Türkiyənin Milli Gimnastika Yığmasının texniki rəhbəri Murat Eskicinin, Rio-2016 olimpiadası ilə bağlı Sputnik-ə müsahibəsini təqdim edirik.
- Murad bəy, Rio-2016 olimpiadasına lisenziya qazanan idmançınız var?
— Zamanla bəlli olacaq. İki idmançımız zamizəddir, amma hələ dəqiq deyil. Bu idman növündə lisenziya qazanmaq fərqlidir. Fərhad Arıcan və Tutya Yılmaz olimpiadaya namizəddir, amma tam olaraq lisenziya qazanmayıblar.
- Türkiyədə də döyüş idman növləri daha populyardır. Güləş, cüdo, karate, taekvando… Bunun səbəbi nədir?
— Bütün idman növlərində eyni zamanda uğur qazanmaq mümkün deyil. Həm də idmana diqqətdən də asılıdır. Məsələn sizdə belə gözəl gimnastika arenası var. Deməli gimnastika üçün sizdə şərait var, qalır ki, idmançı gəlsin, məşq eləsin və uğur qazansın. Bizə gəlincə isə, bizdə döyüş idman növlərində daha tez-tez yarışlar keçirilir. Hazırdaqə Türkiyədə 1500-dən çox idman zalı fəaliyyət göstərir. Bir çox idman növləri üçün işlər görülür. Hədəfimiz olimpiadalara idmançı yetişdirməkdir. İnanıram ki, 2020-2024-cü illərdə Türkiyə olimpiadada daha çox idmançı ilə təmsil olunacaq. İdman iqtisadiyyata bağlıdır. İqtisadiyyat gücləndikcə idmana dəstək artır və uğur da çoxalır.
- Belə bir fikir var ki, tarixdə çoxlu müharibələr gördüyü üçün, türk millətinin nümayəndələri daha çox döyüş idman növlərində uğur qazanırlar. Buna münasibətiniz necədir?
— Bizim üçün fəxrdir bu. Bütün dünyaya mərd, igid millət kimi tanınmağımız gözəldir. Amma biz həmişə sülhə, uğura can atmışıq, gözəlliklər üçün və haqsızlıqlara qarşı müharibələr aparmışıq. Vətənimizi, millətimizi sevirik və həmişə vətənimizi qorumağa hazırıq.