CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

82 yaşlı kişinin dramı: "Yoldaşım dedi, kişi deyilsən, pul tap..."

© Sputnik / Irade Celilİlyas İsgəndərov
İlyas İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gün ona kişiyə xəbər verirlər ki, "həyat yoldaşın boşanma üçün məhkəməyə müraciət edib". Əvvəlcə inanmasa da, sonradan məhkəməyə çağırılır. Və 3 aylıq xəstəxana həyatından sonra evinə döndükdə gözlərinə inanmır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Övlad dünyaya gəlir. Qızdır — həyanım olacaq, oğuldur — dayağım, deyə düşünürsən. Yemirsən, yedirirsən, geymirsən, geyindirirsən ki, hər şey onun ürəyincə olsun bu həyatda. Dost-tanışından, yaxınlarından əskik olmasın, başı aşağı olmasın deyirsən, təhsil verməyə çalışırsan.

Fəzail Əhmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
73 il canında qəlpə "bəsləyən" insan

Böyüyür, təhsilli, imkanlı bir şəxsə çevrilir. Və bir də baxırsan ki, tək-tənhasan. Daha ona lazım deyilsən, daha səni axtarmır. Daha kimsə onu incidəndə yanına qaçmır, daha pulu qutaranda "ata, ana pulum yoxdur" demir. Daha YOX kimidir. Uzaqdır, yaddır.

Sanki səndən deyil, sanki sənin olmayıb. Telefonuna cavab vermir, evinin yerini də tanımırsan. Əldən-ayaqdan düşürsən, əlindən tutanın, ayağa qaldıranın olmur. Peşman olursan, keçirdiyin bir ömrə, yaşadığın günlərə. Doğulanda sevincindən özünə yer tapmadığın balanın yerini tapmırsan. Ümid yalnız qalır ora. "Qocalar evi"nə…

"Dedi ki, bu qanı yerdə qoymayacağam"

Qocalar evində yüzlərlə qoca var, atılan, gərəksiz hesab edilən, övladı tərəfindən baxılmayan, kimsəsiz… İlyas dayı da tərk edilmişlərdəndir. 6 övladı olsa da, heç biri qocaya sahib çıxmayıb. Həyat yoldaşı ilə ayrılandan sonra ömrünün geri qalan hissəsini "Qocalar evi"ndə yaşamalı olub.

Deyib gülsə də, "Qocalar evi"ndə olan həyatından razılıq etsə də, könlündəki nisgili gizlədə bilmir. Nəvələrini görmək istəyir. Deyir ki, nəvə baladan şirİn olur, amma heç biri onu yada salımır. Beləcə, İlyas İsgəndərov 1995-ci ildən "Qocalar evi"nin sakinidir. Deyir ki: 

Neylirəm malı-dövləti
Mənə lazım idi oğul hörməti
İstəyirdim gəlin qulluğu görüm,
Öləndə nəvə qucağında ölüm…

Dediyinə görə, əslən goranboyludur. 6 övladı olan İlyas dayının böyük oğlunun 54 yaşı var: "3 qızım, 3 oğlum var. 5 uşağı evləndirdim, 6-cıda yoldaşım məndən ayrıldı. 1990-cı ildə böyük oğlum evlənirdi, pulu çatmırdı. O da Dənizçilik Məktəbini bitirib. Dənizdə gəmi kapitanı işləyirdi. Yoldaşım dedi ki, "böyük oğlum evlənmək istəyir". Dedim pul gətirsin, evləndirim. O vaxtlar indiki pulla 450 manat maaş alırdı. Həmin vaxtlarda oğlum avtomobilini də satmışdı. Yaxşı pulu var idi. Yoldaşım dedi ki, "kişi deyilsən, get birindən 3 min tap, uşağı evləndirək". Vurdum, ağzı-burnu qanadı. Mənə dedi ki, "bu qanı yerdə qoymayacağam". Sonra oğlu çəkib onu yanına apardı".

"Qocalar evi"ndə evlilik

Bir gün İlyas kişiyə xəbər verirlər ki, həyat yoldaşı boşanma üçün məhkəməyə müraciət edib. Əvvəlcə inanmayan İlyas kişini, sonradan məhkəməyə çağırırlar: "O vaxtlar 59 yaşım vardı. O, məndən 11 yaş kiçik idi. Ayrıldıq. Bir müddət sonra gedib ayağımı kəsdirdim. Ayağımı yerə qoya bilmirdim, qolum da keyimişdi. Hardasa 3 aya yaxın xəstəxanada qaldım. 1994-1995-ci illərdə xəstəxanadan sonra evimə getdim. Uşaqlarım bütün sənədlərimi yandırmışdılar".

"Mənim 36 il iş stajım var idi. Ancaq sənədlərimi yenidən yığmalı oldum. Və bura gəldim. Əvvəlcə burada məni götürmək istəmirdilər. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim və məni qəbul etdilər", — deyir həmsöhbətimiz.

