BAKI, 16 may — Sputnik. Halım tam mətbuatımızın halı kimidir — mövzusuz və yorğun. Qələmə almağa o qədər nəsnə var ki… O qələmi tutmağa əl yoxdur. Qələmi buraxın da, əl atdığın hər daşın altından elə böyük bir baş çıxır ki, ona baş qoşsan, sənə baha başa gələr.
Bəs başın girməyən yerə qələmi necə soxasan? Ya da oxucu "maus"un oxunu sənin… başlığının üzərində dayandırsın deyə, hansı yalanı uydurasan?
Məsələn yazsan ki, çayxanaya girən 2 cavan polis serjantı üçün 2 ağsaqqal professorun masasından qaldırıldığı məmləkətdə yaşayırıq, yeni heç bir şey demiş olmayacaqsan. Ya da, Azərbaycanda küçə uşaqları arasında rəsmi soğru keçirildiyini və nəticələrin ürəkağrıdıcı olduğunu desən, heç kimi təəccübləndirə bilməyəcəksən.
Çünki bizə küçələrdə təkər qaraldan uşaqların dramatik həyatı deyil, müəllimi tərəfindən hamilə qaldığı iddia olunan məktəbli qızın həngaməsi maraqlıdır. Küçədə fikri soruşulan uşaqların 50 faizə yaxınının qeyri-qanuni gəlir hesabına yaşadığını öyrənmək düşündürür, axı. Nəyimizə gərək?!
Bizə nə ki, o uşaqların 25 faizi ümumiyyətlə məktəb üzü görməyib, digər 25 faizi isə, sadəcə 4-cü sinfədək məktəb yolu tanıyıb? Sizə maraqlıdır?— Xeyr. Bizə heç deyil! Əgər kiməsə maraqlı olsaydı, "Hamilə qalan məktəbli qızın atası danışdı" xəbərini oxuyan yüz min nəfərin bircə faizi "Bağlı qapı arxasındakı həqiqət: bunları bilirdiniz?" yazısını oxuyardı.
Sorğu olunanların 20 faizdən çoxu valideynləri və ya bacı-qardaşı tərəfindən işləməyə məcbur edilənlərmiş. Yaşları da 9-la 17 arasında dəyişirmiş. Cəmi 10 faizi də sırf acından ölməmək üçün, işıqforun qırmızı işığında pəncərə silib-təkər qaraldırmış. Heç klikimizə də deyil, hələ baxaq görək, o qızı o hala gətirən müəllimin özü nə deyəcək.
Sorğu olunan oğlanların cəmi 3 faizi tamamilə sağlam olduğunu, qızların isə hümumiyyətlə heç biri özünü tam sağlam hesab etmədiyini bildirib. Kiminsə tükü tərəndi? Əsla! Önəmli olan odur ki, 9-cu sinifdə oxuyan həmin qız artıq hamiləliyinin 7-ci ayındadır. Görəsən, uşağın cinsiyyəti bəllidir?
Sorğuya cəlb olunmuş uşaqların bir qismi yaşadığı reallığı dilə gətirməkdən boyun qaçırıb, yaxud qorxub. Bununla belə, hər 100 uşaqdan birinin narkotik maddə almaq üçün işlədiyi məlum olub. Təsəvvür edirik? Etmirik!
10 yaşından narkotik dalınca küçələrə düşən binəvanın bizdən biri olduğu umurumuzda da deyil. Elin "yetimçəsidir", ya elsizin. Bizə nə! Biz hara və niyə tələsirik ki? Gün gəlib, həmin uşaq bizim övladımızı narkotikə dadandıranda, söyüb-qarğamaq üçün bol-bol vaxtımız olacaq.
Bax belə, əziz dost. Gördün, necə bədniyyətəm?! Hər zaman olduğu kimi, ağır halımla səni yüklədim. Mövzu axtara-axtara gəlib ayağının yaralı yerinə basdım. Boş ver, ya da boşboğazlığıma ver. Bilirəm ki, güc-bəla ilə bu sətirləri oxuduqca, ürəyində deyirsən ki:
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!