CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

73 il canında qəlpə "bəsləyən" insan

© Sputnik / Ayaz YashilyarpaqFəzail Əhmədov
Fəzail Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
O, təkcə valideynlərinin yox, həm də bir elin duası ilə doğulub. Uşaq yaşlarında sürgündən son anda qurtulub. 15 yaşında ikən ailələrinin çətinliyi onun zəif çiyni üzərinə düşüb, ayaqda güclə dayanıb.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. İmişlidə yaşayan müharibə və əmək veteranı Fəzail Əhmədov ömrün 94-cü baharına sağlam ürək, iti hafizə, tükənməyən həyat eşqi və danışdıqca qurtarmayan acılı-şirinli xatirələrlə gəlib çıxıb.

"Mən dünyaya gələnədək valideynlərimin 18 uşağı olub. Onların hamısı boya-başa çatmamış ölüb. Buna görə də atam dul qalan bacılarından birinin üç uşağını övladlağa götürüb", — Sputnik-ə danışan F. Əhmədov deyir.

Hümbət Alıyev - Sputnik Azərbaycan
Stalin bu əsgərlərə görə müdafiə nazirini işdən qovdu

1923-cü ildə kəndlərində keçirilən məhərrəmlik mərasiminə Lənkəranın axundu gəlibmiş. O, atası ilə tanış olur. Məclisdə dua edir ki, Allah gələn il Kərbəlayı Heydərə bir cüt sağlam uşaq versin. Hamı da "amin" deyir.

"Mən və qardaşım elə növbəti il əkiz doğulmuşuq. O vaxt atamızın 81 yaşı olub", — həmsöhbətimiz danışır.

Fəzail kişi həyat hekayəsini çox maraqlıdır. Onun "sinə dəftəri" yazılmamış romana bənzəyir. Ömrün müharibəyədək olan səhifələrində də həyəcan, təlatüm, məşəqqət, göz yaşları və dodaqqaçıran əhvalatlar az deyil…

"Atam ölümü ilə bizi sürgündən qurtardı"

Vaxtında sənədləşmə işi aparılmadığından, o illərdə doğulan uşaqların yaşını sonrakı vaxtlarda böyüklərin xatırlamaları və ya təxmini qoyublar. İlləri mühüm hadisələrlə, ayları isə yemişin gülləməyi, taxılın biçilməyi, pambığın birinci dərimi kimi mövsümi işlərlə yada salıblar.

Elə onunku kimi: "Mənim doğum tariximi də bir neçə gün, ya həftə xəta ilə təxmini qoyublar. İl dəqiqdir. Rayona güclü qar yağdığından, 1924-cü il uzun müddət "qalın qar ili" kimi xatırlanıb. Amma qardaşımın doğum tarixi 1923-cü il qeyd edilib. Halbuki o, məndən cəmi 5 dəqiqə böyükdür. Sənədindəki bu yanlışlığa görə onu cəbhəyə məndən 7 ay əvvəl yolladılar".

Mal-mülkü olduğundan Şura hökuməti atasına "qolçomaq" damğası vurub. Kollektivləşmə dövündə dəyirmanını əlindən alıb, özünü də 2 il həbsdə saxlayıblar. Azad ediləndən sonra atası kolxoza üzv olur.

