BAKI, 18 apr — Sputnik. "Qətərin paytaxtı Dohada neft hasilatının "dondurulması" ilə bağlı razılığın əldə edilməməsinin dünya bazarında neftin qiymətlərinə mənfi təsiri olacaq. Bazarlarda müəyyən ümidlər var idi ki, hasilatın kəskin artmayacağı ilə bağlı razılaşma olacaq. Amma bu baş vermədi".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, burada tək İran deyil, Liviya və İraqın da mövqeyi fərqli idi: "Liviyanın potensialı 1,5 milyon bareldir. Yaxın aylarda Liviya həmin potensialı reallaşdırmağı düşünür. İraqla bağlı da təklif var idi ki, ölkə ərazisində terrorla mübarizə, hərbi əməliyyatlar getdiyinə görə, kvota onlara aid olunmasın. Bəzən onlar məcburən hasilatı müəyyən müddətdə azaltmağa və yaxud saxlamağa gedə bilirlər. Bütün bunlar sonda razılaşmanın imzalanmaması ilə nəticələndi".
Ekspert artıq neftin qiymətinin 5 faiz azaldığını qeyd edib: "Avropa və Amerikada birjalar fəaliyyətə başlayanda qiymətin daha sürətlə aşağı düşməsinin şahidi olacağıq. Yaxın həftələrdə, ən azından neftin qiymətinin 35-39 dolar arasında dəyişəcəyinin şahidi ola biləcəyik".
N. Cəfərlinin qənaətincə, bu görüş bir daha sübut etdi ki, OPEC neft bazarında əvvəlki ciddi rolunu itirmək üzrədir: "İyun ayında keçiriləcək növbəti görüşdə OPEC-dən hər hansı bir ciddi qərarların qəbul olunması ehtimalı getdikcə azalır. Çünki, OPEC-in verdiyi qərarlara nəzarət mexanizmi yoxdur. Bu, dəfələrlə sübut olunub. Bir neçə dəfə OPEC ölkələri hasilatın 31 milyon barel səviyyəsində olacağını bəyan etsələr də, sonradan hesabatlardan məlum olurdu ki, OPEC ölkələri özlərinə qoyduğu kvotanı 2-3 milyon barel artıq keçirlər. Bu, iqtisadçılar arasında qeyri-ciddilik yaradırdı".
Ekspert hesab edir ki, gündəlik 10.4 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanı, bunu 2-3 milyon barel azaldarsa, o zaman bazarlara ciddi təsir göstərə bilər: "Səudiyyə Ərəbistanının bu qərarı verməsi ehtimalını çox aşağı qiymətləndirirəm. Çünki, bazarları itirmək istəmir. Belə olan təqdirdə İran, Liviya və digərləri Səudiyyə Ərəbistanının əlində olan bazarları tutmağa çalışacaq".
"Bunun neft hasilatçısı olan ölkələrin, o cümlədən Rusiyanın, Qazaxıstanın, Azərbaycanın milli valyutalarına təsiri olacaq. Əsasən də Rusiyanın rubluna ciddi təsiri olacaq. Bu həftə neftin ardınca rublun da dəyərdən düşməsi ehtimalı yüksəkdir. Təngənin də dəyərdən düşməsi ehtimalı var. Ətrafda belə hadisələr baş verərkən Azərbaycan manatına da təzyiqlər artır", —deyə ekspert bildirib.
Onun fikrincə, neftin qiymətinin qalxması üçün hasilatın "dondurulması" və İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yenidən normallaşması lazımdır: "İranın görüşə qatılmaması neft idxal edən ölkələrə sərf edir. Nəzərə alaq ki, İranda neftin çıxarılmasının maya dəyəri 5 dollardan aşağıdır. Neftin qiymətinin dünya birjasında 15-20 dollaradək düşdüyü təqdirdə, yenə də İran tərəfinə bu, sərf edir. Çünki, neftin maya dəyəri aşağıdır".
"İran neftində əsas pay sahibi dövlətdir. Gəlirlər dövlətin büdcəsinə gedir. İran iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Sanksiyalar dövründə də İran iqtisadiyyatı nəinki aşağı, əksinə yüksəlməyə doğru getdi. Ümumilikdə yenə də neftin qiyməti aşağı olaraq qalacaq", —deyə N. Hacızadə əlavə edib.
Ekspert onu da vurğulayıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dolların bahalaşması ilə nəticələnəcək.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada OPEC-in keçirdiyi görüşdə neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində "dondurulması" barədə razılıq əldə edilməyib. Qətərin neft naziri Muhammed bin Salih El Sada toplantıdan sonra verdiyi açıqlamada deyib ki, görüşə qatılan ölkələr hasilatın dondurulması ilə bağlı qərarın verilməsi üçün daha çox zamana və müzakirəyə ehtiyacın olduğu barədə qərar verdi.
Qətərin neft naziri bildirib ki, fevral ayında Dohada keçirilən görüşdə verilən qərardan sonra neftin qiymətində yüksəlmə müşahidə olunurdu. Amma 15 ölkənin qatıldığı bu görüşdə razılaşmanın əldə edilməməsi bu yaxşılaşmanın uzunmüddətli olmayacağını qeyd edib.
Beynəlxalq Enerji Agentliyinin son yayınladığı "Aylıq neft bazarı hesabatı"na görə, OPEC-in xam neft istehsalı martda bir əvvəlki aya görə gündəlik 90 min barel enişlə 32.47 milyon barel olaraq reallaşmışdı.