BAKI, 23 may — Sputnik. Mayın 22-də Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilib. Bu ayın əvvəlində istefa verdiyini bəyan edən baş nazir Əhməd Davudoğlunu əvəzləyəcək yeni partiya sədri və Baş nazir, ötən həftə partiyadaxili seçkilərdə səs çoxluğu ilə namizəd göstərilən nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım seçilib.
Azərbaycanlı ekspertləri düşündürən məsələ Baş nazir dəyişikliyinin ölkələrimiz arasındakı münasibətlərə necə təsir göstəməsidir. Xəzər Strateji İnstitutunun (HASEN) İdarə Heyətinin sədri, "SOCAR Turkey Energy" şirkətinin sabiq baş direktoru Kənan Yavuz mətbuata açıqlamasında deyib ki, Binəli Yıldırım hələ nazir vəzifəsini tutduğu dönəmdə Azərbaycanla birgə həyata keçirilən layihələrə olduqca böyük dəstək verib: "İnanıram ki, Binəli Yıldırım Baş nazir olduğu müddətdə də qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək, strateji əməkdaşlıq davam edəcək".
"İki ölkə arasında olan münasibətlər əvvəlki kimi yüksələn xətt üzrə davam etdiriləcək". Bunu isə Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, yeni baş nazir seçiləndən sonra Ərdoğanın hakmiyyətinin təsir dairəsi daha da artıb: "Faktiki olaraq yeni Baş nazirin seçilməsindən sonra ölkədə prezident üsul-idarəsinə keçid başladı. Bundan sonra Binəli Yıldırım yalnız prezidentin göstərişlərini yerinə yetirən bir Baş nazir funksiyasını yerinə yetirəcək. Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır və dövlətin də manefiyinədir. Əksinə bundan sonra biz Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinin şahidi olacayıq".
"Bu həm hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafı ilə bağlıdır, həm də hər iki ölkənin iqtisadiyyatına təsir edəcək bir sıra layihələrin gerçəkləşdirilməsi ilə səciyyəvi olacaq. Bundan sonra Azərbaycan-Türkiyə münasibətləri yeni bir inkişaf zəmininə çıxacaq", — siyasi şərhçi bildirib.
Q.Hüseynlu hesab edir ki, Binəli Yıldırım Azərbaycanı sevən adamdır, amma Azərbaycan Türkiyə münasibətlərinin taleyini ilk olaraq türk xalqı, sonra isə Ərdoğan həll edir.
Politoloq Şahin Cəfərlinin sözlərinə görə də, Türkiyədə hökümətə kimin rəhbərlik etməsindən asılı olmayaraq bu ölkənin Azərbaycana münasibəti hər kəsə bəllidir: "Türkiyənin bütün siyasi partiyaları Azərbaycanla münasibətlərdə maraqlıdır. Onların bu istiqamətdə mövqeləri demək olar ki, fərqlənmir. Azərbaycanla mövqeləri bir-birinə çox yaxındır".
"Binəli Yıldırımın baş nazir vəzifəsinə seçilməsinə gəldikdə isə, bunun Türkiyənin xarici siyasətində nəyisə dəyişəcəyini gözləmirəm. Aydındır ki, Türkiyənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibi prezident Ərdoğandır", — analitik vurğulayıb.
Ş. Cəfərlinin fikrincə, hazırda Türkiyənin həyata keçirdiyi siyasətdə Baş nazirin, yaxud da xarici işlər nazirinin kim olmasının elə bir əhəmiyyəti yoxdur: "Xüsusən də Əhməd Davudoğlunun istefa verməsi göstərdi ki, Türkiyənin nə daxili, nə də xarici siyasətində hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Türkiyənin həyata keçirdiyi siyasətdə əsas sözə və rola malik şəxs prezident Ərdoğandır, ona görə də mən Türkiyənin Azərbaycan siyasətində hər hansı bir dəyişiklik gözləmirəm".
Qeyd edək ki, AKP sədri və Baş nazir seçilməzdən əvvəl B.Yıldırımın məsul olduğu nəqliyyat və rabitə sahəsində Azərbaycanla Türkiyə arasında geniş əlaqələr mövcud olub.