CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlarımızı fəlakətə sürükləyirik

© Photo : www.bulatgym.comYeniyetmələr arasında kikboksinq döyüşü. Arxiv şəkli
Yeniyetmələr arasında kikboksinq döyüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqlar fiziki cəhətdən güclü olsunlar deyə, idmançı olmalarına çalışırıq. Lakin bəzi hallarda onların həyatında elə bir mənfi təsir buraxırıq ki, bir ömür bunun acısını yaşayırlar.

BAKI, 13 may — Sputnik. İdman insana fiziki güc qazandırmaqla yanaşı, həm də psixoloji güc qazandırır. Bəzən isə bunun əksi baş verir. Uşaqlar döyüş idman növlərində bir neçə ay məşq etdikdən sonra, özündən qat-qat güclü və təcrübəli rəqiblə qarşılaşdırılır. Nəticədə acınacaqlı məğlubiyyət uşaqda özünə inamsızlıq, "gözüqorxaqlıq" kimi psixoloji problem yaradır.

Murat Eskici, Türkiyənin Milli Gimnastika Yığmasının texniki rəhbəri - Sputnik Azərbaycan
İDMAN
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"

Sputnik-in əməkdaşı bu problemin səbəb və nəticələrini, həmçinin çıxış yollarını araşdırmağa çalışıb. Taekvando üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Mamed Abdullayevin sözlərinə görə, söhbət nokautdan və ya böyük xalla uduzaraq "sınan" idmançıdan gedirsə, deməli o, hələ idmançı kimi formalaşmayıb.

"Çünki professional yüksək nəticəsi olan idmançı belə nakauta düşə və yaxud böyük xalla uduza bilər. Formalaşan idmançı uduzursa və yaxud nokauta düşürsə, bundan nəticə çıxarmalıdır. Təbii ki, məşqçisi ilə birlikdə. Məşqçi idmançının döyüş hazırlığını, psixologiyasını tam hazırladıqdan sonra onu yarışa çıxarmalıdır", — deyə baş məşqçi bildirib.

M. Abdullayev hesab edir ki, məsələnin həlli yolu məşqçinin idmançının psixologiyasını tam öyrəndikdən sonra döyüşə çıxarmasındadır: "Döyüşə psixoloji hazır olan idmançı məğlub olduğu zaman heç bir travma almır. Bu zaman uduzan idmançı da heç vaxt "sınmaz" və yaxud "gözüqorxaq" olmaz, əksinə daha çox çalışar ki, növbəti qələbəsinin sevincini yaşasın. Bir sözlə, uduzmaq idmançının şansıdır. Uduzmasan, udmazsan. Əsas odur ki, sağlam rəqabət olsun. Psixoloji travma psixologiyası zəif idmançılarda olur".

Karate üzrə məşqçi və idmançı Vüqar Fərmanoğlu da bu problemin məsuliyyətinin məşqçilərin üzərinə düşdüyünü bildirir: "Bu yaxınlarda bir tanışımla söhbət zamanı mənə bildirdi ki, kiçik yaşlı oğlunu qaydasız döyüşə yazdırıb, 2 həftə sonra məşqçisi uşağı döyüşə çıxarıb və döyüş zamanı uşağın burnu sınıb. Düşünürəm ki, belə hadisələrin birbaşa məsuliyyəti məşqçi daşıyır".

V. Fərmanoğlu təcrübəli məşqçinin hazırlıqsız tələbəni döyüşə çıxarmamalı olduğunu bildirib: "Belə halların nəticəsi gördüyünüz kimi, ürəkaçan olmur. Yox əgər, situasiya başqa məcradadırsa, məsələn, uşaq bir neçə il yaxşı hazırlaşıb sonra yarışda özündən qat-qat istedadlı və bacarıqlı birinə nokautla və ya böyük xal hesabı ilə uduzubsa, yenə də əgər məşqçi tələbəyə düzgün psixoloji istiqamət verirsə, bu uşağın gələcəyi üçün problem olmayacaq, əksinə onun gələcək qələbələri üçün stimul yaradacaq. Bu problemin həlli məşqçinin hər bir tələbəni individual psixoanaliz etmə professionallığından asılıdır".

Tariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tanınmış psixoloqdan həyəcanlı proqnozlar

Uşaq psixoloqu Aidə Nəbiyeva isə müasir dövrdə belə psixoloji travmaların yaranmasının günahını valideynlərdə goru: "Heç bir prosesi tələsdirmək olmaq. Hər bir prosesin başlanma nöqtəsi, inkişafı və sonu var. Zamanı qabaqlamaq istəyən valideynlər, idmana qoyduqları övladlarını tez bir zamanda yarışa çıxarıb uğur qazanmalarını istəyirlər. Bu zaman baş verən məğlubiyyət uşaqda böyük psixoloji travma yaradır".

"Uşaq nəinki idmanda, sonradan şəxsi həyatında da bu travmanın təsirini hiss edə bilər. Məsələn, uşaq ətraf mühitlə əlaqələrini kəsə bilər, təhsil almaqdan imtina edə bilər. Beləliklə uşağın gələcəyi böyük təhlükə altında ola bilər. Ona görə də valideynlərə tövsiyyə edirəm ki, uşaqlarından tez bir zamanda böyük uğurlar tələb etməsinlər. Hər uğurun da zamanı var", — psixoloq vurğulayıb.

A.Nəbiyeva onlara belə müraciətlərin tez-tez edildiyini də bildirib: "Depressiyalar, özünə qapanmalar kimi psixoloji problemləri olan uşaqlar çox olur. Problemin köklərini araşdıranda görürük ki, rəqsdə, musiqidə və ya idmanda uşağın qarşılaşdığı uğursuzluq gətirib belə depressiyaya səbəb olub".

Uşaq psixoloqu problemin yaranma səbəbini belə açıqlayıb: "Hal-hazırda cəmiyyətdə dəhşətli proses yaranıb — sosial yarış. Valideynlər valideynlərlə, uşaqlarının uğurları üstündə yarışır, digərlərinə nəyisə sübut etmək üçün rəqabət aparırlar. Uşaqları bu yarışmanın oyunçusuna çevirmək olmaz".

Xəbər lenti
0