BAKI, 4 may — Sputnik. Moskva ilə Ankara arasındakı gərginlik davam edir. "Bölgənin iki mühüm oyunçusu arasında yaşanan "soyuq savaş" nə zaman bitəcək?" sualı maraq doğurur. Vurğulayaq ki, Rusiya Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. "Soyuq savaş" başlayana qədər iki ölkə arasında 35 milyard dollarlıq ticarət mübadiləsi mövcud idi. 2020-ci ilə qədər Türkiyə və Rusiya arasındakı ticarət mübadiləsinin 100 milyard dollara çatdırılması nəzərdə tutulurdu.
Digər tərəfdən, Qərbin təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etməmişdi. Rusiya və Türkiyə arasında 40 milyard dollarlıq "Cənub axını" layihəsi də mövcud idi. Avropa Birliyi Türkiyəni özündən uzaqlaşdırdıqca, Ankara daha çox Moskva ilə yaxınlaşırdı. Qərb artıq bu yaxınlaşmadan narahat olduğunu bildirirdi.
Kənardan görünən bu idi ki, Ankara və Moskva arasında həll edilməmiş problem qalmayıb. Lakin "Suriya böhranı" dərinləşdikcə bölgədə yeni qarşıdurmanın yaranacağı istisna edilmirdi. Yaxın Şərq problemi bölgənin xəritəsini dəyişdirmək gücündə idi. Bu baxımdan, Rusiyanın Bəşər Əsədi dəstəkləməsi və "Krım böhranı" Ankara və Moskva qarşıdurmasının uzaqda olmadığını deməyə əsas verirdi.
Rusiyanın Avrasiyadakı enerji ehtiyatları üzərində nəzarəti davam etdirməsi və hətta bunu tam monopoliyaya çevirməsi ən mühüm hədəf kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Türkiyə də artan iqtisadi ehtiyacları və mövcud geopollitik situasiyada "yeni strateji missiya" axtarışlarında olması səbəbi ilə, enerji amilinə xüsusi önəm verməkdədir.
Türkiyə Rusiyadan fərqli olaraq, neft və təbii qaz kimi enerji ehtiyatları baxımından kasıb ölkədir. Bu da Türkiyəni getdikcə artan öz daxili tələbatını qarşılamaq və beynəlxalq sistemdəki strateji önəmini daha da artırmaq üçün qlobal əhəmiyyətli enerji tranzit ölkəsi və mərkəzi olma stratejisini güdməsini şərtləndirir. Bu strategiya isə Türkiyənin ətrafındakı enerji ehtiyatı bol olan ölkələrə xüsusi diqqət göstərərək, öz enerji təminatının müxtəlifliyini təmin etmə və enerji kəmərlərinin tranzit ölkəsi olması hədəfini həyata keçirməsində fəal olması mənasını daşıyır.
Türkiyə-Rusiya qarşıdurmasının Azərbaycana nə vəd etməsi ilə bağlı ən müxtəlif versiyalar üzərində düşünmək olar. Ankara xarici siyasətində öz maraqlarından çıxış edir və bu, normaldır. Xatırlatmaq lazım gəlir ki, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başlayan zaman Türkiyə Azərbaycan faktorunu unutmuşdu. O faktor ki, Türkiyənin daxilində siyasi proseslərə təsir etmək imkanlarına malik idi. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə start verilən kimi, Türkiyədəki 3 milyonluq Azərbaycan diasporu hərəkətə keçməyə başladı. Özlərini türk olaraq təqdim edən həmin 3 milyonluq kontingent qısa müddətdə ölkə ictimaiyyətini ayağa qaldıra bildi.
Onlar başa düşdülər ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almayıb. Qarabağ müharibəsi zamanı Azərbaycan diasporu Türkiyə ictimaiyyətinə təsir etmək üçün heç bir addım atmamışdı. Bu, Ankaranın Azərbaycana dəstək verməsi ilə izah edilə bilərdi. Lakin "Surix protokolları" zamanı situasiya fərqli idi. Türkiyə Ermənistanla yaxınlaşmağa başlayan zaman həmin 3 milyonluq Azərbaycan diasporu fərqlənməyə başladı və Türkiyədə daxili siyasətdə faktora çevrildi.
Bu, təqribən 2 milyon seçici deməkdir. Yəni Türkiyədəki ümumi səslərin 5 faizinə bərabər bir rəqəmdir. Belə olan təqdirdə Türkiyədə heç bir siyasi qüvvə belə böyük elektoratı əldən vermək istəməz.
Eyni situasiya Rusiya ilə münasibətlərin qurulması zamanı yaranır. Türkiyədəki 3 milyonluq Azərbaycan diasporu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqi olan Moskva ilə Ankaranın yaxınlaşmasına qarşıdır. Bir sözlə, Azərbaycan amili istər Rusiya, istərsə də Türkiyənin daxili siyasətində həlledici amilə çevrilməkdədir. Əslində, bu, Azərbaycanı bölgədə önəmli oyunçuya çevirir…