BAKI, 3 iyun — Sputnik. Almaniya parlamentinin qondarma "erməni soyqırımı" qərarından sonra Türkiyənin Berlindəki səfirini geri çağırması İngiltərə mətbuatında geniş müzakirələrə yol açıb. İngilis mətbuatı qərarın Avropanın qaçqın böhranını həll etmək üçün Türkiyəyə ehtiyac duyduğu kritik bir dövrdə verildiyinə diqqət çəkir.
Financial Times: "Almaniya parlamentinin 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq qəbul etməsi, Almaniyanın Türkiyə ilə əlaqələrinə zərər verə bilər və Avropanın miqrantlar ilə mübarizəsini daha da çətinləşdirə bilər".
BBC: "Səsvermədən sonra Türkiyə səfirini geri çağırdı. Türkiyə səsverməni "hörmətsiz və məlumatsızlıq" nümunəsi olaraq xarakterizə etdi. Səsvermə qaçqınlara nəzarət ilə bağlı Türkiyənin köməyinə ehtiyac duyulduğu bir dövrdə Türkiyə ilə Almaniya arasındakı təzyiqi yüksəltdi".
Guardian: "Alman millət vəkillərinin "soyqırım" qərarını qəbul etməsindən sonra Türkiyə Berlindəki səfirini geri çağırdı. Türkiyə Prezidenti bu qərarın Türkiyə-Almaniya əlaqələrinə ciddi şəkildə təsir edəcəyini söylədi".
Telegraph: "Avropa İttifaqı ilə Türkiyə arasında miqrant razılaşmasının əldə olunmadığı bir ərəfədə, alman parlamenti "soyqırımı" tanıdı. Bu əsnada, Türkiyə hələ də yüz minlərlə qaçqını Avropaya göndərmək və müqaviləni pozmaqla təhdid edir".
Independent: "Parlamentdə səsvermə Avropa İttifaqının qaçqınları geri qəbul edən Türkiyəyə ehtiyacı olduğu həssas bir dövrdə reallaşdı. Türkiyə Prezidenti Almaniya Baş nazirinə zəng edərək, iki ölkə arasındakı əlaqələrin bu səsvermədən sonra zərərə uğrayacağı xəbərdarlığını etdi".
Daily Mail: "Parlamentdə qərarın qəbul edilməsindən sonra Türkiyə səfirini geri çağırdı. Almaniya parlamenti böyük əksəriyyətlə 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq təsdiqlədi. Səsvermə, Ankaranın Avropaya gəlməyə çalışan qaçqınların axışını dayandırmaqda əhəmiyyətli bir rol oynadığı ərəfədə reallaşdı".