İradə CƏLİL, Sputnik Azərbaycan
BAKI, 3 iyun — Sputnik. İnsan itirmək çətindir. Ata, həyat yoldaşı, qardaş, ana… Kim olursa olsun, itirmək çətindir. Onun yoxluğuna alışmaq, onunla yaşadığın ömrün sona çatdığını anlamaq, onu bir daha heç vaxt görməyəcəyini bilmək, onsuz həyatı qəbul etmək çətindir…
Yoxdur O!!! Gözlərin önündən xəyalları getmir, gülüşləri, səsi, baxışları, qoxusu, səni oxşayan əlləri, əzizləməsi, ürəyin sıxılanda sığındığın sinəsi. Qucaqlayıb onu sənə verdiyi üçün Tanrıya dönə-dönə şükr etdiyin günləri salırsan yada. Mən sənsiz necə yaşayacağam?! Sual verirsən daima danışdığın xəyalına.
Sonra hönkürürsən, qışqırırsan: "İlahi mən onsuz necə yaşayacağam?". Başını divarlara vurmağın gəlir, onsuz ölməyin gəlir, nəfəsin kəsilir. Qəhər ilişib qalır boğazında. Hər nəfəsində burnun dirəyi sızıldayır, göz yaşların süzülür yanaqların boyu. Aynaya baxırsan, "Allahım, bu dərdin adı nədir?" deyirsən. Mən onsuz yaşaya biləcəyimmi? Mən onu hiss etmədən nəfəs ala biləcəyəmmi? Yox, bitdi. Mənim üçün həyat aprelin 2-də bitdi.
"İlk övladımızı qucağına alanda başı gicəllənmişdi"
"Mənə hər zaman qapıya ölüm xəbəri gətirən hərbçilərdən danışırdı. Deyirdi, "bir gün sənin də qapına gələ bilərlər, hər zaman hazırlıqlı ol. Hazırlıqlı ol qışqırmağa, hönkürməyə. Gələn hərbçilərin susqunluğuna. Hazırlıqlı ol mənsizliyə. Uşaqlarımızın səndən başqa heç kimi yoxdur. Mənsiz ayaqüstə durmağa hazır ol". Deyirdim, uşaqlarına yazığın gəlmir, belə danışırsan? Deyirdi ki, elə onları düşündüyüm üçün səni hazırlayıram. Sanki şəhid olacağı ürəyinə dammışdı".
Təbrizlə Pərişan uşaqlıqdan bir yerə böyüyüblər. Təbriz Pərişanın sinif yoldaşının xalası oğlu olub. Elə Pərişanla da Təbriz sinif yoldaşıgildə tanış olublar. Pərişan danışır ki, ilk tanışlıqları mübahisə ilə başlayıb. Amma sonradan zaman keçdikcə bir-birini sevməyə başlayıblar.
Kiçik bir dava ilə başlayan münasibət sonradan böyük bir sevgiyə çevrilib: "2005-ci ildə ailə həyatı qurduq. Sevgili olduğumuz vaxtlar o qədər maraqlı keçib ki, danışsam, bitməz. Həm də o, hərbçi idi. Gec-gec gəlirdi. Biz bir-birimizə məktublar yazırdıq. O, Kürdəmirdə xidmət edirdi. Poçtla göndərdiyi məktubları bu günə qədər saxlayıram".
2006-cı ildə ilk övladları dünyaya gəlir — Tayfun, 2008-ci ildə isə Onur dünyaya göz açır: "Təbriz Tayfunu ilk dəfə qucağına alanda başı gicəllənmişdi. Yadımdadır, dedi, alın əlimdən, başım gicəllənir. Onur dünyaya gələndə isə deyirdi ki, unutduğum hissi yenidən yaşadım. Çox xoşbəxt idik. Düzdür, bütün ailələrdə olduğu kimi, bizim də problemlərimiz olurdu, amma dəyərdi Təbriz üçün hər şeyə dözməyə".
"Sənə döyüş əmri verirəm, paltarlarımı hazırla!"
1999-cu ildə Naxçıvanski adına Hərbi Məktəbi, daha sonra isə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib Təbriz. Təyinatı Kürdəmirə olub. Xanımı danışır ki, həmin illər sevgili olduğu dövr olub. Təbriz uzaqda olduğu üçün həsrət vardı, göz yaşı vardı, amma o həsrət, o göz yaşı başqaydı.
"Yeni ailə quranda "Nasosnu"da işləyirdi. O vaxtlar həftəsonu evə gəlirdi. Yeni ailə qurduğumuz üçün çox çətin idi Təbrizsiz qalmaq. Sonra təyinatını Qalaya verdilər. Orada rahat idi hər şey. Hər gün saat 6-da işə gedib, axşam 8-də evinə gəlirdi. Ara-sıra cəbhəyə gedirdi. Gedəndə 3-4 günlük, bəzən isə bir həftəlik gedirdi. Amma sonunda qayıdırdı. Onun ən çox evdə olmadığı müddət 15 gün olub. 15 gündən artıq biz ayrı qalmamışdıq. O zaman da onu Türkiyəyə kursa göndərmişdilər. 15-ci gün qayıtmışdı geri", — Pərişan nəql edir.
