BAKI, 5 may — Sputnik. Türkiyə baş naziri Əhməd Davudoğlunun dünən prezident Ərdoğanla görüşündən sonra vəzifədən getməyə razı olduğu barədə yayılan xəbərlər dünya gündəmini silkələyib. Ərdoğanla Davudoğlunun axşam saatlarında Ankarada keçirdiyi görüş 1 saat 40 dəqiqə davam edib. Buna qədər isə, yerli mətbuatda Davudoğlunun istefa verəcəyi barədə artıq neçə gün idi ki, xəbərlər dolaşmaqda idi.
Bir həftə öncəsinə qayıdaq. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 29 aprel tarixində keçirdiyi toplantı ciddi narazılığa səbəb olmuşdu. Partiyanın ən üst qərar orqanı olan Mərkəz İdarəetmə Orqanı bir çox səlahiyyətləri baş nazirdən alaraq yenidən özünə qaytardı. Məsələn, bölgə təşkilatları rəhbərlərini təyin etmə səlahiyyəti. Əslində isə bu, həmin səlahiyyətlərin Davudoğludan alınması mənasına gəlirdi.
Bu hadisədən dərhal sonra internetdə "Pelikan dosyası" adlı bir bloqda prezident Ərdoğanla baş nazir Davudoğlu arasındakı münasibətlərə aid iddialar yer aldı. Yazıda Davudoğlunun vəzifəyə gəlməsindən bu günə qədər Ərdoğana münasibətdə yol verdiyi iddia edilən səhvlərin sıralaması yer aldı. Hökumətdə bəzi şəxslər bu bloqun "Ərdoğan tərəfdarları" tərəfindən qələmə alındığını, bəziləri isə bunu partiyaya ziyan verməyə çalışan üçüncü tərəflərin işi adlandırdı.
Gələk dünənki Ərdoğan-Davudoğlu görüşünə. Maraqlıdır ki, ikili arasındakı danışıqlardan sonra Prezident Sarayından heç bir açıqlama verilməyib. Qısa olaraq qeyd olunub ki, AKP-də bu ayın sonunda yeni sədr seçilməsi ilə bağlı qurultay keçiriləcək. Bu isə o deməkdir ki, baş nazir Əhməd Davudoğlu Prezidentlə görüşündə vəzifədən getməyə razılıq verib.
Bütün bu olanlardan sonra ekspertlər müxtəlif versiyalar səsləndirməyə başlayıblar. "Hürriyet" qəzeti yazarı Abdülkadir Selvi, CNN Türk kanalına Ərdoğanla baş nazir Davudoğlunun kritik görüşü haqqında ilk dəyərləndirməsini edib. AKP-nin vaxtından əvvəl qurultaya gedəcəyini söyləyən A.Selvi, həmin qurultay baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağını vurğulayıb.
"Yeni Şəfəq" qəzeti isə növbədənkənar qurultayın konkret gününü də yazıb. Qəzetin yazdığına görə, mayın 22-də keçiriləcək qurultayda 5 nəfərin namizədliyi irəli sürüləcək: nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ, energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin.