İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 20 may — Sputnik. Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi. Bu evin daxildən görünuşu adi olsa da, kənar görünüşü hər kəsi heyran qoyur. Belə ki, evin hörgülərində çaynik, kasa, gülab qabı, boşqab və ümümilikdə 5 minə yaxın çini qablardan istifadə edilib.
Gəncənin "Yeni Yeravan" qəsəbəsində yerləşən bu evi bir zamanlar çini qablar zavodunda işləyən Əli Əliyev adlı şəxs inşa edib. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər.
Çayniklə yanaşı kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablardan istifadə edilərək tikilən bu evin inşası heç də asan olmayıb. Belə ki, qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın.
Evdə olarkən məlum oldu ki, 1985-ci ildə inşa edilən bu ev 1993-cu ildə bir nəfərə satılıb, 1999-cu ildə isə evin hazırki sahibi Təranə Ələsgərovanın həyat yoldaşı alıb. Onun oğlu, 21 yaşlı Ceyhun Mərdənov bildirdi ki, atası rəhmətə gedib və hazırda bu evdə anası və bacıları ilə birgə yaşayır.
C. Mərdənovun sözlərinə görə, evin ilk sahibi Əli Əliyev yaxınlıqdakı, hazırda fəaliyyəti göstərməyən çini qablar zavodunda işləyib. Oradan istifadəyə yararsız minlərlə qabı gətirərək bu evi düzəldib. Həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə quran Ə.Əliyev yeni həyat yoldaşı ilə birgə bu evi tikib.
"Hamısını özü düzəldib. Zavoddakı qırıq, yararsız qabları daşıyıb gətirib bura. Hər kəs deyib ki, bu lazımsız qabları niyə yığır görəsən…? Evi tikməyə başlayanda görüblər ki, həyat yoldaşı bir-bir bu qabları verir, o da sement vuraraq divara hörür", — C. Mərdanov bildirdi.
Onun dediyinə görə, öz ideyası ilə inşa etdiyi evə Əli kişi xüsusi diqqət yetirib: "Həyat yoldaşı günaşırı qabları yuyub, təmizləyirmiş. Heç kim toxunmurmuş evə. Lakin sonralar baxımsızlıqdan çoxu sınıb. Əvvəlki halı daha gözəl idi. O, kişi hər zaman deyib ki, vaxt gələcək, bu ev hər kəsin marağını cəlb edəcək".
Ceyhun deyir ki, atası evi alanda daha yaxşı formada olub. Sonra illər keçdikcə bəzi hörgülər uçmağa başlayıb. Müsahibimiz, nə qədər çalışslar da, evi qorumağa güclərinin çatmadığını qeyd edir. Hazırda evin hasarı uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, təhlükə altındadır. Min bir zəhmətlə inşa edilmiş evdə yaşayan bu ailənin maddi imkanı onu bərpa etməyə, ən azından bundan artıq dağılmasına yetmir.
Bu səbəbdən ev uzun zamandır, təmir edilmir və baxımsız qalıb. Nəticədə evin hasarlarının uçmaq təhlükəsi var. Artıq bu evdə yaşamağa qorxduqlarını bildirən Ceyhun Mərdənov, bunun üçün aidiyyəti qurumlardan da köməklik istədiklərini bildirdi.
Düşünürük ki, gələcək nəsillərin də görməsi gərəkən bu qeyri-adi evin təmiri üçün aidiyyəti qurumlar tərəfindən köməklik ediləcək. Yoxsa həm bir ailənin evi, həm də "Çaynikli ev" adlı bu sənət əsəri yox ola bilər.