© Sputnik / Ayaz YashilyarpaqFəzail Əhmədov
Fəzail Əhmədov - Sputnik Azərbaycan
1/5
Fəzail Əhmədov
© Sputnik / Ayaz YashilyarpaqMüharibə və əmək veteranı Fəzail Əhmədov ömrün 94-cü baharına sağlam ürək, iti hafizə ilə qədəm qoyub.
Müharibə və əmək veteranı Fəzail Əhmədov ömrün 94-cü baharına sağlam ürək, iti hafizə ilə qədəm qoyub - Sputnik Azərbaycan
2/5
Müharibə və əmək veteranı Fəzail Əhmədov ömrün 94-cü baharına sağlam ürək, iti hafizə ilə qədəm qoyub.
© Sputnik / Ayaz YashilyarpaqSon bir ildə Fəzail babanın hərəkəti məhdudlaşıb, açıq havada olmaq üçün yalnız həyətə düşür.
Son bir ildə Fəzail babanın hərəkəti məhdudlaşıb, açıq havada olmaq üçün yalnız həyətə düşür - Sputnik Azərbaycan
3/5
Son bir ildə Fəzail babanın hərəkəti məhdudlaşıb, açıq havada olmaq üçün yalnız həyətə düşür.
© Sputnik / Ayaz YashilyarpaqMüharibə veteranının həm də zəngin əmək bioqrafiyası var.
Müharibə veteranının həm də zəngin əmək bioqrafiyası var - Sputnik Azərbaycan
4/5
Müharibə veteranının həm də zəngin əmək bioqrafiyası var.
© Sputnik / Ayaz YashilyarpaqCəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədir. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçür.
Cəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədir. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçür - Sputnik Azərbaycan
5/5
Cəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədir. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçür.
1/5
Fəzail Əhmədov
2/5
Müharibə və əmək veteranı Fəzail Əhmədov ömrün 94-cü baharına sağlam ürək, iti hafizə ilə qədəm qoyub.
3/5
Son bir ildə Fəzail babanın hərəkəti məhdudlaşıb, açıq havada olmaq üçün yalnız həyətə düşür.
4/5
Müharibə veteranının həm də zəngin əmək bioqrafiyası var.
5/5
Cəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədir. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçür.

Amma bundan sonra da ailəni rahat buraxmırlar: "O vaxt bəzi qohumlarımız artıq repressiyaya məruz qalmışdı. 1939-cu ildə Qazaxstana sürgün olunmağımız barədə qərar verildi. Xəbəri eşidən kimi 96 yaşlı kişinin elə süfrə başında ürəyi sıxıldı. Uşaqlardan birinə tapşırdı ki, gedin Həsən kişini çağırın, gəlib "Quran" oxusun. Molla gəldi, başının üstündə dayanıb "Yasin" surəsini tamamlayınca kişi canını tapşırdı".

Fəzail baba deyir ki, əslində atası öz ölümü ilə onları sonrakı məşəqqətli günlərdən qoruyur — bu hadisədən sonra ailələri sürgün edilmir. Amma qəhrəmanımız 15 yaşında ikən məktəbdən çıxıb koxozda işləmək məcburiyyətində qalır.

Cəbhədən cəbhəyə

"Kolxoz təzə qurulan vaxtlarda texnika biz tərəfə gəlib çıxmamışdı. Bütün işlər əl əməyi ilə görüldüyündən isti aylarda gecə-gündüz sahələrdə olurduq. Bir dəfə o qədər bərk yorulmşdum ki, kəlin boynuna boyunduruğu salmağa gücüm çatmadı. Kimsə kolxoz sədrinə çuğullamışdı ki, özümü ağır işə vermirəm. Sədr gəlib məni itələdi, belim zərblə arabaya dəydiyindən quluncum batdı. Düz dörd ay yataqda qaldım. Elə yorğan-döşəyin içindən çıxarıb məni əsgərliyə apardılar", — müsahibimiz nəql edir.

Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov - Sputnik Azərbaycan
SOCAR-ın vitse-prezidentinin atası: "Bütün ordu rəhbərliyini asdılar"

Hərbi forma geyinən kimi bədənindəki ağrı-acılar çıxır. Onu artelleriya bölüyünə qəbul edirlər. Bu dəfə yükü daha ağır idi — 45 kiloqram olan top mərmisini atəş nöqtəsinə daşımalı olurdu.

Mozdok ətrafındakı yaşayış məntəqələri azad olunandan sonra, o, Krım cəbhəsinə göndərilir: "İtkilər hədsiz çox idi. Krım ətrafındakı meşələrdən nə qədər meyit çıxarırdıq, qurtarmaq bilmirdi".

Onunla eyni vaxtda cəbhəyə gedənlərdən biri, top atılanda torpağın altında qalır: "Elə presslənmişdi ki, yerə külüng də batmırdı. Onu güclə çıxartdıq. Amma daxili orqanları əzildiyindən Krasnodarda vəfat etdi".

8 saat mərmi yağışı altında…

1943-cü ildən başlayaraq cəbhədə dönüş yaranmağa başlayır — mühasirələr yarılır, düşmən nəzarət etdiyi ərazilərdən çıxarılırdı. Amma hər döyüş can almaqda davam edirdi.

