Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğan hədəfinə yaxınlaşır: sultanlıq, yoxsa siyasi sabitlik?

© REUTERS / Murat CetinmuhurdarRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə prezidentli siyasi idarəetmə formasına keçilməsinin nəticələri ilə bağlı ekspertlər arasında yekdil fikir mövcud deyil. Bəziləri bunu gələcək uğurların siqnalı kimi dəyərləndirsə də, demokratiyanın təhlükə altında olduğunu düşünənlər də yox deyil.

BAKI, 23 may — Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dünənki qurultayı dünya gündəminin də əsas mövzusuna çevrilib. Nəqliyyat naziri Binəli Yıldırımın partiyaya yeni sədr və Baş nazir təyin seçilməsindən daha çox, prezident Ərdoğana sədaqət göstərməsi və onun mesajının zalda ayaq üstə dinlənilməsi ciddi marağa səbəb olub.

Бинали Йылдырым - Sputnik Azərbaycan
SİYASƏT
Binali Yıldırım AKP sədri seçilib

Ədliyyə naziri Bəkir Bozdağın prezidentin mesajını ayaq üstə oxumağa başlaması ilə salonda olanlar da ayağa qalxıb. Bu görüntüyə münasibət bildirən bəzi ekspertlər Türkiyədə prezident üsul-idarəsinin rəsmi şəkildə təsdiq olunduğunu bildiriblər.

"Hürriyət" qəzetinin yazarı Abdulkadir Selvi bu günkü köşə yazısında dünənki qurultayı belə dəyərləndirib: "Qurultay başdan sona qədər Ərdoğana etimadın göstəricisi idi. Bununla da, Türkiyə dünəndən etibarən faktiki olaraq prezident üsul-idarəsinə başlamış oldu. Binəli Yıldırım təkcə partiya sədri və Baş nazir vəzifəsini üstlənmədi, o həm də ölkəyə prezident idarəetmə formasını gətirmək vəzifəsini üzərinə götürdü".

Mövzunu Sputnik üçün dəyərləndirən türkiyəli politoloq Yılmaz Altınsoy, ölkəsinin yeni idarəetmə modelinə ehtiyacı olduğunu deyib: "Bəziləri elə açıqlamalar verirlər ki, sanki prezidentli idarəetmə forması demokratik deyil, sanki ilk dəfə bizdə tətbiq ediləcəkmiş kimi bir ab-hava yaradılmağa çalışılır. Dünyanın ən demokratik ölkələri sayılan ABŞ-da, Fransada, bir çox Avropa ölkələrində bu sistem deyilmi?".

"Prezident üsul-idarəsini digər idarəetmə formalarından fərqləndirən ən təməl ünsür rəhbərlikdə sabitliyin olmasıdır. Əgər idarəetmədə sabitlik olarsa, demokratiyanın keyfiyyəti də artmış olar. Ölkə iqtisadiyyatı, o cümlədən bütün sahələr ləngimədən, sürətli şəkildə inkişaf edər", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, qlobal dünyadakı siyasi təhdidlər, istiqrarsızlıq bütün ölkələrin iqtisadiyyatlarına ciddi təsir edib: "Sürətli inkişafın əsas şərti, beynəlxalq ticarətin həm pul axınları, həm də mal paylaşımları ölçüsündə artmasıdır. Beynəlxalq sərmayə təşkilatları investisiyanı siyasi sabitliyin olduğu ölkələrə yatırır. Tez-tez hökumətlərin dəyişdiyi, siyasi sabitliyin olmadığı ölkələr xarici sərmayələri cəlb edə bilmir. Təəssüf ki, bizim ölkəmizdə parlamentli idarəetmə forması özünü doğrulda bilmədi, bilmir. Bunda daha çox israr etməyin mənası yoxdur. Türkiyənin prezidentli idarəetməyə ehtiyacı var".

Politoloq Qabil Hüseynli isə türk həmkarının fikirləri ilə razı deyil. Onun sözlərinə görə, Amerika, Fransa və digər Avropa ölkələrində olan prezident üsul-idarəsi tamam fərqlidir.

"Bəli, həmin ölkələrdə də bu idarəetmə modeli var. Ancaq onlarda prezidentin səlahiyyətini qısan qanunlar da var. Məsələn, ABŞ-da prezidentli idarəetmə varsa da, onun səlahiyyətlərini məhdudlaşdıran, onun təsir dairəsini azaldan çoxlu mexanizmlər var. Senat var, konqres var, güclü ali məhkəmə sistemi var. Amma Türkiyədə bu forma hələ təsdiqini tapmayıb, məhkəmələrin müstəqilliyi artıq indidən sual altındadır", — deyə politoloq Sputnik-ə açıqlamasında bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu - Sputnik Azərbaycan
TƏHLİL
Ərdoğan - Davudoğlu ziddiyyətlərinin pərdəarxası

Analitik sözlərinə görə, Fransada da vəziyyət eynidir: "Bu ölkədə hökumətə prezident başçılıq etsə də, o qədər də geniş səlahiyyətlərə malik deyil. İdarəetmə baş nazirlə prezident arasında bölüşülüb. Türkiyədə isə prezident var, yerdə qalanlar hamısı icraçıdır".

Q.Hüseynli iddia edir ki, Ərdoğanın əsas məqsədi, bünövrəsini Atatürkün qoyduğu parlamentar üsul-idarəni demantaj etməkdir: "Bir çoxları bunu atatürkçü siyasi sistemin demantajı kimi qiymətləndirirlər. Türkiyədə çoxları qorxurlar ki, AKP hökuməti prezidentli üsul-idarəni yaratmaqla, az qala Osmanlı dövründəki sultanlıq, padşahlıq sistemini ölkəyə gətirə bilər. Ona görə də, xalqın əksəriyyəti demokratiyanın gələcək taleyi üçün qorxur".

Qeyd edək ki, dünən AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. O, qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.

Xəbər lenti
0