BAKI, 19 may — Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 3 gün sonra keçiriləcək növbədənkənar qurultayı öncəsi partiya sədri və baş nazirin kim olacağı ətrafında gərgin müzakirələr gedirdi. Artıq bəlli oldu — AKP-nin yeni sədri və Baş nazirliyə namizəd Binəli Yıldırımdır.
Bəs Binəli Yıldırım kimdir? Siyasətə necə və haradan gəlib? Karyerası nədən ibarət olub? Yeni hökumət başçısı Türkiyəyə nə qazandıra bilər?
Kifayət qədər səriştəli və işinin öhdəsindən bacarıqla gələn adam kimi tanınan Binəli Yıldırım 1955-ci ildə Ərzincan vilayətinin Rəfahiyə rayonunda anadan olub. 1977-ci ildə İstanbul Texniki Universitetinin Gəmi inşaatı və Dəniz elmləri fakütəsini bitirərək, 1978-1993-cü illər arasında bu sahədə aidiyyəti dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Və işlədiyi müddətdə İsveçdə Dünya Dənizçilik universitetində dokturantura təhsili alıb.
İlk ciddi işinə 1994-cü ildə başlayan Binəli Yıldırım 2000-ci ilədək İstanbul Böyük Şəhər Bələdiyyəsi Gəmilərin İdarə Edilməsi üzrə dövlət orqanında müdir vəzifəsində çalışıb. O dövrdə qeyri-mümkün görünən İstanbuldakı tıxac problemini məharətlə həll edən Yıldırım, bunun üçün dəniz vasitəsilə sərnişin daşınmasında ciddi layihələrə imza atıb.
Onun rəhbərliyi dövründə İstanbul-Yalova xətti üzrə bir neçə liman açılaraq fəaliyyətə başladı. Üstəlik tam yeni, müasir və sürətli gəmilər gətirilərək istifadəyə verildi. İstanbuldakı tıxac problemini alternativ yollar taparaq həll etdiyinə və xalqı müasir dəniz nəqliyyatı ilə tanış etdiyinə görə Binəli Yıldırıma 1999-cu ildə "Ləyaqət medalı" verilib.
58, 59 və 60-cı hökumətlər dövründə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb. Bundan başqa o, Türkiyə Böyük Millət məclisinin 22-ci dövr AKP İstanbul millət vəkili, 23-cü dövr Ərzincan, 24 və 26-cı dövr İzmirin millət vəkilliyini edib.
5 iyun 2014-cü il tarixdə B. Yıldırım Ərdoğanın müşaviri vəzifəsinə gətirilib. 24 noyabr 2015-ci il tarixdə baş nazir Əhməd Davudoğlunun açıqladığı 64-cü hökumətdə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri postunu tutub.
Müəllimə işləyən Semiha Yıldırım ilə evli olan Binəli Yıldırım 3 uşaq atasıdır. İngilis və fransız dillərində səlis danışa bilir.
Yıldırımın baş nazir seçilmə şansını Sputnik üçün dəyərləndirən türk politoloq Ömər Dinçər, onu şəxsən tanıdığını və hökumət başçısı olmağa layiq olduğunu deyib: "Yaşadığım şəhər İzmirin, bütövlükdə Türkiyənin daha da inkişaf etməsi üçün onun AKP sədri, baş nazir seçilməsini ürəkdən arzu edirəm. Çünki o, bu vəzifəyə ən layiqli namizəddir".
"Məhz Binəli Yıldırımın nazir olduğu dövrdə magistral yollar, hava yolları, dəniz yolları, kommunikasiya və texnologiya sahəsində ciddi inkişaf yaşandı", — politoloq bildirib.
Dinçər qeyd edib ki, əslində Ərdoğanın prezident seçilməsindən sonra baş nazir Binəli Yıldırım olmalı idi: "Məncə Rəcəb Tayyib Ərdoğanın prezident olmasından sonra, o kreslonu ən çox haqq edən Yıldırım idi. Təəssüflə deyirəm, bu, o dövr olmadı. Ancaq inanıram ki, bu dəfə olacaq".