Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 27 apr — Sputnik. Səhv etmirəmsə, hansısa rejissor sosial şəbəkələrin birində yazmışdı ki, rəssama, fotoqrafa "məni də çək", şairə, yazıçıya "məndən də yaz", musiqiçiyə "mənim üçün də oxu", aktyora "mənim üçün də bir lətifə danış" demək olmaz. Sənətkar doğru yoldadır; çünki özünə hörmət eləyən heç bir sənət adamı bu cür ərkyana "zakaz"lardan məmnun deyil. Əksinə, bu qədər arzu və istəkdən narahatlıq duyur, yeri gələndə əsəbləşir, işinə can qızdıra bilmir.
İnsanlarımız isə, sənətkar geri gedəndə beş üstünə şığıyıb, onu həyatdan bezdirir, rahatlıq vermirlər. Fikrimcə, yazıçı ilə oxucu metroda, avtobusda, "Facebook"da deyil, kitabda; aktyorla tamaşaçı kafedə, restoranda deyil, mavi ekranda görüşsə, daha yaxşıdır. Belədə aradakı bağlar qırılmır, hər kəs öz boynuna düşən işlə məşğul olur; nə şiş yanır, nə kabab.
Özümdən misal gətirirəm. Bir dostum vardı, hər dəfə görəndə deyirdi, "mənə bir şeir yaz, qıza oxuyacam". Dinəndə söz verib, başımdan eləyirdim ki, mənim yazdığım şeir o qıza layiq deyil, daha yaxşısını sən özün yaza bilərsən. Bir belə, beş belə… axır ilişdim. Pivə içməyə pul lazım idi, götürüb sicilləmə bir şey yazdım. Şeiri ona, aldığım pulu pivəyə verəndən bir-iki saat sonra zəng vurdu ki, dərd dəysin sənin yazdığın şeirə, qızla ayrıldıq, pulumu qaytar.
Dediyim nədir, bir dəfə dərs verdim, ondan sonra adam mənim həndəvərimə fırlanmadı. Elə indi də küsülüyük. Nə mən ona zəng edirəm, nə o, məni axtarır. Bir sözlə, ondan sarı rahatam. Ancaq o, tək deyil. Bir aləmdir qırılmışlar. Hansı birinə söz yetirəsən, güc çatdırasan? Hamısı ilə mübarizə aparmağa qalxsan, ömrün çatmaz.
Bəli, bu gün cəmiyyətimizin ən böyük bəlası sənət adamına münasibətdə ölçünü gözləməməsidir. Bəlkə də bir çox şair və yazıçılarımızın öz səhvidir ki, sosial şəbəkələrdə oxucu ilə dilləşir, onunla üz-göz olurlar. Buna da səbəblər var, reallığı hamımız gözəl bilirik: çoxunun çap olunmağa yeri, oxucuya çatmağa hər hansı özgə bir mexanizmi yoxdur, Azərbaycanda yaşayırıq.
Hər halda onlar səhv eləmiş olsalar belə, bu, insanlara haqq vermir ki, ölkənin mədəniyyətinin bir parçası olan adamları ələ sala, onlara ağıl öyrədə, yeri gələndə haqq-hesab soruşalar; çünki yaradıcı adamdan haqq-hesab soruşulmaz, necə ki, Tanrıdan haqq-hesab soruşa bilmirik. Hər bir yaradıcı adam da öz dünyasını yaradır, bir növ yaradandır. Oxucuya sadəcə tənqid haqqı verilir, onu da bacarmırsa, gərək susa. Əsaslandıra bilməyəcəksə, onun bir əsəri bəyənib-bəyənməməsi kimsəyə maraqlı deyil.
Azərbaycanda yaşayırıq, bəli. Bütün bunları kiməsə izah etmək mümkün deyil. Və ən ağrılı məsələ: burada bir belə problemin içində inzivaya çəkilmək də olmur. Ölkənin problemlərini, hər vəchlə həyatımızın bir parçası olmağa çalışan sosial şəbəkələri qoy bir yana. Evdə bir bölük ailə sənin əlinə baxır, o insanlar sənin qazandığın beş-üç qəpik pula möhtacdır. Məcbur küçəyə çıxmalı (adamlar orada da səni milyonlardan biri kimi görürlər), kimlərinsə suallarına cavab verməlisən.
Bəli, milyonlar səni özlərindən biri kimi görməməlidir. Məncə, kitaba, filmə, musiqiyə münasibət də burdan başlayır. Sən fərqli olmalısan, bunun üçün şəraitin olmalıdır. Biz Avropada yaşamırıq, aşağı-yuxarı hamımızın önyarqımız var. Misal üçün, mən atama hər hansı yaxından tanıdığı, kaprizlərinə, primitiv şəkildə desək, zir-zibilinə bələd olduğu bir adamın kitabını versəm, "ə, bu nə adamdır, nə yaza" deyib, keçəcək. Ona görə də, 37-ci ildə ziyalılarımızın çoxunu sürgünə göndərsə belə, bu məsələdə model olaraq Sovet hökumətini bəyənirəm.
Sovet hökuməti yaradıcı adamları gözünün üstündə tuturdu, başda oturdurdu, təbii məsələdir ki, insanlar da bu diqqət və qayğını görüb, o adamların kitabını oxuyur, filminə dörd gözlə baxır, sərgisinə gedirdi. Əlbəttə, təmənnasız eləmirdi. Zatən təmənnasız olsaydı, onun dağılmasına təəssüflənərdim…
Misal üçün, deyəsən, yazar dostlarımızdan hansısa demişdi ki, bugünkü hakimiyyət əlini təmənnasız şəkildə hər hansı bir istedadlı adamın çiyninə, adamın özü bir yana, onun kitabının üstünə qoysa, dilə-dişə salsa, sabah görəcəksiniz ki, ölkənin müəllimindən tutmuş, fəhləsinə qədər hamı o kitabı oxuyacaq. Oxuyacaq ki, filankəs dəstəkləyirsə, demək, nəsə var.
Sonradan isə ağına-bozuna baxmadan, "Ulduz" filmində Ulduzun dediyi kimi, "şeirə, şeiriyyata hörmət xatirinə" də olsa, qabağına nə keçdi, oxuyacaq insanlar. Tələb meydana çıxacaq. Belədə isə min ildir, xəyalını qurub, üzünü görə bilmədiyimiz kitab bumu da öz-özündən yaranacaq, M.Ə.Sabir demiş, "yağı yağ üstə çıxıb, ayranı ayranlıq olacaq".
Təəssüflər olsun, reallıq başqa cürdür, oxunan, oxutdurulanlar tamamilə sənətə yad adamlardır. Nəsə yaratmaq eşqilə yaşayanlar isə bir qarın çörək üçün özünü oda-közə vurur ki, oğul-uşağını böyüdə bilsin.