdik toyu aprelə saxlayaq. Amma o, icazə vermədi. Dedi aprel olmasın. Biz də fevralda etdik toyu. Bir mahnı sifariş etmişdi. Onu da çaldırdıq. Sonra həmin toyun diskinə baxanda dedi ki, "yaxşı ki, mən yoxam. Yoxsa hər dəfə baxanda pis olacaqdınız"", — danışır şəhidin anası.
Əmisioğlu yola salmışdı cəbhəyə Cabbarxanı. O da gətirdi, amma cənazəsini… Ana deyir, yolda şəhidin gözlərini də o bağlayıb.
Aprelin 2-də 24 illik sükuta son qoyuldu. Azərbaycan Ordusu işğal altında olan torpaqlarını geri almaq üçün ayağa qalxdı. Bir neçə yükəkliyi geri qaytardıq. Son 3 gün ərzində 31 şəhid verdi Azərbaycan. Onlardan biri də Vətənin igid oğlu Hacıağayev Cabbarxan İlham oğlu idi…
Şəhid bu gün Xocahəsən qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin!!!