Deyir ki, sevməsəydi, bu gün bu qədər yanmazdı: "Bir var həyat yoldaşın rəhmətə gedib, onun acısını yaşayırsan. Bir də var ki, itirdiyin insan sevgilin, sirdaşın, dostun, bir sözlə hər şeyindir. Mən bir gündə bir neçə insanı itirdim. Anası, atası, bacısı tək bir insan üçün ağlayır, "oğlum getdi, qardaşım getdi" — deyə. Mən isə hər şeyim üçün ağlayıram".
"Sonuncu dəfə Təbrizi martın 31-i səhər saatlarında yola saldım. Bir neçə saat sonra zəng etdi ki, "Pərişan xanım, sənə döyüş əmri verirəm, paltarlarımı hazırla". Hər zaman mənə belə deyirdi. Soruşdum ki, yenə gedirsən? Dedi, hə. Mən ona hər zaman sadə geyim də qoyurdm ki, işdən çıxanda geyinə bilsin. Gəlib paltarları apardılar", — həmsöhbətimiz deyir.
Aprelin 1-də Pərişan Təbrizə zəng vurur. 1 aprel beynəlxalq gülüş günü olduğu üçün, Təbrizi ilə zarafatlaşır, onu aldadır: "Təbrizin ən sevdiyi söz idi "yaramaz", ən ağır sözü də o idi. Mənə dedi ki, "yaramaz, sən məni aldatdın". Axşamüstü yenə danışdıq. Dedim, Təbriz, gələcəksən? Dedi, hə. Yemək hazırladım. Gözlədim, saat 9 oldu. Təbrizdən isə xəbər yox idi. Zəng vurdum ki, Təbriz gələcəksən? Gülə-gülə dedi ki, "qapını bağla, yat, divardan düşəcəyəm". O zaman anladım ki, bütün gün məni aldadıb".
"Ata, boyum çatmır, əyil aşağı, öpüm səni"
Pərişanın dediyinə görə, Təbriz cəbhə bölgəsinə gedəndə heç kimə deməzmiş. İstəmirmiş ki, kimsə ondan nigaran qalsın. Yenə də Təbrizin cəbhə bölgəsində olduğunu heç kim bilmirdi.
Aprelin ikisi. Pərişan səhər telefonunda Təbrizin yazdığı son mesajı görür: "Səni sevirəm"…
"10.26-da zəng elədim. Dedi, "əlayam, toydur, bayramdır burada". Yarım saat sonra xəbərlərdə eşitdim ki, M24 düşüb. Nə qədər zəng elədim, telefonu götürmədi Təbriz. Sonra xalası oğlu Roman zəng elədi. Təbrizi soruşdu. Dedim, "Roman, sən xeyirliyə zəng vurmazsan. Məni aldadırsan. Düşən M24 Təbrizindir, hə?" Dedi, yox, narahat olma, məni də göndərirlər Təbrizin yanına. 1 saata gedirəm", — danışır Pərişan.
Bundan sonrakı bir saat ərzində Romana dəfərlərlə zəng vurur: "Gedib çatdı və çatanda dedi ki, "mən Rəşadın yanndayam". Rəşad Təbrizin ən yaxın dostudur. Təbriz həmişə deyirdi ki, "Rəşad bağrımın badaşıdır, sirdaşımdır". Roman dedi ki, "Rəşad deyir, Təbriz yaxşıdır, narahat olmasın. Düşən təyyarə onunku deyil". Telefonu qoyub mətbəxə kedim. Bizdə mətbx həyətdə idi. Gördüm, maşın səsi gəlir. Çıxdım ki, iki qara maşın, hərbçilərdir. Elə bağırdım ki, küçənin ortasında. Tutdum yaxalarından, Təbrizdir, hə? Təbrizin tələbələrindən biri dedi ki, yox elə belə gəlmişik".
Qapıda hərbçiləri görəndə Təbrizin sözləri yadına düşür. 11 il Təbriz Pərişanı bu günə hazırlamışdı: "Mən də geyinəcəm, mən də bəzənib düzənəcəyəm, mən də bu dünyanın qaydalarına riayət edəcəyəm. Amma bomboşam. Sevgimi, cavanlığımı, gözəlliyimi, ümidlərimi də aldı apardı özü ilə. Çalışacağam, Təbrizə layiq olum. Onun adına layiq böyüdüm övladlarımı. Çox çətindir uşaqlara cavab vermək. Onurum deyir ki, "ana, atamı kombinzonda basdırıblar?". Deyirəm, niyə soruşursan ki? Deyir ki, "axı o geyimdə öldü". Onurum inanmaq istəmir atasının ölümünə. Təbriz hər zaman tələbələrinə deyirdi ki, "kombinzonunuzu təmiz saxlayın, o, həm də sizin kəfəninizdir".