Qəfil başlanan döyüşlərin birində gənc Fəzail də yaralanır: "Telefon xətti çəkib qayıdırdıq. Birdən atmağa başladılar. Taxıl zəmisindən keçib səngərə girəndə yanıma mərmi düşdü. Qolum qatlandı. Ayağa durmaq istəyəndə yıxıldım. Baxdım ki, sol ayağımın dabanı önə burulub. Dirsəyimi yerə dirəyib sürünə-sürünə topun altına girdim və düz 8 saat üzüqoylu qaldım. Tək məndən ötrü həmin yerə 12 "snaryad" atdılar. Onların hər birindən ayrılan qəlpə mənə dəydi, amma ölümcül yaralamadı".

Atışma dayanandan sonra döyüş meydanındakı yaralılar və meyitlər çıxarılır. Fəzaili və milliyətcə özbək olan başqa bir yaralı əsgəri 60 kilometr uzaqda olan səhra hospitalına aparırlar.

"O qədər yaralı vardı ki, 6 gün bizə heç baxan da olmadı. Sonra yaramızı təmizləyib sarıdılar və Krasnodara yola saldılar. Düz bir həftə də buradakı xəstəxananın dəhlizində döşəmə üzərində qalıb əməliyyat növbəmizi gözlədik", — deyir.

Sonra həkim onu müayinə edib qəlpələri çıxarmağın mümkünsüz olduğunu və budunun kəsilməli olduğunu bildirir: "Yalvarıb onu fikrindən daşındırdım. Yaralı ayağımı gibsə saldı, buradan Soçiyə göndərildim. İndiyədək o qəlpələr bədənimdədir. Amma elə zədəli ayaqla 50 il işləmişəm. Özü də deyim ki, ağır işlərdə də olmuşam".

Yası saxlanılan qardaşı evlərinə qayıdıb

Cəbhədə olan qardaşından bir müddət xəbər çıxmır. Evlərinə "qara kağız" gəlir. Onunla bir yerdə son döyüşdə olmuş əsgər yoldaşı Fəzailə deyir ki, "Həsən döyüşdən çıxmadı, ya ölüb, ya da əsir düşüb". Hətta əmiləri kənddə hüzür məclisi də təşkil edirlər.

Amma müharibə bitəndən az sonra Həsən əsirlikdən qayıdır: "O gələndə anam artıq vəfat etmişdi. Mən də nişanlanmışdım, toya hazırlaşırdıq. Dedim, dəqiqələr hesabı olsa da, məndən böyüksən, gəl əvvəl səni evləndirək. Razı olmadı. İllər sonra o da ailə qurdu. 10 ildən çoxdur vəfat edib. Hazırda oğlu polisdə işləyir".

"Nəvə-nəticələrimi saymaqdan ötrü gərək komissiya yaradıla…"

Müharibə veteranının həm də zəngin əmək bioqrafiyası var. Cəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədir. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçür. Mərkəzi Xəstəxanada, müxtəlif xidmət və tikinti təşkilatlarında çalışıb. Lokomativ Deposunadan təqaüdə çıxıb. Əmək fəaliyyəti ilə bağlı da təltifləri az deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

Fəzail kişinin 6 övladı olub: 2 oğul, 4 qız. Oğlunun biri vəfat edib. Nəvə və nəticələrinin sayını heç özü də bilmir. Zarafatla deyir ki, bundan ötrü komissiya yaradılmalıdır: "Törəmələrim az qala hər kənddə var. Hamısından razıyam, tez-tez gəlib məni yoluxurlar. Vaxtı, macalı olmayanlar isə mayın 9-da gəlirlər. Bu yaxında bir nəvəmin əkiz övladı olub".

Yaxın vaxtlaradək əl ağacı ilə piyada sərbəst gəzirmiş. Son bir ildə hərəkəti məhdudlaşıb, açıq havada olmaq üçün yalnız həyətə düşür. Cəbhədəki son hadisələrdn sonra evdə də rahat ola bilmir. Artilleriyada xidmət etdiyindən, uzaqvuran topların və digər mərmiuçuran silahların necə dağıdıcı olduğunu yaxşı bilir. O, heç olmasa nəvə və nəticələrinin sülh və əmin-amanlıq şəraitində sağlam həyat yaşamağını istəyir…

Xəbər lenti
0