O, 5 il burada yaşayandan sonra, elə "Qocalar evi"ndə Sevda adlı xanımla ailə həyatı qurur. Sevda xanım əvvəlcə bu haqda bizimlə danışmaq istəmir. Sonra razılaşır.

© Sputnik / Irade Celilİlyas dayı "Qocalar evi"ndə 5 il yaşayandan sonra, elə buradaca Sevda adlı xanımla ailə həyatı qurur
İlyas dayı Qocalar evində 5 il yaşayandan sonra, elə buradaca Sevda adlı xanımla ailə həyatı qurur - Sputnik Azərbaycan
İlyas dayı "Qocalar evi"ndə 5 il yaşayandan sonra, elə buradaca Sevda adlı xanımla ailə həyatı qurur

Uşaqlıqdan ikinci qrup əlil olan Sevda xanım, ailə həyatı qursa da, övladı olmur. Sonra atası onu "Qocalar evi"nə gətirməli olur. Artıq ata-anası dünyasını dəyişib. İki qardaşı var, onlar da maraqlanmırdı. Maddi sıxıntıları olan Sevda xanım, burada İlyas dayı ilə tanış olur və İlyas dayı ona evlənmək təklif edir.

"Görürdüm, çox sıxıntıları var, dolana bilmir. Bir əli də işləmir. Dedim, qoy evlənək, ancaq biz bir-birimizin qədrini bilə bilərik. Və Sevda mənimlə razılaşdı. İndi 17 ildir ki, ailəliyik", — İlyas dayı deyir.

O, nəql edir ki, kiçik oğlu ara-sıra gəlib-gedirmiş. Amma sonra söhbətlərin birində oğlu atasından evini istəyir: "Vermədim. Dedim, verməyəcəyəm. Mənim evin qarşısında 24 metrlik bir gül çardağı var idi. Elə gözəl güllərimiz vardı ki. Heyif. Amma verməyəcəm onlara. O evi görsəniz, məni güllə ilə vurarsınız ki, adam da o gözəl evi qoyub burda yaşayar?".

"Özümə söz vermişəm, 90-a qədər yaşayacağam"

Qəhrəmanımız öz təqaüdünü yığaraq burada özünə "Jiquli" də alıb. Deyir ki, burada həyat çox gözəl keçir. Artıq danışan yox, səs-küy yox, rahat həyat var: "Öz maşınımla getdim bazarlıq edib gəldim. Sevda ilə çox gözəl həyatımız var. Mən gənclik illərində arzuladığım xoşbəxt həyatı indi yaşayıram".

© Sputnik / Irade CelilQəhrəmanımız deyir ki, burada həyat çox gözəl keçir
Qəhrəmanımız deyir ki, burada həyat çox gözəl keçir - Sputnik Azərbaycan
Qəhrəmanımız deyir ki, burada həyat çox gözəl keçir

"82 yaşım var. Özümə söz vermişəm, 90-a qədər yaşayacağam. Nə içki içmişəm, nə əxlaqsız həyatım olmayıb, qumarbaz olmamışam. Təmiz həyatım olub. Atam 98 yaşında dünyasını dəyişib, bir qardaşım var 88 yaşında. Biz uzunömürlüyük", — deyir.

Döşündəki orden və medallar Volodya babanın keşməkeşli, ancaq şərəfli ömür yolu keçdiyinin şahididir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müsəlman kəndinin yeganə rusdilli sakini: "Yaxşı ki, oğlum olmadı..."

Qapıdan çıxanda əsasına söykənib, ayağa qalxmağa çalışır, amma bacarmayıb, çarpayıya çökür. Yada saldığım üçün təşəkkür edir. Deyir ki, "bizi yada salın, bizim diqqətə ehtiyacımız var". 

Sağollaşıram. "Qocalar evi"nin sakinlərindən biri gəlib məni qucaqlayır, deyir ki, "sənə vuruldum"… Onun da maraqlı taleyi var. Yaşlı olsa da, gözlərinin gözəlliyi itməyib, təbəssümü hələ dodağındadır Mina xanımın. Həm də maraqlı həyatı var… Deyir, məndən də yaz. Onun da tarixçəsini qələmə almışam. Bizi izləsəniz, iki övladını avtomobil qəzasında itirmiş Mina xanımın taleyi ilə də tanış ola bilərsiniz.

"Qocalar evi" bir həyat məktəbidir. Səhvləri ilə, doğruları ilə bir ömrün son akkordlarını yaşayan insanların dərs keçdiyi bir məktəb. Bizi izləyin, izləyin ki, atılmış, tərk edilmiş qocaların həyatından, buraxdığı səhvlərdən, niskillərindən xəbərdar olasınız… Axı biz həyatı böyüklərdən öyrənirik.

Xəbər lenti
0