"Təbriz gözəl insan idi. Böyük oğlum deyir "ana, atamın bəylik kostyumu hanı?". Deyirəm, neynirsən? Deyir ki, "böyüyəndə biləcəksən". Amma o kostyum belə, məndə deyil", — xanımı göz yaşlarını axıda-axıda danışır.
Onur atası üçün çox darıxır. Ara-sıra atasının qoxusunu istəyir: "Deyirəm, səmaya bax, ata ordadır, görəcəksən. Deyir, "ana baxıram". Deyirəm, o, səni qucaqlayır. Deyir, "ana, gəlsin mən də onu qucaqlayım, boynunun qoxusunu özləmişəm". Qəbri üstə getmişik, məzarı öpür, deyir, "ata, boyum çatmır, əyil aşağı öpüm səni".
Pərişan danışdıqca qəhər onu boğur, gözyaşları aramsız yanaqları boyunca süzülürdü. Hər kəlməsində, hər nəfəsində həsrət, intizar hiss olunurdu. Sakitləşməyə çalışsa da, tez-tez əllərinin arxası ilə gözyaşlarını silsə də, göz yaşları aramsız axırdı.
Təbriz Pərişanın ilk sevgisi idi, ilk sevdiyi, ömrünü verdiyi, bir həyatı paylaşdığı… Bu gün Təbriz həyatda olmasa da, Pərişan iki balasına sarılıb, ayaqüstə durmağa çalışır.
"Bilmirəm, Təbrizsiz necə yaşayacağam…"
Pərişan Musazadə Qarabağ qazisi Mirzə Hümbətlinin qızıdır. Pərişanın anası Aidə xanım danışır ki, bu 11 il ərzində Təbriz bir dəfə də olsun arada olan hörməti itirməyib: "Mənə də, yoldaşıma da siz deyə müraciət edirdi. O, mənə oğul kimi idi. Axırıncı dəfə martın 27-də görüşmüşdük. Mənim oğlum xəstə olduğu üçün, bayram keçirə bilməmişdik, xəsətxanada idik. Dedim, ay Təbriz, heç biz bayram keçirmədik. Gördüm, axşam uşaqları da götürüb gəlib bizə. O qədər sevindim ki. Bir dəfə də medal almışdı, şəklini çəkib göndərdi mənə. Üstündə "Müəllimin ala bilmədiyi kitabçanın əvəzində" yazmışdı. Bu mənim üçün böyük hədiyyə idi".
"Pərişanı da çox sevirdi. Elə hörmətli, ağıllı, gözəl xasiyyətli insan idi ki. Onun medallarının sayı qədər mən onun alnından öpmüşəm. Bu gün o, həyatda yoxdur, bu bizim üçün çox ağırdır. Biz onu çox istəyirdik…", — deyir Aidə xanım.
O da danışdıqca göz yaşları ilə bacara bilmir. Sonra otağa Onurla, Tayfun gəldi. Onur çox ciddi uşaqdır, danışmaq istəmir. Uşaq olsa belə, o da dərk edir atasızlığı. Atası ilə keçidiyi günləri xatırlayır. Tez-tez anasından onu soruşur.
Pərişan həyata hansı formada davam edəcəyini bilmir. Amma Təbrizin xatirinə, iki övladının xatirinə ayaqüstə duracağına inanır: "Mən bilmirəm, Təbrizsiz necə yaşayacağam. Amma yaşamağa çalışacağam ki, adını yaşadım, övladlarını yaşadım".
Sağollaşıb çıxanda gözüm divardakı Təbriz güşəsinə sataşır. Pərişan Təbrizli illərini divarda canlandırıb. Onur da qapıya gəlir, qaşqabaqlı formada mənə baxır. Üzünə baxıram, hələ uşaqdır, heç nə hiss etmir. Bəlkə atasını itirdiyini bilir, amma hələ qarşıda onu nələrin gözlədiyndən xəbərsizdir.
Pərişanı isə həyatda böyük sınaq gözləyir, iki oğul böyütmək… Pərişanla söhbət etdikcə, dünyada sevginin hələ də yaşadığına inandım. Bəli, Sevgi var Pərişanın gözlərində. Danışdığı sözlərdə, axıtdığı göz yaşlarında… Bir də dilinə gətirib deyə bimədiyi, baxışlarından oxunan, ürəyində düyünlənib qalan fikirlərində…
Xatırladaq ki, şəhid mayor Təbriz Musazadə 2-5 aprel döyüşlərində, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə, Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri endirən zaman qəhrəmancasına həlak olub.